26 
İyl
2018
13:58
367
34
22005
Virtual karabakh

Azərbaycanda prokuror işdən çıxarıldı, köməkçisi həbs olundu

26 İyl, 2018
13:58
22005

Azərbaycanda prokuror işdən çıxarıldı, köməkçisi həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı rayon prokuroru işdən çıxarılıb, köməkçisi isə həbs edilib.

Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan bildiriblər.

Məlumata görə, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı cinayət işinin başlanmaması üçün 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən alması barədə şübhələr yaranıb və faktla bağlı Baş prokuror tərəfindən F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.

F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.

İş üzrə F.Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaq hallarına yol verilməsi müəyyən edilib.

Eyni zamanda, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun 25 iyul 2018-ci il tarixli əmri ilə F.Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ü.Abbasov isə vəzifədən azad olunub.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, deyə, prokurorluqdan bildiriblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri