Dek
2021
13:32
32
238
2442
Virtual karabakh

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə hücum çəkdi - FOTO

Son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Şəmkir” sərhəd dəstələrinin əməkdaşları təx­mini çəkisi 20 kiloqram 855 qram narkotik vasitəyə, 2 400 ədəd psixotrop və 4 519 ədəd müxtəlif təyinatlı dərman preparatlarına bənzər maddələrin döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısını alıb.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, noyabrın 24-də saat 17:30 radələrində Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Amankənd kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda aşkarlanmış bir ədəd qara rəngli bağlamanın içində ümumi çəkisi 900 qram “metamfetamin” narkotik vasitəsinə bənzər maddə aşkar olunaraq götürülüb.

Növbəti gün saat 02:55 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində dörd nəfərin olduğu sarı rəngli VAZ markalı 10-DZ-092 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və nəqliyyat vasitəsindən iki nəfərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağlama götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edən şəxslər Daşburun dairəsi istiqamətində saxlanılıblar. Onların Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Bədəlzadə Azər Araz oğlu, 2004-cü il təvəllüdlü Bədəlov Araz Azər oğlu, 1990-cı il təvəllüdlü Abdullayev Əfqan Fazil oğlu və Beyləqan rayon sakini 1976-cı il təvəllüdlü Allahverdiyev Elşən İnşallah oğlu olmaları müəyyənləş­dirilib, avtomobilə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 6 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə (100 qram “tiryək”, 600 qram “heroin”, 5 200 qram “marixuana”, 500 qram metamfetamin)və 2 000 ədəd “Tramadol” həbi aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərdən əvvəllər narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş A.Bədəlzadə sərhədçilərə qarşı müqavimət göstərərək bıçaqla xəsarət yetirməyə çalışarkən tərk-silah edilib.

Noyabrın 29-da saat 01:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmış, sərhəd pozucusu əlindəki qaçaqmalı yerə ataraq havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçmışdır. Əraziyə baxış zamanı aşkar olunmuş bir ədəd bağlamadan təxmini çəkisi 11 kiloqram 200 qram narkotik vasitəyə bənzər maddə (8 000 qram “heroin”, 3 000 qram “marixuana”, 200 qram “metamfetamin”) götürülüb.

Həmin gün saat 02:05 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun Sınıq körpü adlanan ərazisi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Kür çayında Gürcüstandan Azərbaycana doğru bir ədəd rezin qayığın hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan qayıqdakı şübhəli şəxslər özlərini suya atıb və havanın qaranlıq olmasından istifadə edərək hadisə yerindən qaçmağa nail olublar. Qayığa baxış zamanı içərisində 4 519 ədəd müxtəlif çeşidli dərman preparatları aşkar olunaraq götürülüb.

Dekabr ayının 6-da saat 20:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidlikəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində özünü şübhəli apararaq sərhəd naryadının diqqətini cəlb etmiş bir nəfər naməlum şəxs ərazidən uzaqlaşmağa cəhd göstərərkən saxlanılıb.

Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Əzimov Pərviz Əzim oğlu olması müəyyənləşdirilmiş şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 2 kiloqram 355 qram narkotik vasitəyə bənzər maddə (130 qram “heroin”, 1 925 qram “marixuana”, 300 qram metamfetamin) və 400 ədəd “gabapentin-300” həbi aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri