İyn
2014
15:55
32
48
17157
Virtual karabakh

Rafael Dadaşov: Kor istəyər ki, hamı kor olsun – MÜSAHİBƏ + FOTOSESSİYA

5 İyn, 2014
15:55
17157

Rafael Dadaşov: Kor istəyər ki, hamı kor olsun – MÜSAHİBƏ + FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məlik Dadaşovun oğlu idim deyə məni sıxışdırırdılar”.

Həmsöhbətimin sadəliyi, qayğıkeş münasibəti, hətta şəxsi həyatı və yaradıcılığı ilə bağlı bir-iki sirrini mənə etibar edib söyləməsi doğrudan da mənim üçün gözlənilməz oldu.

Düzdür, həmin sirlər elə mənimlə də qalacaq. Onu oxucularımıza açıqlamayacağam. Mən bir daha Allah-Təalanın ona necə gözəl ürək bəxş etdiyinin şahidi oldum.

Beləliklə, Oxu.Az-ın “Zirvəyə gedən yol” rubrikasının növbəti qonağı xalq artisti Rafael Dadaşov oldu.

- Rafael Dadaşov Azərbaycan kino və teatr sənətinin zirvəsini necə fəth etdi?

- Teatr elə sahədir ki, kollektiv işdir. Tək nəsə əldə etmək çox çətindir. Zirvəyə çatmağımın 50%-i tamaşaçıların, 50%-i isə mənim payıma düşür. Bu sahədə tanınmaq, uzun müddət külüng vurmaq, müəyyən yer tutmaq olar. Amma populyar olub sevilmək və zirvəyə çatmaq hamıya nəsib olmur. Bu, nadir aktyorlara qismət olur. Allah-Təalanın köməyi ilə bu, mənə də nəsib oldu.

Mənim üçün ikiqat çətindir, çünki valideynlərim bu sahənin insanlarıdır. Anamın anası da aktrisa olub. Bildiyiniz kimi anam Sofya xanım xalq artisti, prezident təqaüdçüsüdür. Atam Məlik Dadaşov isə görkəmli teatr və kino aktyoru  olub. Mən də onların davamçısıyam.

Rafael Dadaşov anası, xalq artisti Sofya xanımla.

Zirvəyə çatmağımın ən əsas səbəblərindən biri sənətimə qarşı məsuliyyətli olmağımdır. Mən teatra 30 yaşında gəlmişəm.

Rafael Dadaşov 30 yaşında.

Gec gəlişimin səbəbi o idi ki, çox ehtiyat edirdim. Çünki atam da, anam da tanınmış sənətkarlar idi. Teatra gəlməmişdən əvvəl qərar vermişdim ki, ilk sınağım uğurlu olsa, bu sahədə qalacam, əgər uğursuz olsa birdəfəlik uzaqlaşacam.

Rafael Dadaşov atası, görkəmli aktyor Məlik Dadaşov ilə.

Bilirsiniz ki, teatrda premyeradan əvvəl baxış tamaşası olur. Burada oynanılan obrazlara fikir bildirən peşəkarlar əyləşir. Mənim ilk rolum Tofiq Kazımovun quruluş verdiyi Maqsud İbrahimbəyovun “Ümid” (“Mezazoy əhvalatı”) psixoloji dramının tamaşasında “Zaur” rolu olub.

Baxış tamaşasından sonra mərhum aktyorlar İsmayıl Dağıstanlı və İsmayıl Osmanlı mənə yaxınlaşaraq müsbət fikir bildirdilər. Onların söylədiyinə görə bu obraz məndə təbii alınmışdı. Sonra anam da bunu təsdiqlədi. Və beləliklə, oynadığım neçə-neçə rollarla populyar oldum, tamaşaçılar məni bəyəndi.

Məlik Dadaşov, Bəsti Cəfərova, Rafael Dadaşov.

Uğurumun digər səbəbi isə o idi ki, mənim vizual görünüşüm var idi. Mənə Azərbaycanın Alen Delonu deyirdilər.Yəni ürəkləri fəth edə bilirdim. Tamaşaçıların sevgisi və məhəbbəti məni bu günə qədər zirvədə saxlayıb.

1974-cü il. Rafael Dadaşov oğlu Emil ilə.

- Həyat sizə pis üzünü çox göstərib?

- Təsəvvür edin ki, mən 60 yaşında xalq artisti adını aldım. Halbuki, məndən sonra  bu sənətə gələnlər xalq artisti olmuşdular. Mən bunu açıq etiraf edirəm, burada gizli heç nə yoxdur. Uzun müddət məni sıxışdırdılar, adımı xalq artisti namizədləri siyahısına salmadılar.

Sənətkarı nə qədər sevənlər varsa, o qədər də nifrət edənlər olur. Məlik Dadaşovu sevənlər kimi sevməyənlər də çox idi. Gözügötürməyənlər, ona daş ata bilməyənlər mən onun oğlu idim deyə, mənə daş atırdılar. Bir söz demək istəyirəm. Bu, yəqin Oxu.Az-ın oxucuları üçün evrika olar. Belə bir misal var: kor nə istər, iki göz, biri əyri, biri düz. Bu fikirlə razılaşmıram, düz söz deyil. Kor istəyər ki, hamı kor olsun. Niyə? Çünki insanın xisləti belədir, məndə yoxdursa, səndə də olmasın.

Mərhum sənətkarlarımızdan biri deyib ki, əgər incəsənəti medal şəklində təsəvvür etsək, onun üst tərəfi istedaddır, arxa tərəfi isə həyasızdır. İstedadlıya kömək etmək lazımdır, həyasızlar onsuz da özlərinə yol tapacaq. Həmin o həyasızlar, əli heç bir yerə çatmayanlar, fürsət düşdükcə sənin yolunu kəsirlər.

Həm özümə, həm də Məlik Dadaşovun oğlu olduğuma görə mənim də payıma bu tikanlar düşüb. Axı, Dadaşovların hamısı sənətkar ailəsidir.

Sizə başıma gələn bir əhvalatı danışım. Son illər teatrda yeni qayda tətbiq olunub. İşə qəbul seçki yolu ilə aktyorların əleyhinə və lehinə olmaqla gizli səsvermə vasitəsilə keçirilir.

Bədii şura 12 nəfər aktyorların təqdim olunan siyahısına baxır, kimin növbəti 5 il ərzində işdə qalıb-qalmayacağına qərar verir. Sonradan onu azaldıb 1 ilə endirdilər. Günlərin bir günü gəldim ki, siyahı artıq divara asılıb, yaxınlaşıb baxanda məni ağlamaq tutdu.

5 nəfər əleyhimə, 7 nəfər lehimə səs vermişdi. Deməli, mən teatrda 7 nəfərin sayəsində qaldım. Onların içərisində adını çəkmək istəmədiyim epizod rolu oynayan aktyor var idi ki, 12 nəfərin  hamısı onun lehinə səs vermişdilər.  Amma 5 nəfər mənim əleyhimə səs vermişdi. Mən də vəziyyəti belə görüb qərar verdim ki, artıq teatra lazım deyiləm. Atama teatrdan çıxıb gedəcəyimi söylədim.

Səbəbini soruşdu, olanları anlatdım. O mənə söylədi ki, güclü aktyorun həmişə əleyhinə olurlar. Sən yer tutmusan, səndən canlarını qurtarmaq istəyirlər.

O birisi onsuz da istedadsızdır, heç kimə mane olmur. Əlbəttə, onun kollektivdə qalması digərləri üçün şansdır. Hələ şükr et ki, 7 nəfər sənin əleyhinə olmayıb. Fürsət düşdükcə güclünün qarşısını kəsmək istəyirlər.

Bunların hamısı mənə dəyən tikanlardır...

- 1950-70-ci illərlə müqayisədə Azərbaycan teatr və kino sənəti uçuruma gedib, yoxsa ...?

- Siz lap kökündən vurdunuz...(gülür). Uçurum pis şeydir. Düzdür, o illərlə müqayisədə kino indi zəifdir. Kino çəkilmir. Kinoya qoyulan xərc geri qayıtmalıdır. Çünki bu həm də bazardır. Mən hələ qazanmaqdan danışmıram. Serial çox böyük xərc tələb etmir, amma film əksinə.

Onun texnologiyası başqadır. Bu gün Azərbaycanda kinonun bazarı yoxdur. Bu, olmadığına görə kinomuz hələ axsaq vəziyyətdədir. Şükürlər olsun ki, seriallar başlayıb. Artıq bütün televiziyalarda seriallara maraq artıb.

- Götürək sizin rol aldığınız “Ordan-burdan” tamaşasını. Ona hər dəfə eyni həvəslə, eyni maraqla baxıram. Amma indiki tamaşalara baxanda o zövqü ala bilmərəm. Hər şey süni görünür...

- Birincisi, siz o aktyorları görmürsünüz. Sənətkarın gözəl xarici görünüşü  olmalıdır ki, o səni ekrana cəlb edə bilsin. Aktyorun görünməyi özü bir reklamdır. Hansısa filmin yaxud serialın anonsu efirə gedəndə insanın gözləri axtarır ki, görüm orada filan aktyor var? Bununla da, sən artıq tamaşanı görməmiş ora cəlb olunursan. Biri də var ki, oturub baxırsan: bu kimdir? o kimdir?...

Ekranda yaxud səhnədə yenicə gördüyün aktyor o qədər peşəkar rol oynamalıdır ki, səni ekrana bağlaya bilsin. O da çox hallarda mümkün deyil. Bu arada gözəl atalar misalı yadıma  düşür: ucuz ətin şorbası olmaz.

- Deməli, rejissor düzgün seçim etməlidir...

- Bəli, onun məqsədi olmalıdır. O bilməlidir ki, bu rolun öhdəsindən hansı aktyor daha məharətlə gələ bilər. Bəri başdan düzgün seçim etmək – bu özü elə reytinq deməkdir.

- Gənc və orta nəslin aktyorlarını bəyənmirik. Axı onlar da bayaqdan bəri təriflədiyiniz həmin o karifey, peşəkar aktyorların yetirmələridir. Niyə o peşəkarlığı, o sənəti tələbələrinə ötürə bilmirlər, yoxsa gənclər öyrənə bilmirlər, yaxud  öyrənmək istəmirlər?

- Mən özlüyümdə incəsənətdə olan insanları üç kateqoriyaya bölürəm: yaradıcılar, ifaçılar, ortabablar.

Yaradıcılar gördüyü işə öz möhrünü vurur. Allah insanı yaradan kimi o da yazılan obrazı canlandırır, ona nəfəs verir. Əstəğfürullah, Allahlıq eləmir.

İfaçılar mahnı yaxud rol necə yazılıbsa, elə də ifa edir. Ora özündən heç nə qatmır.

Ortabablar isə nə yaradıcıdır, nə də ifaçı. Rus demişkən, nə ətdir, nə də balıq. Bu gün sənətdə ifaçılar və ortabablardır. Yaradıcı insanlar indi cəmi bir-iki nəfərdir, demək olar ki, yox səviyyəsindədir.

Ona görə də əvvəllər tamaşalara baxanda xoş gəlirdi, indisə yox. Bir misal çəkim. Mənim anam teatr üçün yaşayırdı. Hələ mən onun bətnində yeddi aylıq olarkən o, səhnədə rol canlandırırdı. Hərdən soruşurdum ki, ay ana, qorxmurdun?

Birdən mən səhnədə doğulardım. Görün, bu insanlar sənətə necə vurğun olublar. Onların oynadığı rol da elə idi.

İndikilər – ortabablar 3-5manatın xətrinə sənətə gəlirlər. Sənəti pulla ölçmək olmaz, sənətə pulun xətrinə xəyanət etmək olmaz.

Bəzən yerli aktyorlarla əcnəbiləri müqayisə edirlər. Bizim aktyorlar heç də onlardan geri qalmır. Sadəcə, fərq ondadır ki, onlar nə qədər qazanacağını bilir, hətta ödəniləcək yüksək məbləğlə razılaşmayaraq məbləği özləri təklif edirlər. Amma biz qazancımızın nə qədər olacağını bilmirik. 

Bu yaxınlarda internetdə oxudum ki, Silvester Stallone “Məğlubedilməz 4” filmində 4 günlük çəkiliş üçün 3 milyon tələb edib. Ona cavab olaraq daha yüksək məbləğ 4 milyon, yəni gününə bir milyon alacağını söyləyiblər.

Amma bizdə rejissorlar film çəkəndə deyir ki, filan aktyora deməyin pul istəycək.  

Gəlin, bizdə dublyajdan aktyorlara verilən gəlirə baxaq: 25-30 AZN. “Rafael müəllim, filan filmi səsləndirin, sizə 50 AZN ödəniləcək”. Mən bu cür qiymət eşidəndə əksilirəm. Belə təkliflər gələndə cavab verirəm ki, gəlib sizin xatirinizə pulsuz səsləndirirəm, amma o məbləği mənə deməyin. Mənə söyləyirlər ki, sizin üçün 50 manatdır, başqalarına isə 25 manat. Baxın, budur vəziyyət…

"Qoca kloun" tamaşası.

Bəlkə, vaxt gələcək bizdə də aktyorun gəliri qalxacaq, amma bizə çatmayacaq.

- Rasim, Həmid, Hamlet, yoxsa Sahib? (red.-Rafael Dadaşovun canlandırdığı obrazlardır.)

"Şeyx Nəsrullah" tamaşasından fraqment.

- Hərəsinin öz yeri var. Yaradıcı insan axı obrazlara canını qoyur. Məsələn, “Topal Teymur”dakı Orxan obrazına qoyduğum əziyyəti bunların heç birində qoymamışam. Mən heç vaxt rejissorlardan rol istəməmişəm.

"Hamlet" tamaşası.

Yeganə Hamlet rolu  idi ki, Azərpaşadan istədim, o rolu mənə vermədi. Mən hətta o vaxt teatrın direktoru Həsən Turabovdan da o rola görə xahiş etmişdim. Onlar rolu mənə yox, başqa aktyora verdilər. Düz 9 aydan sonra məni çağırdılar ki, gəl kralı məşq elə. Mən də həmin vaxt “Fedra” tamaşasına hazırlaşırdım. Gəldim teatra və 3 aya həmin rolu hazırladım.

"Hamlet" tamaşasından fraqment.

"Fedra" tamaşasından fraqment.

“Ordan-burdan” tamaşasındakı “Həmid” obrazı ilə bağlı sizə bir sirr açım. O rol məndən öncə Fəxrəddin Manafova təklif olunmuşdu. Sonradan bəzi səbəblərə görə F.Manafov həmin obraza çəkilmədi. Məni “Həmid” obrazını oynamağa dəvət etdilər. Mən də əvvəlcə qəbul etmədim. Əgər birinci təklif mənə gəlsəydi, qəbul edəcəkdim. Rəhmətlik Yaşar Nuri mənə zəng edib, fikrimdən daşındırdı. Beləliklə, o rola razılıq verdim. Çox da uğurlu alındı. Hələ də yaddaşlardadır və sevilir.

1980-ci il. "Ordan-burdan" tamaşası.

Rollarım içərisində “Don Juan” rolu mənim teatra ilk tramplinim oldu. Həmin roldan isə tələb olunan əsas cəhət gözəl bədən quruluşu və vizual görünüş idi.

- Deyirlər ki, insanın bacarmadığı iş yoxdur. Bu sadəcə, ifadədədir, yoxsa doğrudan da belədir?

- Bunun üçün insan fors-major vəziyyətə düşməlidir ki, bilinsin o bunu bacarar, ya yox. Həmin vəziyyətdə insan elə bir hərəkət edə bilər ki, hamını məəttəl qoya bilər. Ekstremal vəziyyət yaranarsa, hətta insan dəryaya da düşsə oradan da salamat çıxar. Bu fundament hər bir insanda var.

Rusların belə bir deyimi var: hər insanın daxilində Allah və İblis var. Baxır kimdə hansı tərəf daha çox üstünlük təşkil edir. İnsanı idarə edən onun beynidir. Orada da müəyyən sahələr koddadır. Əgər onlar açıq olsa, insan çox şeyə qadir olar, əstəğfürullah, Allahlıq iddiasına düşər.

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri