“Çox gərgin mövsüm başlayır. Azərbaycanda istirahət etmək istəyən istər yerli, istərsə də xarici turistlərin sayı artıb. Bunun da səbəbi yaxşı, mənalı istirahət üçün infrastrukturun yaradılmasıdır”.
Oxu.Az xəbər verir ki, bunu gəlmə turizm sahəsində ixtisaslaşmış tur operator və turizm şirkətləri ilə Milli Turizm Bürosunun görüşündə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.
O bildirib ki, Azərbaycana gələn ərəb və rus turistlərin sayı artıb.
Turistlərin yerləşməsi üçün paytaxtda və regionlarda infrastrukturun formalaşdırıldığını deyən nazir son illərdə çoxlu sayda 3-4 ulduzlu hotellərin yaradıldığını söyləyib. Ə.Qarayev qeyd edib ki, rayonlarda açılan istirahət məkanları 3 və aşağı ulduzludurlar.
Nazir ölkədə fəaliyyət göstərən hostellərin xidmətlərinə toxunaraq deyib ki, hostellər haqqında qanuna dəyişiklik hazırlanır: “Hazırda hostellər pərakəndə fəaliyyət göstərir. Hostellərlə bağlı şərtlər hazırlanır. Təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunduqdan sonra artıq insanlar hostellərin nə olduğunu aydın təsəvvür edə biləcəklər. Bundan əlavə özəl evlərdə və yaşayış binalarında mehmanxana fəaliyyəti ilə məşğul olan zaman müvafiq şərtlərə əməl olunması lazımdır. Bunun üçün şərtlərin işlənərək hazırlanması ilə bağlı tapşırıqlar verilib”.
Nazir vurğulayıb ki, hostellərə insanlar, xüsusilə gənclər tərəfindən maraq var: “İnsanlar normal şəraiti olan, şəhərin mərkəzində yerləşən məkanlarda məskunlaşmaq istəyirlər”.
Leyla Əliyeva
www.oxu.az
Rəylər