31 
Avq
2015
13:15
60
28
10192
Virtual karabakh

Sərhədsiz Mxitaryan

31 Avq, 2015
13:15
10192

Sərhədsiz Mxitaryan

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əgər jurnalist sualı düzgün qoysaydı, Platini birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyərdi.

Rusiyanın məşhur idman portalı “Sports.ru”da erməni jurnalisti Ararat Mamberyanın “Henrix Mxitaryan nəyə görə Bakıya gedib Azərbaycan komandasına qarşı oynamalıdır?” adlı məqaləsi dərc edilib.

Xatırladaq ki, UEFA-nın Avropa Liqasının pley-off mərhələsini keçdikdən sonra Azərbaycanın “Qəbələ” klubu, aparıcı futbolçularından biri, Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanın olduğu Almaniyanın “Borussiya Dortmund” komandası ilə bir qrupa düşüb. 

Püşkatmanın nəticələrinin elan edilməsindən bir neçə saat sonra müxtəlif KİV-də Mxitaryanın personası ətrafında müzakirələr başlandı. Məsələ isə belə qoyulmuşdu – Azərbaycan bu futbolçunu ölkəyə buraxmalıdırmı?

Gəlin, bu məsələnin ortaya çıxma səbəblərindən danışaq. Həqiqətən təəccüblüdür, axı daha öncə də Azərbaycan, o cümlədən də Avropa Oyunlarında erməni idmançılarını qəbul edib və idmanı və siyasəti eyniləşdirməyən ölkəmiz Avropa tərəfindən də alqışlanan ədalətli mövqedən çıxış edib.

Amma Mxitaryan məsələsində necə deyərlər “bıçaq sümüyə dayandı” – rəsmi strukturlar bu məsələ ilə bağlı bəyanatla çıxış etməyiblər, amma ictimaiyyətin mövqeyi aydındır – Mxitaryanı Azərbaycana buraxmaq olmaz!

Belə ki, bu, Ermənistan tərəfindən işğal edilmiş, bütün dünya tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ torpaqlarına 2011-ci ildə səfər edən və Azərbaycanın “qara siyahısına” düşən və ölkəmizə giriş üçün yolu bağlı olan şəxsdir.

“Mxitaryanın səfərinin səbəbi xeyriyyə məqsədi daşıyırmış. Hər il “Artsax” ailələri Mxitaryandan məişət texnikası: soyuducu, paltaryuyan maşın, televizorlar hədiyyə alır. Erməni jurnalisti məqaləsində “Mxitaryanın 2009-cu ildən 2012-ci ilə qədər “Stepanakertə” (Xankəndi – red.)” getdiyini yazır:

“Eləcə də Henrix regionda futbolun populyarlaşmasını dəstəkləyirdi. O zaman Donetskin “Şaxtyor” klubunun futbolçusu olan Mxitaryan bir müddət sonra artıq alman klubunun futbolçusu olanda, Azərbaycan Respublikasına girişin onun üçün qadağan ediləcəyini ağlına belə gətirə bilməzdi.

“DQR” “prezidenti” Bako Saakyan Ermənistan Futbol Federasiyasına və Henrix Mxitaryana regionda idmanın inkişafı və “Artsaxda” müxtəlif xeyriyyə layihələrinin həyata keçirilməsinə görə təşəkkür edib, o, həmçinin 22 yaşlı Mxitaryana “Ayrenyats Paştpan” ordeni təqdim edib, ordenin adı tərcümədə “xalq müdafiəçisi” deməkdir.   

Növbəti aksiya “Artsax”ın “xilaskar-döyüşçüləri”nin ailələrinə yardıma istiqamətlənmişdi, bütün bunlar Yeni il ərəfəsində baş verirdi. İyirmi bir ailəyə məişət texnikası çatdırılıb. Mxitaryan onlara üzərində avtoqraf olan futbol topları da hədiyyə edib və bu üç il davam edib, halbuki, onun yaşıdları bahalı klublarda kef edir və bahalı maşınlarda yollarda yarışırdılar. Ümumiyyətlə, belə aksiyalar - öz vətəninə yardım etmək - ulduz futbolçular üçün normaldır. Dünya futbolunda belə nümunələr çoxdur, məsələn, bu yaxınlarda Alekse Sançes belə edib”.

Bu, erməni jurnalistindən Mxitaryanın əməlləri haqqında qısa arayışdır. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan idman və siyasəti eyniləşdirməyib – buna göstərə biləcəyimiz misallar saysız-hesabsızdır. Amma hal-hazırda söhbət idmandanmı gedir? Dağlıq Qarabağ və onun ətrafında yeddi rayon Azərbaycanın qədim torpaqlarıdır, bunu hətta Ermənistanda belə tanıyırlar. Əgər belə deyilsə, onda nə üçün indiyə qədər “DQR” dünyanın heç bir ölkəsində, elə həmin Ermənistanda belə tanınmayıb?   

Mxitaryan regionda idmanın inkişafına yardım etmək, savab iş görmək istəyirdi? Qoy o zaman öz vətəni Ermənistana yardım edərdi, bəlkə nə isə alınardı və erməni klubları gələn Avropa kubokuna düşərdi. İnsanın bir vətəni olmalıdır - bütün dünya erməniləri üçün bu, Ermənistandır, azərbaycanlılar üçün Azərbaycan və s.. Niyə Azərbaycan öz qanunlarını çeynəməlidir? Nəyə görə Azərbaycan əsgərlərini müharibədə öldürən, işğalçıların ailəsinə yardım edən biri ölkəyə buraxılmalıdır? Hansı əsasla?

Bir neçə tarixi fakt:

1999-cu ildə dahi Dieqo Maradona pnevmatik silahdan jurnalistə atəş açdığı üçün 2 il müddətinə icbari cəza aldı. Argentina qanunvericiliyi nədənsə buna izin vermir.

2015-ci ildə dahi Fabio Kannavaro 10 ay müddətinə azadlıqdan məhrum edildi, səbəb 1 milyon avro məbləğində vergini ödəməməsi idi. İtalyan məhkəməsi Kannavaronun nüfuzunu qanuna qarşı immunitet hesab etmədi.

Onda nəyə görə, kimsə Henrix Mxitaryanı, İSTƏNİLƏN futbol nailiyyətləri sayəsində, Azərbaycan qanunu qarşısında toxunulmaz etdiyini və ona separatizmi dəstəkləmək haqqını verdiyini düşünür?

Yerdə qalan söhbətlər əqli kasadlığı olanlar üçündür.

Müəllif yazır ki, Henrix Mxitaryan heç kimə, heç nə borclu deyil, o, peşəkar futbolçudur, Almaniyanın aparıcı komandalarından birində oynayır. Bu komanda hər il Avropa kuboklarında iştirak edir, heç zaman problemi və beynəlxalq mübahisələri olmayıb.

Bir misal da gətirək:

Bir neçə il öncə Azərbaycan Türkiyədən “Fırtına” özüyeriyən artilleriya qurğuları almaq istəyirdi.

Amma “Fırtına” üçün mühərrik istehsal edən MTU alman şirkəti Azərbaycana artilleriya sistemi üçün mühərrik satmaqdan imtina etdi. Səbəb isə Almaniyanın Dağlıq Qarabağ probleminin tərəfləri Ermənistan və Azərbaycana dolayı yolla da olsa hər hansı bir hərbi yardımı göstərmək istəməməsi idi.

Beləliklə, Mxitaryanın oynadığı klubun aid olduğu ölkənin mövqeyi aydındır – biz bu münaqişəyə qarışmırıq, heç bir şərt altında. Ona görə də, Mxitaryanın nailiyyətlərini Almaniya ilə əlaqələndirmək sadəlövhcəsinə və əsassızdır.

Erməni jurnalisti, UEFA-nın prezidenti Mişel Platinin “Qəbələ”yə qarşı oyunda erməni futbolçusunun iştirakı barədə cavabına istinad edir.

Sual belə idi: “Dortmundun “”Borussiya” komandası Avropa Liqasında Azərbaycanın “Qəbələ” komandası ilə bir qrupa düşüb. “Borussiya” komandasında erməni futbolçusu Mxitaryan oynayır. O, bu vəziyyətdə nə etməlidir, və UEFA necə davranacaq?”

Cavab olaraq Platini bildirib:

“Biz istənilən futbolçunun vətəndaşlığından asılı olmayaraq, və viza və giriş üçün icazə almaq məcburiyyəti olmadan bizim turnirlərdə iştirak etməsinə haqq qazanacağına ümid edirik”.

Bu, konkret suala cavab idi. Axı Platiniyə sual verən jurnalist Mxitaryanın əməllərinin tarixçəsini danışmayıb, onun Azərbaycanın beynəlxalq ictimaiyyət, eləcə də UEFA tərəfindən tanınan torpaqlarını işğal etmiş separatçıların sponsoru olduğunu söyləməyib. Mən əminəm ki, əgər jurnalist sualı düzgün qoysaydı, Platini birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyərdi.

Azərbaycanın bütün ərazisində hələlik səmərəli nəzarəti bərpa edə bilməməsi heç kimə öz ərazimizdə qanunların aliliyini şübhə altına qoyma haqqı vermir.

İşğal edilmiş Dağlıq Qarabağa icazəsiz səfər edən şəxs avtomatik olaraq ölkəmizin “qara siyahısı”na düşür və ona ölkəyə giriş qadağan edilir. Bəli, bu, bizim qanundur. Bəlkə kimin isə xoşuna gəlmir, amma bunun heç bir mənası yoxdur.

Məna kəsb edən yalnız bir şey var, bu, işğal edilmiş ərazilərə səfərlərin tənzimlənməsinə Azərbaycanın yanaşmasıdır, bu, bizim suveren hüququmuzdur. Bu kimin isə xoşuna gəlməyə bilər, nə olsun ki?

Məsələn, ABŞ, Rusiya, Almaniya, Birma və ya Svazilendin hansısa qanunları bizə xoş gəlmir, onlar bizim mövqeyimiz ucbatından öz qaydalarını dəyişirlərmi?

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri