Macarıstanın Eqer şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Finala gedən yolda Azərbaycan millisinin iki idmançısı da mübarizə aparıb.
Oxu.Az Boks Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 60 kq-da Tağı Nəsibov yerli Daniel Frankla qarşılaşıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə qələbə qazanaraq finala yüksəlib. O, həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gələcək.
Abbasqulu Şadlinski (71 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. O, yarımfinalda Rastislav Aniskodan (Slovakiya) güclü olub - 5:0 (29:27, 29:28, 29:28, 29:28, 29:28). Şadlinski finalda Arpad Jamborla (Macarıstan) qarşılaşacaq.
Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.