Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Siyavuş Novruzov iclas keçirdi
Yanvarın 19-da parlamentin Regional məsələlər komitəsi videoformatda ilk iclasına toplaşıb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
İclasdakı bütün çıxışlarda 2020-ci ilin payız sessiyasının tariximizə qızıl hərflərlə yazılan dövrə təsadüf etdiyi vurğulanıb.
Qeyd edilib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı zəfər nəticəsində torpaqlarımız işğaldan azad olunub.
Həmin dövrdə Milli Məclisin rəhbərliyi və deputatlar beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları ilə bağlı həqiqətləri çatdırmaq istiqamətində fəallıq nümayiş etdiriblər.
Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində fəal çıxışlar edilib, milli parlamentlərə müraciətlər ünvanlanıb.
Onlayn iclasda 2020-ci ilin payız sessiyası dövründə komitədə görülən işlərin hesabatı təqdim olunub. Bildirilib ki, ötən il dünyanı cənginə alan COVID-19 pandemiyası ilə əlaqədar olaraq komitə payız sessiyası dövründə də koronavirusa qarşı mübarizə tədbirlərini dəstəkləyib və iclasların onlayn formatda keçirilməsinə üstünlük verib. Beləliklə, hesabat dövründə Regional məsələlər komitəsi 9-u onlayn olmaqla 13 iclas keçirib. İclaslarda 27 məsələ müzakirəyə çıxarılıb, 25 qanun layihəsi plenar iclaslara tövsiyə edilib və hamısı Milli Məclisdə qəbul olunub.
Hesabatda vurğulanıb ki, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların qəbulu məsələsində də onlayn və elektron müraciətlərə üstünlük verilib, ərizə və şikayətlərin araşdırılmasına, müvafiq tədbirlər görülməsinə həssaslıqla yanaşılıb.
Komitə sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, hesabat dövründə komitəyə 600-ə yaxın müraciət daxil olub və həll edilib. Sorğular və məktublar vaxtında cavablandırılıb. Deputatlar vətəndaşlarla, seçicilərlə iş istiqamətində fəaliyyətləri barədə komitə iclaslarında müntəzəm olaraq hesabat xarakterli məlumatlar veriblər.
2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı haqqında danışan komitə sədri bildirib ki, bu sənəd həm qanun yaradıcılığını, həm də müxtəlif səpkili tədbirləri əhatə edir.
Siyavuş Novruzov qeyd edib ki, yaz sessiyası dövründə şəhər, kənd və qəsəbələr üzrə Milli Bələdiyyə Assosiasiyalarının rəhbərləri ilə, gənc bələdiyyə sədrləri və qadın bələdiyyə sədrləri ilə parlament dinləmələrinin keçirilməsi də məqsədəuyğundur.
İclasda çıxış edən komitə sədrinin müavini Elşən Musayev, deputatlar Tahir Rzayev, Kamran Bayramov, Aqil Məmmədov, Səttar Möhbalıyev, Cavid Osmanov payız sessiyası dövründə komitədə böyük işlər görüldüyünü vurğulayıb, hesabat dövrünün çox məhsuldar olduğunu qeyd ediblər. Daha sonra yaz sessiyasının iş planına dair bir sıra təkliflər irəli sürülüb.
Müzakirələrin yekununda hesabat məqbul sayılıb. İş planı təkliflər nəzərə alınmaqla qəbul olunub. Komitədə baxılan məsələlər parlamentin plenar iclasına tövsiyə edilib.
İclasda komitənin üzvləri Malik Həsənov, Nizami Cəfərov, Emin Hacıyev, Məzahir Əfəndiyev, Əliabbas Salahzadə, Səbinə Xasayeva da iştirak ediblər.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib
Rəylər