18 
Okt
2021
15:52
16
163
2842
Virtual karabakh

Bakıda dəhşətli CİNAYƏT: Naməlum adam, dostlar arasındakı münaqişə, bir ailənin bıçaqlanması – MƏHKƏMƏ İŞİ

Mətndəki adlar şərtidir...

2021-ci ilin iyun ayında Bakıda baş verən cinayət hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az məhkəmə materiallarına əsasən, detalları təqdim edir.

Rasimlə Natiq kollecdən “dostluq yoluna” çıxır

1995-ci il təvəllüdlü Rasim 2012-ci ildə Bakı Texniki Kollecinə daxil olur. Kollec həyatı Rasimə dostlar qazandırır, o, kollecdə Natiqlə isti münasibətlər qurur və dostlaşırlar.

Bir-birlərinin evlərinə gedib-gəlməklə ikisi arasında münasibətlər daha da möhkəmlənir, necə deyərlər artıq onların arasından su keçmir.

Bu minvalla onların dostluq münasibətləri doqquz il davam edir.

Gənclər əyləncəyə də, cinsi ehtiyaclarını qarşılamaq üçün də vaxt tapırlar. Onlar 2021-ci ilin mayın 16-da zəngləşirlər, qızlardan ibarət tanışları ilə otellərdən birinə yollanırlar və əylənirlər.

Bir müddət sonra isə Natiq işi çıxdığını deyir, Rasimi qızlarla baş-başa qoyub işinin dalınca gedir və üç saatdan sonra qayıdır.

Natiq qızların pulunu verir və onları yola salır, ümumiyyətlə otel xərclərini öz üzərinə götürür.

Rasim Natiqdən xahiş edir ki, onu metronun “Koroğlu” stansiyasının yaxınlığında düşürsün və bundan sonra o, 1 manatlıq taksiyə minib öz evlərinə yollansın.

Ünvana çatırlar, bu dəfə Rasim Natiqdən gözləməyi bildirir, qeyd edir ki, indi evdən ona pul gələcək.

Naməlum şəxs kimdir?

İstintaq materiallarındakı ifadələrə əsasən, həmin vaxt Rasim və Natiqin tanımadıqları bir şəxs onlara yaxınlaşır, Rasimdən kömək istəyir, bildirir ki, onun maşını xarab olub. Rasim həmin adama 10 manat verir, lakin məchul adam bu yardımla da qane olmur və “sizin maşınınız var, məni də aparın “Qara Qarayev”də düşürdün”, - deyir. Bu zaman Rasimlə onun arasında mübahisə yaranır, Natiq isə aranı sakitləşdirməyə çalışır.

İstintaq materiallarında həmin şəxsin kimliyi barədə məlumat keçmir, görünür ki, polis naməlum adamı müəyyənləşdirə bilməyib. İstintaqa əsasən, həmin adam oğru imiş. Yalnız bilinən budur. Bəs onun oğurluğunu sübut edən dəlillər nədir?

Qolbağı götürüb qaçır

Yuxarıdakı suala cavab vermək üçün dostlarla həmin şəxs arasında mübahisənin davamı barədə yazmaq zərurəti yaranır.

Rasimlə Natiq canını bu adamdan qurtarmaq istəyir, gənclər özlərini işə salmamaq üçün onun dediyini edirlər. Ancaq bu adam əsl niyyətini həyata keçirməmiş əl çəkmir, onun əsəbi və haqsız davranışları Rasimi özündən çıxarır. Yenidən mübahisə qızışır, Rasimlə o, maşından enərək söhbət edirlər. Rasim dostuna bildirir ki, narahat olmasın, sadəcə söhbət edəcək, Natiq isə dostunun əlindəki bıçağı alır və sakit olmağının vacibliyini bildirir.

Bu dəfə də Rasimlə naməlum şəxs arasında “barışıq” əldə olunur, onlar yenidən gəlib maşına əyləşirlər, çünki naməlum adam gənclərdən onu gedəcəyi ünvana aparmaları üçün əl çəkmir.

Ancaq həmin adamın niyyəti oğurluq imiş, bilərəkdən yenidən aranı qarışdırdıqdan sonra, Natiqin qolundakı qızıl qolbağı qırıb qaçır. Gənclər həmin insanın ardınca düşsələr də, izini itirirlər.

Natiq dostuna xəbərdarlıq edir

Natiq bərk həyəcanlıdır, çünki bu qolbağı atası 20 il bundan əvvəl Rusiyadan alıb, indi atasının məzəmmətindən qorxur.

Avtomobilə əyləşirlər, Rasim narkotik maddə çıxarıb çəkir və söz verir ki, həmin qolbağın pulunu dostuna verəcək. “Bu hadisə mənə görə oldu, sən mənə görə gözlədin, axırda da başına bu hadisə gəldi, söz verirəm ki, ya qolbaq alacağam, ya da pulunu sənə verəcəyəm” deyir.

Natiq hadisə barədə, öz əmisinə, qardaşına danışır. Onlar Rasimlə görüşürlər və bildirirlər ki, Natiqin atası rayondan qayıdana qədər məsələni həll etsin!

Natiq də Rasimlə əlaqə saxlayır, lakin bu dəfə onların danışıqlarında dostluq münasibətindən yaranan əhval-ruhiyyə hökm sürmür. Natiq Rasimə pulu çatdırmağı bildirir. Bir neçə gün keçdikdən sonra Rasimdən səs çıxmır, Natiq bu dəfə bütün ipləri qıraraq Rasimi polisə verməklə hədələyir, üstəgəl bildirir ki, polisə onun narkotik istifadəçisi olduğunu da deyəcək.

Situasiyanı öz xeyrinə yönəldib danışmağa meyillilik, emosional qeyri-sabitlik, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malik olan Rasimin başına sanki “qaynar su tökülür”.

Cinayət anı

Bir zamanlar qonaq getdiyi evə indi o, cinayət məqsədilə yollanır. Gecə vaxtı Natiqgilin Buzovnadakı bağ evinə gedir, hasarın üstündən aşaraq evə girir.

Həyəcan içində olan Rasimi tər basır, gecə hamının yatdığından əmin olduqdan sonra soyuducunu açır, pivə tapıb içir.

Şkafın bıçaqlar olan çəkməcəsini açıb bıçağın birini götürüb belinə qoyur, qalan bıçaqları isə götürüb şkafın altına atır ki, qəflətən kimsə oyansa və dava-dalaş düşsə heç kim özünü müdafiə üçün vasitə tapa bilməsin.

Daha sonra yataq otağının qarşısındakı ağ şifoneri taqqıldatmağa başlayır. Səsə Natiqin anası ayılıb otağın işığını yandırır və onu görür. Rasim qətl niyyətini həyata keçirməyə cəhd edir, səsə gələn Natiqin atasının üstünə bıçaq çəkir. Rasim amansızlaşır və Natiqi də, anasını da bıçaqlayır.

O, bir ailəni bıçaqladıqdan sonra evi tərk edir və polisə təslim olur. Bir ailə ağır bıçaq xəsarətləri olsa da, hadisədən sağ çıxırlar.

İstintaq zamanı iki dostun qanlı münaqişəsinə baiskar olan naməlum adam isə tapılmır.

Ancaq əksi olsaydı belə, bu, Rasim üçün yüngülləşdirici hal sayılmayacaqdı. Nəticədə məhkəmə sübut edib ki, Rasimin məqsədi ümumi təhlükəli üsulla bir ailəni öldürmək olub.

Rasim məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri