Fev
2019
13:15
24
151
3413
Virtual karabakh

Azərbaycan “Avroviziya”da duetlə təmsil olunacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu il İsrailin paytaxtı Təl-Əviv şəhərində may ayında baş tutacaq “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil etmək istəyən namizədlər arasından Samirə Əfəndi, Çingiz Mustafayev, Tofiq Hacıyev, Ləman Dadaşova finala vəsiqə qazanıb.

Seçim turlarının qapalı şəkildə keçirilməsi sosial şəbəkələrdə etirazlarla qarşılanıb. İzləyicilər seçimlərin şəffaf şəkildə keçirilməli olduğunu yazıblar. 

Tamaşaçıları maraqlandıran bu və digər suallara  Azərbaycanın “Avroviziya-2019” mahnı müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova Oxu.Az-a açıqlamasında cavab verib. 

“Artıq altı ildir ki, iştirakçıların seçimləri qapalı yolla keçirilir. Bu isə Avropa Yayımları Birliyinin qərarıdır. İştirakçıları seçən kommisiya üzvlərinin adları da hələlik gizli saxlanılır. Seçimlərin tam şəffaf olması istəyindən irəli gələn məsələdir. Mart ayında Azərbaycanı “Avroviziya-2019”da təmsil edən iştirakçı bəlli olduqdan sonra kommisiya üzvlərinin adları ictimaiyyətə açıqlanacaq”.

Bundan əvvəlki illərdə, “Avroviziya” mahnı müsabiqəsində ölkəmizi solo ilə yanaşı, duet şəklində də təmsil edən iştirakçılarımız olub. Məlumatlara görə, bu il Azərbaycandan mötəbər yarışmaya iki iştirakçı vəsiqə qazanacaq. Bu məlumatın nə dərəcədə düzgün olub-olmamasına H.Məhərrəmova belə münasibət bildirib:

“Azərbaycanı bir neçə il bundan öncə duet şəklində Elnur Hüseynovla Samir Cavadzadə, Eldar Qasımovla Nigar Camal və Aysel Teymurzadə ilə Araş mükəmməl şəkildə uğurla təmsil ediblər. Hazırda dörd iştirakçı üzərində kommisiyanın nümayəndə heyəti ciddi seçimlər aparır.

Təbii ki, təmsilçinin solo və ya duet şəklində seçilməsi halı istisna deyil. Bütün bu məqamları ölçüb-biçən isə yalnız münsiflər heyətidir. Mənim hazırda bu suala konkret bir fikir söyləməyim doğru olmaz. Bu kimi məsələlərə mart ayında aydınlıq gətiriləcək”.

“Avroviziya” bir mahnı yarışmasıdır. Orada səslənəcək mahnının seçimi olduqca çətin və mürəkkəbdir. Son illərdə isə daha çox xarici bəstəkarların yazdığı mahnılara üstünlük verilir.

“Bu il eyni hal təkrarlanacaq?”, - sualına isə Məhərrəmovanın cavabı belə olub:

“Mahnı seçimlərinə start verdikdən sonra ötən illərdən fərqli olaraq, rekord sayda mahnı göndərilib. Onların sayı 350-dən çoxdur. Bir çox Avropa ölkələri ilə yanaşı, okeanın o tayından, ABŞ-dan belə mahnı göndəriblər. Bizi, sözün həqiqi mənasında, heyrətləndirən fakt isə Cənubi Amerikadan, yəni Braziliyadan elektron poçta gələn mahnı oldu. Bu qədər marağın olduğunu ağlımıza gətirməzdik.

Bu isə bizim üçün çox sevindirici haldır. Elektron ünvanımıza gələn mahnılar arasında xarici bəstəkarlarla yanaşı, Azərbaycan musiqiçilərinin də əsərləri kifayət qədərdir.

Diqqət çəkən məqamlardan bir isə onların istedadlı, kreativ düşüncəli və olduqca zövqlü gənclər olmasıdır. Onu da nəzərinizə çatdıraq ki, artıq ötən gündən etibarən mahnı qəbulunu rəsmən dayandırmışıq. Seçimlər ancaq elektron ünvanımıza gələn mahnılar arasında aparılacaq”.

“Mahnı üzərində seçimlər hansı meyarlar əsasında aparılacaq?”, - suallarına isə “Avroviziya-2019” mahnı müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri belə münasibət bildirib:

“Elektron poçtumuza gələn mahnıların sayı çoxdur. Onların janrları isə biri-birindən fərqlənir. Mahnılar dinlənilərək, seçiləcək. Bu istiqamətdə ən doğru seçimi isə yenə də komissiyanın üzvləri edəcək. Mart ayının ortalarından sonra “Avroviziya-2019”da səslənəcək mahnı tamaşaçılara təqdim olunacaq”. 

“Artıq biz bir neçə Avropa ölkəsindən dəvət almışıq. Hazırda promo turların sayı tam bəlli olmasa da, onu deyə bilərəm ki, London, Amsterdam və Madrid şəhərinə səfərlərimiz gözlənilir. Hər şey zamana bağlıdır”, - Məhərrəmova Azərbaycanı təmsil edəcək iştirakçının gələcək aylarda Avropanın bir sıra ölkələrinə promo turlarının təşkili ilə bağlı danışarkən bildirib.

Rəşad Əliyev

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri