11 
Apr
2019
22:35
90
271
1907
Virtual karabakh

Bakıda Rusiya Mədəniyyəti Günləri başlayıb

Aprelin 11-də Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimi açan mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinin iki xalqın həyatında əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. Nazir deyib:

“Bu gün dünya şöhrətli “Kreml baleti” görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Fikrət Əmirovun “Min bir gecə” baletini təqdim edəcək. Qeyd etmək istəyirəm ki, bugünkü tamaşanın səhnə tərtibatçısı Azərbaycan mədəniyyətinin daha bir görkəmli nümayəndəsi – Xalq rəssamı Tahir Salahovdur. “Min bir gecə” baletinin nümayişi görkəmli fırça ustasının 90 illik yubileyinə həsr olunub.

Vurğulamaq istəyirəm ki, Azərbaycanı və Rusiyanı bir çox sahələrdə səmimi mehriban qonşuluq əlaqələri birləşdirir. Ölkələrimizin mədəniyyət xadimləri, incəsənət ustaları, yaradıcı kollektivləri həm Rusiyada, həm də Azərbaycanda keçirilən bir çox festivallarda, simpoziumlarda, forumlarda və digər tədbirlərdə iştirak edirlər. İki ölkənin Mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Bir daha burada toplaşanları bu əlamətdar hadisə münasibətilə təbrik edirəm”.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri xanım Valentina Matviyenko səmimi qəbula və Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsində dəstəyinə görə Azərbaycan Respublikasının hökumətinə təşəkkürünü bildirib.

O qeyd edib ki, Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolu birləşdirir. Məhz bu, iki dövlətin strateji tərəfdaşlıq səviyyəsində gələcək əməkdaşlığına şərait yaradır. Federasiya Şurasının sədri deyib: ”Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində aralarında səmimi, etimada söykənən münasibətlərin olduğu prezidentlər Vladimir Putinin və İlham Əliyevin mühüm rolu var. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Federasiya Şurası və Milli Məclis uzun illərdir daimi qarşılıqlı fəaliyyət göstərirlər”.

Valentina Matviyenko Rusiya və Azərbaycanın yaxınlaşmasında, xüsusən humanitar sahədə əlaqələrin möhkəmlənməsində mühüm rola malik olan Bakı Beynəlxalq Humanitar Forumunu mötəbər dialoq məkanı adlandırıb. O deyib:

“Azərbaycanda rus dilinin qorunub saxlanılmasını və təbliğini Rusiyada yüksək qiymətləndirirlər. Azərbaycanda Rusiyanın aparıcı ali məktəblərinin filialları, rus dilində təhsil verən məktəblər fəaliyyət göstərir, uzun illər ərzində Rus Dram Teatrı və digər mədəniyyət ocaqları işini davam etdirir. Bütün bunlara görə rusiyalıların hamısının adından Azərbaycan Respublikasının rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm”.

Sonra “Min bir gecə” baleti nümayiş olunub. Tamaşaçılar “Kreml baleti” teatrının artistlərinin ifasında Şəhrizadın nağıllarının sevimli personajlarını səhnədə görüblər.

Tamaşa böyük maraqla qarşılanıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri