Mar
2019
09:49
31
82
2255
Virtual karabakh

Martda mədəni istirahət etmək istəyənlər üçün - Tamaşaların afişası

2 Mar, 2019
09:49
2255

Martda mədəni istirahət etmək istəyənlər üçün - Tamaşaların afişası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaz aylarında istirahətini təbiət qoynunda keçirməyə üstünlük verənlər olsa da, mədəni istirahətindən geri qalmayanlar da var.

Oxu.Az məhz onlar üçün Azərbaycan teatrlarında nümayiş olunan əsas tamaşaları təqdim edir:

Martın 2-si saat 19:00-da Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış...” adlı tamaşası nümayiş olunacaq.

Sözügedən əsər 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlərdə canlarından keçmiş qəhrəmanlarımızın şəhidlik zirvəsini fəth etdikdən sonrakı “həyatlarını” əks etdirir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı martın 3-ü saat 19:00-da “Min bir gecə” əsərini tamaşaçılara təqdim edəcək. 

Tamaşada bir dəfə gənc şah Şəhriyar ovdan geri qayıdarkən sarayında eyş-işrət məclisi qurulduğunu, sevimli arvadının isə qulun qolları arasında olduğunu görür. Sərt və əzəmətli hökmdar alçaldılmış hiss edir və sarsılır. O, xəyanətkar qadını öldürür və çox qorxulu bir qərar qəbul edir - ölkədəki bütün gənc qadınları edam etmək.

Şəhriyar uzun illər boyu sevdiyi qadınla xoşbəxt ömür sürür və rəvayətə görə Şəhrizad hər zaman ona sədaqətli olur.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mart ayının 6-sı Böyük rus bəstəkarı P.İ.Çaykovskinin “Qu gölü” baleti izləyicilərə təqdim olunacaq. 

Klassik balet sənətinin ən gözəl nümunələrindən biri olan “Qu gölü”nü öz repertuarına daxil etməyən balet truppası tapmaq çətindir. Baletin ilk tamaşasını 1895-ci ildə məşhur baletmeysterlər Petipa və İvanov hazırlayıblar. Lakin ömür vəfa etməyib və bəstəkar bu baletin tamaşasını görməyib. “Qu gölü” Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 1940-cı ildə tamaşaya qoyulub. SSRİ Xalq Artisti Qəmər Almaszadə Petipa və İvanovun klassik quruluşu əsasında xoreoqrafik versiya yaradıb. “Qu gölü” uzun illərdir ki, Teatrın repertuarındadır. Bu tamaşada əsas rollarda Teatrın balet truppasının solistləri ilə yanaşı mütəmadi olaraq dünyanın ən istedadlı və tanınmış balet sənəti ulduzları çıxış edirlər. Tamaşanın dirijoru Cavanşir Cəfərovdur. Quruluşçu rejissor isə Qəmər Almaszadədir.

Gənc Tamaşaçılar Teatrında martın 9-u saat 19:00-da Uilyam Şekspirin əsəri olan “Romeo və Culyetta” nümayiş olunacaq. 

İki gəncin nakam məhəbbətinə həsr olunmuş “Romeo və Cülyetta” faciəsi saf məhəbbət, sədaqət, təmiz insani duyğuları təlqin edir, müasirlərimizin, xüsusilə gənclərin estetik tərbiyəsi üçün ideya daşıyıcısına çevrilir. Tamaşanın maraqlı plastik həlli var və onu gözəl musiqi dramaturgiyası müşayiət edir. Quruluşçu rejissor Xalq Artisti Cənnət Səlimovdur. Baş rollarda Elnur Kərimov, Mirzə Ağa Mirzəyev, Günel Məmmədova, Asya Atakişiyeva və digər aktyorlar çıxış edəcək. 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mart ayının 17-si saat 19:00-da “Arşın mal alan” tamaşası yenidən izləyicilərə təqdim olunacaq.

Gənc tacir Əsgər evlənmək fikrinə düşür, həm də istəyir ki, toydan əvvəl mütləq evlənəcəyi qızı görüb bəyənsin. Amma hansı ata öz qızını ona göstərərdi? Axı bu, o vaxtki adətlərə zidd idi. Dostu Süleyman məsləhət görür ki, Əsgər arşın-malçı libası geyinib qapı-qapı gəzərək xanımlara mal satsın. Yalnız bu yolla ürəyinə yatan qızı seçib sevmək mümkün idi, çünki heç bir qız arşın-malçıdan üzünü gizlətməzdi.

Əsgər dostunun məsləhətinə qulaq asıb öz təzə qiyafəsində Soltan bəyin evinə gəlib çıxır. Hadisələr də bundan sonra cərəyan etməyə başlayır.

Tamaşanın dirijoru  Əməkdar incəsənət xadimi Sevil Haciyeva, quruluşçu rejissor isə Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. 

Martın 17-si saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında "Mən dəyərəm min cavana” tamaşası nümayiş olunacaq.

Sözügedən əsərin Müəllifi xalq artisti Faiq Sücəddinov və Tamara Vəliyevadır. Tamaşada rolları Xalq artistləri İlham Namiq Kamal, Afaq Bəşirqızı, Əməkdar artistlər Səidə Şərifəliyeva, Nərgiz Kərimova, Nahidə Orucova, Əkbər Əlizadə, Ələkbər Əliyev və digər aktyorlar ifa edib. 

Azərbaycan Dövlət Musiqili Teatrında martın 24-ü saat 19:00-da “Leyli və Məcnun” operası tamaşaçıların ixtiyarına veriləcək.

Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Haciyeva, quruluşçu rejissor isə  Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. 

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Qurban Səidin məşhur “Əli və Nino” romanı əsasında səhnələşdirilən eyniadlı tamaşa mart ayının 31-i saat 19:00-da təqdim edəcək. 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında səhnələşdirilən tamaşada hadisələr 1914-1920-ci illəri əhatə edir. Romanı teatr üçün Valentina Reznikova hazırlayıb.

Azərbaycan aristokratiyasının həyatından maraqlı faktlar, Bakının o dövrdəki mədəni və ictimai həyatı, həmçinin Əli və Ninonu bir-birindən ayıran faciəli hadisələr – bütün bunlar quruluşçu rejissor İlqar Safatın hazırladığı tamaşada əksini tapıb.

Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan səhnə əsərini izləmək üçün yolunuzu Rus Dram Teatrından salmanız kifayətdir. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri