25 
Fev
2021
16:12
159
8
2047
Virtual karabakh

Özünü vəzifəli şəxs kimi təqdim edən dələduz həbs edildi

Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların hüquqlarını pozan şəxsin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev Zaur Xudabaxış oğlunun qanunsuz hərəkətləri barədə daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Zaur Babayevin özünü dövlət orqanının vəzifəli şəxsi kimi təqdim edərək ayrı-ayrı vaxtlarda cəzaçəkmə müəssisəsində saxlanılan təqsirləndirilən şəxsin cəzasının azaldılmasına, mənzilin özəlləşdirilməsinə və pensiya təyin edilməsinə köməklik göstərilməsinə dair yalan vədlər verərək guya səlahiyyətli vəzifəli şəxslərə verilməsi adı altında müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul vəsaitini alaraq dələduzluq etməsinə və vətəndaşları vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

25 fevral 2021-ci il tarixdə Zaur Babayevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri