Dek
2019
17:45
26
88
3621
Virtual karabakh

Məhkəmə klinika sahibinin evinə basqın edən dəstə üzvü ilə bağlı qərar verdi

Ali Məhkəmədə quldurluqda təqsirləndirilən dəstə üzvü Anar Əmirov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Bildirilib ki, A.Əmirov kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib. Ali Məhkəmə onun müraciətini təmin edib. 

İttiham aktına əsasən, hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.

Təqsirləndirilən Firdovsi Əliyev iki ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib.

Həmçinin, qeyd edib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və iki milyon dollar pul alıb. Bundan sonra A.Əmirov işə N.Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib.

Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə onlar Biləcəri qəsəbəsində görüşərək, quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib.

Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında E.Musayevə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi də danışıblar. A.Əmirov, Natiq Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər.

A.Əmirov hasardan keçərək içəridən darvazanı açıb. Onları qarşılayan alman “Avçarka”sını bibər qazı ilə uyudublar. Həmin şəxslər maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açıb içəri giriblər.

Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini bağlayıb onları tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib.

Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən beş min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Onlar, ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əmirov 12 il 6 ay, N.Musayev 12 il 6 ay, B.Hacızadə 11 il 6 ay, E.Musayev 10 il və F.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri