28 
Fev
2019
17:56
20
456
5326
Virtual karabakh

Cəfər Cabbarlının ev muzeyi sökülür - FOTO-VİDEO

28 Fev, 2019
17:56
5326

Cəfər Cabbarlının ev muzeyi sökülür - FOTO-VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Azərbaycan dramaturgiyasının banilərindən biri, görkəmli ədib, yazıçı və dramaturq Cəfər Cabbarlının Bakıdakı ev muzeyinin sökülməsi ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az məsələ ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarənin rəisi Cəlil Məlikovun münasibətini öyrənib.

İdarə rəisi açıqlamasında bildirib ki, inşaat işləri nəticəsində ərazidə sürüşmə baş verib və muzey binasında dərin çatlar və çökmə ilə nəticələnən fəsadlar əmələ gəlib.

“Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 44/48 ünvanında yerləşən ev muzeyi 1976-cı ildə yaradılıb. Son illər ərzində şəhərin dağlıq hissəsində aparılan intensiv inşaat işləri nəticəsində ərazidə sürüşmə baş verib və muzey binasında dərin çatlar və çökmə ilə nəticələnən fəsadlar əmələ gəlib. Divardakı çatlar və bünövrənin zədələməsi muzey binasında əsaslı təmir işlərinin aparılmasına imkan vermir və muzeyin fəaliyyətinin bərpa edilməsi yalnız mövcud tikililərin sökülərək yenidən inşa edilməsi yolu ilə mümkündür”.

Cəlil Məlikov qeyd edib ki, yaranmış vəziyyətlə əlaqədar nazirliyin əmri ilə muzeyin ekspozisiyası bağlanıb və nazirliyin digər əmri ilə mədəniyyət sərvətlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə memorial eksponatların (9790 ədəd), inventar və avadanlığın Muzey Mərkəzində fəaliyyət göstərən C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin xüsusi ayrılmış sahəsinə köçürülməsi təmin edilib:

“Baş İdarə tərəfindən dəfələrlə C.Cabbarlı ailəsinin üzvlərinin nəzərinə çatdırılıb ki, muzey binalarının yenidən qurulması üçün o vaxt vəsait ayıra bilər ki, tikililər və ərazi nazirliyin balansına qaytarılsın və gələcəkdə muzey binalarına, mülkiyyətinə ailə tərəfindən iddialar qaldırılmasın.

Baş İdarə muzeyin fəaliyyətinin bərpa edilməsi üçün yollar axtarıb. Lakin məsələni qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək mümkün olmayıb.

2012-ci ildə C.Cabbarlının ailəsi tərəfindən Baş İdarəyə muzeyin saxlanılması və regenerasiya olunması nəzərə alınmaqla ərazinin yüksək mərtəbəli binanın tikintisi məqsədilə özəl şirkətə verilməsi barədə konkret təşəbbüs daxil olub. Sonralar ailə tərəfindən ərazi və tikililər həmin şirkətin adına alqı-satqı yolu ilə sənədləşdirilib”.

İdarə rəisi qeyd edib ki, muzeyin yerində tikiləcək binanın 1-ci mərtəbəsində və ya binanın ərazisində ev muzeyi saxlanılacaq.

Hazırda Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Cəfər Cabbarlının ev muzeyi üçün C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xüsusi ayrılan ekspozisiya sahəsində yeni bədii tərtibat işlərinin aparılması nəzərdə tutulub.

Bu ekspozisiya C.Cabbarlının ev muzeyi öz tarixi yerində fəaliyyətə başlayana kimi nümayiş olunacaq.

 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri