Noy
2020
12:07
571
33
3804
Virtual karabakh

İki cəbhədə müharibə: Qaydalara uymaqla, vətənimizi əmanət etdiyimiz igidlərimizi də qoruyaq! - ŞƏRH

7 Noy, 2020
12:07
3804

İki cəbhədə müharibə: Qaydalara uymaqla, vətənimizi əmanət etdiyimiz igidlərimizi də qoruyaq! - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya ölkələrində COVID-19 pandemiyasının geniş yayılması, koronavirusa yoluxma və ölüm hallarının kəskin artması müşahidə olunur. 

Bir çox ölkələr yenidən xüsusi karantin rejimi tətbiq edir, qaydaları sərtləşdirir. Böyük Britaniya, İtaliya, Polşa, Niderland və digər ölkələrdə gün ərzində koronovirusa yoluxma artdığı üçün karantin qaydaları ilə bağlı tədbirlər gücləndirilir. 

Yunanıstanda yeni yoluxma, gündəlik ölüm və xəstələrin süni tənəffüs aparatına qoşulmaları üç antirekord yaradıb. Ölkədə may ayından bəri ilk dəfə olaraq bütün bar, restoran, kafe, kinoteatr və muzeylər iki həftəlik bağlanıb. Küçədə maska taxmaq tələb olunur.

Fransada gündə 50 mindən çox insan koronavirusa yoluxur. Reanimasiyada yataqların 70 faizi tutulub, ağır xəstələrin sayı son iki həftə ərzində iki dəfə artıb.

Təəssüf ki, Azərbaycanda da koronavirusa yoluxmada artım qeydə alınır. 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayında artım müşahidə edilir, sanitar-epidemioloji durum pisləşir.

Açıqlanan statistika insanların qaydalara yetərincə əməl etməməsindən xəbər verir. 

Ötən gün Azərbaycanda koronavirusa (COVID-19) 1465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 17 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 14257 nəfərdir.

Ölkədə son sutka ərzində 12825, hazırkı dövrədək isə 1417368 test aparılıb.

COVID-19-dan ümumi ölüm sayı 811 nəfər təşkil edir. Ümumi yoluxanların sayı  62338 nəfər, ümumi sağalanların sayı 47270 nəfərdir.

Təbii ki, Azərbaycan COVID-19-la mübarizədə ən öndə gedən nümunəvi ölkələrdən biridir. Azərbaycan dövləti koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirib.

Bu gün yaradılmış tibbi infrastruktur, ölkəmizin potensial imkanları pandemiya ilə əlaqədar yaranan çətinliklərin öhdəsindən gəlməyə və vəziyyəti nəzarətdə saxlamağa tam şərait yaradır.

İaşə obyektləri, ictimai nəqliyyat, istənilən qapalı məkan, insanların sıx toplaşdığı yerlər infeksiyaya yoluxmaq üçün əlverişli məkanlardır. Vətəndaşlarımız kütləvi tədbirlərdə iştirakdan çəkinməli, iştiraka ciddi zərurət yarandığı hallarda isə qoruyucu vasitələrdən mütləq istifadə etməlidir. 

İnfeksiyanın yayılma sürəti bir sıra vacib məhdudlaşdırıcı tədbirlərin görülməsini zəruri edir.

Ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, Nazirlər Kabineti yanında operativ qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib.

7 noyabr, saat 00:00-dan 23 noyabr, saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində bir sıra sahələr istisna olmaqla, digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılıb.

Bu qaydaların tətbiq olunduğu şəhər və rayonlarda İqtisadiyyat Nazirliyi tərəfindən bu şəhər və rayonlarda muzdlu işçilərin əməkhaqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.

Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov bildirib ki, payız-qış aylarında yoluxmada artımın olması proqnozlaşdırılmışdı:

“Amma bunun hansı sürətlə olması barədə danışmaq çətin idi. Qonşu ölkələrdə yoluxma bizdən də çoxdur. Aparılmış hazırlıq işləri, karantin tədbirləri ona imkan verib ki, ölkəmizdə artımın sürəti daha çox deyil. Ölkədə gündəlik COVID-19-a yoluxma sayının çoxalması insanlar arasında təmasların artması ilə əlaqədardır.

Artıq payız mövsümündəyik və havaların soyuması ilə əlaqədar əhali daha çox bağlı məkanlarda oturur, bu zaman da təmas artır və infeksiyanın yayılması çoxalır. Təmas zamanı qoruyucu karantin tədbirlərinə etinasızlıq isə yoluxma sayının artamasının əsas səbəblərindəndir”.

Onun sözlərinə görə, hər temperaturu olan şəxs COVID-19-a yoluxmuş kimi qəbul edilməməlidir:

“Həkimə müraciət etsinlər və test versinlər. Nə qədər çox test edilsə, o qədər xəstəlik barədə daha tez məlumat olacaq. Biz həyat tərzimizi infeksiyanın tələblərinə uyğunlaşdırmalıyıq. Bu zaman daha tez nəticə əldə edəcəyik”.

İnfeksiyanın geniş yayıldığı şəhər və rayonlarımızda tətbiq olunan yeni qaydalar ölkəmizdə sanitar-epidemioloji vəziyyəti sabitləşdirmək, xəstəliyin digər ərazilərdə yayılmasını mümkün qədər məhdudlaşdırmaq məqsədi daşıyır.

Azərbaycan dövləti hər zaman olduğu kimi, müharibə şəraitində olduğumuz bir dövrdə də əhalinin sosial təminatı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır və bununla bağlı zəruri tədbirləri davam etdirir.

Müharibə şəraitində olduğumuz bir vaxtda biz, yaxınlarımız, ailə üzvlərimizlə bərabər, həm də torpaqlarımızın işğalçılardan təmizlənməsi uğurunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən əsgər və zabitlərimizi düşünməliyik. Çünki COVID-19-un geniş yayılması onların sağlamlıqları üçün də ciddi təhlükə yaradır.

Nazirlər Kabineti yanında operativ qərargah sakinlərə ciddi şəkildə evdə qalmağı tövsiyə edir, karantin rejiminin qaydalarına əməl etməyə çağırır.

Artıq dünyada ümumilikdə 49 667 748 nəfərdə koronavirus aşkarlanıb. Virusdan 1 248 780 xəstə ölüb, 35 254 736 nəfər sağalıb. Asiyada 14 239 436, Şimali Amerikada 11 966 529, Avropada 11 630 391, Cənubi Amerikada 9 924 296, Afrikada isə 1 866 079 nəfərdə virus aşkarlanıb. Virusa yoluxma sayına görə ilk üçlükdə olan dövlətlər ABŞ (10 058 586 nəfər), Hindistan (8 462 080 nəfər) və Braziliyadır (5 632 505 nəfər).

Sərhəd qonşularımız Rusiyada 1 733 440, İranda 663 800, Türkiyədə 389 256, Ermənistanda 101 773, Gürcüstanda isə 51 993 nəfərdə koronavirus müəyyən edilib.

Təhlükəyə qarşı daha ciddi addımlar atılması vacibdir. Gəlin, “Gizli düşmənə” birlikdə qalib gələk!

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri