İyn
2019
17:43
45
352
4931
Virtual karabakh

Gürcüstanda həbsxanalara düşən azərbaycanlıların sayı artır

Gürcüstan həbsxanalarında yüzlərlə azərbaycanlı narkotik vasitələrin saxlanılması və satışına görə cəza çəkir.

Gürcüstan azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayevin Oxu.Az-a verdiyi açıqlamaya görə, narkotiklərlə bağlı cinayət hallarının artması Azərbaycan icmasını ciddi şəkildə narahat edir.

Hazırda Gürcüstan həbsxanalarında narkotik vasitələrlə əlaqədar 350 azərbaycanlı cəza çəkir. A.Babayevin sözlərinə görə, bir həftə əvvəl Qardabani rayonunda keçirilən xüsusi əməliyyatın gedişində narkotik vasitələrin satışında şübhəli bilinən 19 azərbaycanlı saxlanılıb.

“Dərd ondadır ki, azərbaycanlı məhbuslar arasında çox sayda yetkinlik yaşına çatmamışlar var. Narkotacirlər bu işə uşaqları, bəzən bütöv ailələri cəlb edir. Biz öz tərəfimizdən bu bəlaya qarşı mübarizə aparırıq, ağsaqqallarla, icma nümayəndələri ilə görüşlər keçiririk, narkotik vasitələrə qarşı təbliğat aparırıq. Bununla belə, bütün bunlar kifayət etmir”, - deyə A.Babayev söyləyib.

Gürcüstanın hüquq-mühafizə orqanları çoxsaylı narkotik vasitə marşrutlarının qabağını kəsmək üçün əllərindən gələni edirlər. A.Babayevin sözlərinə görə, narkotik vasitələr Gürcüstana Ermənistan, Türkiyə, İrandan gətirilir, tranzit kimi Azərbaycan ərazisində istifadə olunur. Həmçinin, son vaxtlar Gürcüstana əfqan heroini daşıyan iranlı qaçaqmalçılar arasında saxlanılanların sayı əhəmiyyətli dərəcədə artıb.

Qafqaz insan haqları monitorinq mərkəzinin başçısı, ekspert Elbrus Məmmədov cinayət hallarının artmasını son on il ərzində Gürcüstanda yaşayan azərbaycanlıların məşğulluqla bağlı ciddi problemlərlə üzləşməsi ilə əlaqələndirir.

O bildirib ki, əhalinin məşğulluq sahəsində, peşə bacarıqları və bilikləri ilə yanaşı, gənclərdən mövcud şəraitə uyğunlaşma bacarığı və təhsilin baş çatmasından sonra müəyyən vərdişlərin mənimsənilməsi tələb olunur. İndiki sosial sağqalma mübarizəsi şəraitində Azərbaycan icmasının nümayəndələri bu imkandan məhrum olub.

“Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlara göndərdiyimiz hesabatlarda etnik azərbaycanlıların, xüsusilə gənclərin Gürcüstan təşkilatlarının məşğulluqla bağlı həyata keçirdiyi layihələrdən kənarda qaldığını dəfələrlə göstərmişik. İcmanın əmək bazarının dinamikası, məşğulluq və karyera, işə düzəlmə imkanları, işçi qüvvə tendensiyaları, tələb və təklifləri ilə bağlı heç bir təsəvvürü yoxdur”, - deyə o bildirib.

İcmanın sahibkarlıq fəaliyyəti ilə bağlı informasiya dəstəyinə, işsizlərin fərdi təsərrüfata cəlb olunması üçün peşəkar məsləhətləşmə və peşə seçiminə, maddi dəstəyə ehtiyacı var. E.Məmmədovun sözlərinə görə, son günlər ərzində bir neçə azərbaycanlı qətlə yetirilib, bir neçəsi öz həyatına qəsd edib.

Qeyd edək ki, iyunun 6-dan 7-nə keçən gecə Qardabanidə yaşlı ər-arvad - İsgəndər və Şəfiqə Musayeva vəhşicəsinə öldürülüb. Qatil qocaları ölənə qədər döyüb, üzlərini tanınmaz hala salıb, divarda isə oğlanlarına belə bir ismarıc yazıb: “Gələrsən, səni gözləyirik”.

Qatilin bu yolla hazırda Rusiyada olan Musayevlərin oğlundan intiqam aldığı güman edilir.

Hələlik faktla bağlı saxlanılan yoxdur. Bundan bir gün əvvəl isə Kvemo Kartli bölgəsinin Hidiskuri kəndində qətl hadisəsi qeydə alınıb. Yaşlı Şahəli Camalov öldürüb, həyat yoldaşı isə ağır yaralanıb. Fakt üzrə şübhəli qismində Nizami Qurbanov saxlanılıb.

A.Babayevin bildirdiyinə görə, 20 il əvvəl Camalov Nizami Qurbanovun əmisini öldürüb və beləcə, qan davasının əsasını qoyub. N.Qurbanovun yaxın qohumunun intiqamını aldığı güman edilir.

Fakt üzrə araşdırma davam edir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri