Bu gün əksər saytlarda müğənni Elza Seyidcahanın təyyarədə konsert verəcəyi ilə bağlı xəbərlər yer alıb.
Müğənni bildirib ki, konsert Bakı-İstanbul reysində baş tutacaq: “Azərbaycandan qardaş ölkəmizə gedən insanları feyziyab edəcəyəm".
Artıq bu xəbər sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb və “Azərbaycan Hava Yolları” QSC bu məsələdə qınaq obyektinə çevrilib.
Oxu.Az xəbər verir ki, musavat.com Elza Seyidcahanın təyyarədə konsert verəcəyi ilə bağlı məlumata AZAL-ın mövqeyini öyrənməyə çalışıb.
AZAL-ın xıdmət rəisi Məhərrəm Səfərli müsavat.com-a açıqlamasında bildirib ki, belə bir konsertdən söhbət gedə bilməz:
“Hər adam bir söz deyir, saytlar da götürüb, bunu xəbər edirlər. Mətbuat belə şeyləri yazmamalıdır. Bizim bundan xəbərimiz yoxdur. Elza Seyidcahan bizim təyyarələrdə heç vaxt konsert verə bilməz.
O, yalnız 200 sərnişinə Bakı–İstanbul–Bakı reysi ilə bilet alıb, təyyarənin icarə haqqını ödədikdən sonra konsert verə bilər. Ancaq bizim istənilən istiqamətdə olan reyslərimizdə Elza Seyidcahan konsert verə bilməz.
Bizdə sərnişinlər oturan kimi təyyarə bələdçisi tələb edir ki, təhlükəsizlik kəmərlərini bağlayın.
Elza Seyidcahan konsert verəcəksə, orada mütləq rəqs etməlidir, bu da təhlükəsizlik qaydalarına ziddir. Təyyarədə necə konsert ola bilər? Bəlkə elə sərnişin var ki, Elzanı dinləmək istəmir. O zaman biz sərnişinlərə cəza veririk? Bu, heç vaxt ola bilməz”.
12.11
Əməkdar artist Elza Seyidcahan təyyarədə verəcəyi konsertinin hazırlıqlarına başlayıb.
Oxu.Az lent.az-a istinadla xəbər verir ki, əməkdar artistin bildirdiyinə görə, artıq konsertin adı da bəllidir:
“İki ildir ki, bu ideyamı layihələşdirmişəm. Bilirsiniz ki, böyük bir layihəni həyata keçirmək üçün güclü sponsorlar lazım gəlir. Bu konsert çox fərqli olacaq.
Demək olar ki, bu gecənin analoqu olmayacaq. Təyyarədə verəcəyim konsertdə gözəl bəstələrimdən savayı, yeni mahnılarımı da oxuyacam. Düşünürəm ki, çox maraqlı olacaq.
Həmin gecədə geyindiyim libas, saç düzümü hər biri fərqli görüləcək. Konsert isə Bakı-İstanbul reysində baş tutacaq, Azərbaycandan qardaş ölkəmizə gedən insanları feyzyab edəcəyəm”.
Rəylər