Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Polis mülki geyimdə də karantin rejiminin pozucularına qarşı tədbir görə bilər - RƏSMİ + VİDEO
Mülki geyimli polis əməkdaşlarının karantin rejim qaydaları ilə bağlı inzibati tənbeh tədbirləri görməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılır.
İddia edilir ki, mülki geyimli polis əməkdaşları onları saxlayıb, barələrində tədbir görür.
Bununla bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, bununla bağlı hər hansı məhdudiyyət yoxdu:
“İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında polis əməkdaşları xidməti və mülki geyimdə fəaliyyət göstərə bilər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur.
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qaydalara əməl etməyən şəxsləri müəyyən etmək üçün polis əməkdaşları qanundan irəli gələn bu təcrübədən istifadə edir.
İnzibati xətanı aşkar edən mülki geyimli polis əməkdaşı xidməti vəsiqəsini təqdim etməklə, inzibati xəta törədən şəxsi müvafiq polis orqanına təhvil verir.
Əsasən tibbi maskalardan istifadə etməyən, sosial məsafəni gözləməyən, aktiv koronavirus xəstələrinin profilaktikasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulmasına zəmin yaradan şəxslər aşkarlanaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür”.
Könül Cəfərli
Rəylər