İyn
2017
16:50
46
278
18806
Virtual karabakh

Bakıda iş adamlarının qarşıdurması: Kimdir günahkar? – AÇIQLAMA + VİDEO + YENİLƏNİB

9 İyn, 2017
16:50
18806

Bakıda iş adamlarının qarşıdurması: Kimdir günahkar? – AÇIQLAMA + VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Binəqədi rayonunda yerləşən “Safastore” mağazasının önündə “Riyad” Mühafizə Xidmətinin əməkdaşları ilə marketin işçiləri arasında qarşıdurmadan sonra bir neçə şəxs, eləcə də, mağazanın yerləşdiyi obyektin sahibi Azadxan Xanməmmədov polis tərəfindən saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, A.Xanməmmədovun vəkili Ceyhun Yusifov qafqazinfo-ya açıqlamasında bildirib ki, baş verən hadisənin müdafiə etdiyi şəxsə birbaşa aidiyyəti yoxdur: “Həmin obyekt Azadxan müəllimin mülkiyyətindədir, qarşı tərəf isə sahiblik hüququmuzu həyata keçirməyə əngəl yaradır. Buna görə də qanunvericiliyə uyğun olaraq “Riyad” Mühafizə Xidməti ilə müqavilə imzalamışıq. Bundan sonra icra haqqını ödəməsə də, həmin yerdə fəaliyyət göstərən Faiq adlı şəxslə mübahisədə iştirak etməmişik. Ümumiyyətlə, orada baş verənlərin şahidi olmamışıq, görməmişik. Mübahisə baş verən zaman əməkdaşlardan biri Azadxan müəllimə telefonla məlumat verəndə, o, Nizami rayonu ərazisində olub. Hadisənin necə baş verməsi haqda bizdə heç bir məlumat yoxdur. “Riyad” Mühafizə Xidməti fəaliyyətini özü tənzimləyir. Bizim işimiz müqavilə imzalamaqdır. Müqavilə də obyektin mühafizəsinin təmin edilməsi məqsədi ilə bağlanılıb. Mühafizə Xidmətinin əməkdaşları kənar şəxslərin obyektə qanunsuz daxil olmasının qarşısını alıblar. Bu da qanunvericiliyə tam uyğundur”. 

C.Yusifov qeyd edib ki, A.Xanməmmədov barəsində Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başladılıb: “Azadxan müəllim cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq davam etdirilir. Hazırda polisin nəzarətindədir, onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimat veriləcək.

İstintaq tərəflər arasındakı münaqişəni aydınlaşdırmaq əvəzinə, məsələni elə bir formaya gətiriblər ki, guya Azadxan müəllimin göstərişi ilə olub. Bu, tamamilə absurddur.

Həmin obyektlə bağlı qarşı tərəfin əlində rəsmi sənəd varsa, onu təqdim etsinlər. İnamdan həmin sahəni icrayə götürmək məqsədi ilə münasibət qurulubsa, bu gün həmin münasibətdən irəli gələn halı qanunvercilik tənzimləməlidir. Həmin obyektin Azadxan Xanməmmədovun xüsusi mülkiyyəti olması barədə 19.05.2011-ci il tarixli çıxarış var”.

8 iyun (15:30)

Hadisədən sonra Daxili İşlər Nazirliyi məlumat yayaraq faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıldığını və 13 nəfər saxlanıldığını açıqlayıb.

8 iyun (14:20)

Bu gün səhər saatlarında Riyad Mühafizə xidmətinin 20-yə yaxın əməkdaşının Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 D ünvanında yerləşən “Safastore” mağazasına hücumun səbəbi məlum olub.

Mağazanın həqiqi sahibi olduğunu deyən iş adamı Azadxan  Allahqulu oğlu  Xanməmmədov Oxu.Az-a açıqlamasında, mətbuata ötürülən xəbərlərin yanlış olduğunu bildirdi:

“Bu gün Binəqədi rayonu, M.Cəlal küçəsi 1D ünvanında baş vermiş hadisə ilə əlaqəli mətbuata tamamilə səhv informasiya verilib. Nəzərinizə çatdırıram ki, 2012-ci il tarixindən etibarən Feyidov Faiq Sadiq oğlu mənə məxsus 526kv.m, 577kv.m,377kv.m və 640kv.m.qeyri-yaşayış sahəsini zəbt edib və həmin sahədə qanunsuz olaraq “Safastore” adı altında supermarket fəaliyyəti ilə məşğul olur. Mənim əmlaklarımın bu günə kimi nə icarə haqqı, nə də dəyəri ödənilib. Bir daha nəzərinizə çatdırıram ki, əmlaklarımı zəbt edib. Bütün bu yazılanların sübutu var”.

A.Xanməmmədov məsələ ilə bağlı Baş Prokrorluğa, Daxili İşlər Nazirliyinə, Binəqədi rayon məhkəməsinə rəsmi surətdə müraciət edib.

“Safastore” MMC-nin rəhbərliyi də bu səhər baş vermiş insidentə görə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət ünvanlayacağını açıqlayıb.

Xatırladaq ki, səhər qafqazinfo-nun yaydığı xəbərdə mühafizəçilərin mağazanın keçmiş sahibi Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunub. Onlar ictimai asayişi kəskin şəkildə pozaraq supermarket əməkdaşlarına ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb. Qarşıdurma zamanı Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirildiyi qeyd olunub.

Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahibi isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir.

Zülfiyyə Qurbanova

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri