Bir müddət əvvəl xəbər verdiyimiz kimi, martın 3-də ABŞ-ın paytaxtı Vaşinqtonda Qarant Media Holdinq və “National Geographic” jurnalı arasında müqavilə imzalanıb və jurnalın Azərbaycanda çap hüququ əldə olunub.
Qarant Media Holdinqdən Oxu.Az-a verilən məlumata görə, “National Geographic Azərbaycan” heyəti hal-hazırda jurnalın nəşri üzərində çalışır və oxucularının qarşısına bir-birindən maraqlı materiallarla gəlmək üçün səylərini əsirgəmir.
“National Geographic” jurnalının ilk buraxılışı 2014-cü ilin sentyabr ayından etibarən oxucuların ixtiyarına veriləcək. Azərbaycan dilində nəşr olunacaq jurnal oxucuların diqqətinə səbəb olacaq maraqlı mövzular, reportajlar və fotoşəkillərlə onların qarşısına gələcək.
“National Geographic” jurnalında yer alacaq məktublar bölməsində jurnalın oxucuları öz təəssürat və gözləntilərini, jurnalla bağlı təbrik, arzu və təkliflərini bölüşə bilərlər. Artıq ilk nömrələrdən öz məktubunu jurnalın səhifələrində görmək istəyən oxucular məktub yazıb onu [email protected] e-mail ünvanına yollaya bilərlər. Redaksiyaya göndərilmiş məktublar arasında ən maraqlı olanları seçiləcək və artıq ilk nömrədə çap olunacaq.