24 
İyn
2021
19:52
190
18
6943
Virtual karabakh

Silah ustası Emin Məmmədov Xalça Muzeyinə iki xəncər bağışladı - FOTO

“Bu gün, 24 iyun 2021-ci il tarixində, Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə məşhur silah ustası Emin Məmmədovun muzeyə bağışladığı iki xəncərin təqdimatı keçirildi”.

Bu sözləri Azərbaycan Xalça Muzeyinin rəhbəri Şirin Məlikova öz “Facebook” hesabında paylaşıb.

O bildirib ki, bu sənət əsərlərinin müəllifi E.Məmmədov Kanadada yaşayıb fəaliyyət göstərsə də, Azərbaycan silahsazlıq sənəti ənənənələrini yaşadır, bu sənətkarlıq nümunələrinin hazırlanması, tədqiqatı və təbliğatı ilə məşğuldur. 

“Sənətkar Aleksandr Voloviklə birlikdə nəfis tərtibatı və məlumatların zənginliyi ilə maraq doğuran “The Azerbaijan Armourer’s Art” (“Azərbaycan silah sənəti”) kitabının müəllifidir. E.Məmmədov YUNESKO tərəfindən bu ilin aprel ayında Parisdə təşkil olunan “Culture for Peace” (Mədəniyyət sülh naminə) müsabiqəsində I yer tutub” – deyə o qeyd edib.

Şirin Məlikova Emin Məmmədovun xalça muzeyinə bağışladığı xəncərlərdən də söz açıb.

“Azərbaycanın ənənəvi bədii silah işi ustası E.Məmmədovun muzeyimizə hədiyyə etdiyi xəncərlərdən biri Şamaxı silahsazlıq ənənələri əsasında hazırlanıb. Xəncərin qını böyük maraq doğurur. Onun yuxarısında ibadət edən zadəgan kişi, aşağı hissəsində isə milli geyimli bəy və gəlin, həmçinin zəngin nəbati naxışlar həkk olunub. Xəncərin tiyəsindəki kətəbələrin içərisində ərəb əlifbası ilə xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” sözləri həkk olunub. 
İkinci xəncərin bədii quruluşu isə Qacar dövrünün silahları üçün xarakterikdir. Onun qını və dəstəsi gümüşlə inkrustasiya olunmuş, zərif buta və digər nəbati naxışlarla bəzədilib. Xəncərin tiyəsində ərəb əlifbası ilə kətəbələrin içərisində xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” yazısı həkk olunub. 

Müasir dövrdə qədim sənət ənənələrimizin yaşadığını sübut edən bu dəyərli əsərlər muzeyimizin kolleksiyasına daxil edilib və daimi ekspozisiyada öz layiqli yerini tutur.
Bu gün silahsazların sayı barmaq sayı qədərdir. Bu işin çətinliyi ilə əlaqədardır ki, həmin əsərlərin yaradıcılıq nöqteyi nəzərdəd qiymətini artırır.

Biz hörmətli Emin bəyə uzun ömür, cansağlığı, fəaliyyətlərində uğurlar arzulayırıq! Emin bəy uzaq diyarda təkcə Azərbaycan silahsazlıq ənənənələrini deyil, həm də xalqımızın xeyriyyəçilik ənənələrini yaşadır. Ümidvarıq ki, o, yaxın gələcəkdə doğma vətəninə gəlib müəllifi olduğu dəyərli sənət əsərlərini muzeyimizin ekspozisiyasında seyr edəcək”.

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri