12 
Apr
2021
18:33
192
39
7260
Virtual karabakh

Anar, Kamal Abdulla və Rasim Balayev AzTV-də: Bədii Şuranın tərkibi dəyişdi – FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılan Bədii Şuranın tərkibində dəyişiklik olub.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Şuranın yeni tərkibinə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Xalq yazıçısı Kamal Abdulla, Xalq artisti Rasim Balayev, Xalq artisti, tanınmış diktor Ofeliya Sənani, Bakı Dövlət Universitetinin dekanı Vüqar Əliyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, bəstəkar, Xalq artisti Eldar Mansurov, teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli daxildir.

Şuranın ilk iclası bu gün – aprelin 12-də QSC sədri Rövşən Məmmədovun rəhbərliyi ilə keçirilib. Sədr cari ildə nəzərdə tutulan işlər, yeni layihələrlə bağlı məlumat verib. Bildirib ki, Şuranın üzərinə düşən əsas missiya AzTV-nin nəzdində fəaliyyət göstərən kanalların işinə nəzər salmaq, mövcud olan çatışmazlıqları müzakirəyə çıxarmaqdır:

“Bu gün Azərbaycan Televiziyasında aparılan islahatlar müasir tələblərə cavab versə də, biz üzərimizə götürdüyümüz öhdəliklərə nə dərəcədə əməl etdiyimizi kənar gözlərlə görmək istəyirik. Pandemiya şəraitini nəzərə alaraq Bədii Şura üzvləri ilə ayda bir dəfə iclas təşkil etmək olar”. 

Sədr Rövşən Məmmədov Azərbaycan Televiziyası, “Mədəniyyət” və “İdman” kanallarında yayımlanan verilişlərin daha effektiv olması məqsədilə Bədii Şura üzvlərinin müxtəlif bölgələrdə ictimaiyyətlə görüşlər keçirilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra Bədii Şuranın yeni üzvləri təkliflərini səsləndiriblər.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Bədii Şuranın iclasları ayda bir dəfə keçiriləcək.
Şura üzvlərinin növbəti iclası may ayında baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri