Dek
2021
18:06
21
165
3838
Virtual karabakh

Xəstə yatağında olan Novruz Qartal: “Bir saniyənin içində obrazımı dəyişirdim” - MÜSAHİBƏ + FOTO

9 Dek, 2021
18:06
3838

Xəstə yatağında olan Novruz Qartal: “Bir saniyənin içində obrazımı dəyişirdim” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha onun üz-gözündə səhnə işığı yox, yatağının yanındakı pəncərənin xəsisliklə bölüşdüyü zəif işıq dolaşır. Solğun çöhrəsi, çökəyə düşmüş gözləri... Ancaq nə itirdiyi çəki, nə taqətsiz halı, nə də yorğan-döşəyi o gözlərdəki işığı söndürə bilir. O işıq, o alovlu baxış ki, səhnədə də daim belə idi, məhz belə.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, əməkdar artist Novruz Qartalın APA-ya müsahibəsini təqdim edirik:

- Bilirsiniz, Novruz müəllim, siz hətta xəstə halınızla da yaraşıqlısınız.

- Hə? (gülür)

- Necəsiniz? Özünüzü necə hiss edirsiniz?

- İndi bir az yaxşıyam.

Ağır-ağır danışır.

- Necə oldu yorğan-döşəyə düşdünüz?

- Heç özüm də bilmədim. Əvvəlcə köp əmələ gəldi, bu köp məni çox incidirdi, həkimə getdim, müayinə etdilər, dedilər xəstəxanada qalmalısan. Xəstəxanada qaldım, sonra əməliyyat etdilər...

- Axırıncı dəfə nə vaxt səhnəyə çıxmısınız?

- Axırıncı dəfə noyabrda səhnəyə çıxmışam. “Məşədi İbad” tamaşasında Məşədi Qəzənfər rolunu oynamışam.

- Darıxmırsınız səhnə üçün?

- Çox... Səhnə üçün yaman darıxıram. Axırıncı dəfə Məşədi İbad rolunu mənə vermişdilər. Mən o rolu oynamağı çox istəyirdim. Ancaq oynaya bilmədim...

Gördüm ki, halım yoxdur. Ona görə, yenə hamamçını oynamalı oldum. Ancaq onu da deyim ki, bu günə qədər o balaca obrazda məni əvəz edən yoxdur. Hə, bir də bu yaxınlarda bir filmə çəkilmişdim, onun təqdimatına gedə bilmədim. Ona görə çox pis oldum.

- Filmdən söz düşmüşkən, cavanlığınızda nə əcəb filmlərdə rol almamısınız? Biz sizi daha çox teatr aktyoru kimi tanıyırıq.

- Filmlərə təkliflər olurdu o vaxtlar. Mən teatrı daha çox sevmişəm. Bir də haqsızlıqlar... Bəzən olurdu ki, mən bir rolu istəyirdim, ancaq həmin rolu başqasına verirdilər, onda da inciyib teatra getmirdim. Elə vaxt olub ki, bütün məşqlər bitib, bilmişəm ki, artıq sabah çəkiliş olacaq, çəkilişə getmişəm, mənə deyiblər ki, sən çəkilməyəcəksən. Demişəm ki, axı, məşq eləmişəm? Sonra öyrənmişəm ki, filankəs bir blok “Marlboro” verib deyə həmin adamı çəkiblər. Yəni bir blok “Marlboro”ya görə mənim rolumu başqasına veriblər.

- Bəs, siz bu haqsızlıqların üstündən bir “Marlboro” çəkməmisinizmi? İncitməyibmi sizi bunlar?

Dözürdüm...  Mən həmişə istəmişəm ki, yaxşılıq edim. Bir də dözmək deyəndə ki, qastrollara çox çıxırdım. Bəzən aylarla Bakıda olmurdum. Ona görə də bu haqsızlıqlar barədə düşünməyə vaxt tapmırdım.

Mən haralarda olmamışam?! Hərbi hissələr, cəbhə bölgəsi, səngərlər, əlillər, qocalar evləri, Neft Daşları, Gürcüstan, Moskva... Çox güclü dəstəm vardı: Xanım Qafarova, Elçin Həmidov, Lütfiyyə Səfərova... Çox yaxşı işlər görürdük.

- Bilirsiniz, sizə görə narahat olan nə qədər adamlar var?

- Bilirəm. Amma bir şey deyim. Mən inanmırdım.

Dünənə kimi bu qədər sevildiyimə inanmırdım. Xalqımdan razıyam. Heç inanmazdım ki, millət mənə görə də ayağa qalxar. Təsəvvür edin, xəstəxanada camaat mənə qan vermək üçün növbəyə dayanmışdı. Mən özüm şoka düşdüm. Əməliyyatıma pul almadılar, pulsuz etdilər, çox sağ olsunlar.

- Sənət yoldaşlarınız necə, sizinlə maraqlanırlarmı?

- Hər gün gəlirlər, maraqlanırlar. Dünən də gəlmişdilər. Teatrdan da maraqlanırlar. Mən iyirmi il aktyor truppasının müdiri olmuşam, işlədiyim dövrdə heç kimi incitməmişəm. Ona görə də hörmətimi bu gün də saxlayırlar.

- Bu gün nədən narazısınız?

- Mənə Xalq artisti adı verilməyib, evim yoxdu. O da inşallah, inanıram ki, həll olacaq.

Söhbətin bu yerində ailəsinin dilindən elə “ev-ev” kəlməsi eşidilir. Amma Novruz müəllim özünü elə aparır ki, guya eşitmir. Sığışdırmır özünə bu haqda danışmağı. İstəyir yaradıcılığından danışaq. Bilirəm, bilirəm ki, Qartal qorxur, “kirayələrdə sürünürəm” deməkdən.

- Necə olub Qartal təxəllüsünü götürmüsünüz?

- İlk dəfə Qartal adını mənə Gürcüstanda deyiblər. Deməli, Gürcüstanda qastrolda olanda mənə ona görə Qartal deyirdilər ki, bir saniyənin içində obrazımı dəyişə bilirdim. “Qartal kimi cəldsən, Qartalsan sən”, - deyirdilər. Sonra Bakıya qayıtdıq. Üstündən bir müddət keçdi. Gördüm teatrın qarşısında bir afişa var. Afişada yazılıb ki, Novruz Qartalın iştirakı ilə. Onda mən heç bilmədim ki, Qartal mənəm. Dedim yəqin bu Qartal kimdirsə yəqin Türkiyədən falan gəlib. Sonra teatrdan mənə bildirdilər ki, bundan sonra Qartal olacaqsan, razılaşmadım. Küsdüm, bir həftə teatra getmədim. Axırda dalımca maşın yolladılar, getdim. Dedim afişanı dəyişib öz familiyamı yazsınlar.

- Öz familiyanız nədir?

Əliyev (susur, elə bil nəyisə unudur). Hə, onu deyirdim, axı. Dedim ki, məni azdan-çoxdan “Hicran” tamaşasına görə, bu familiya ilə tanıyırlar, afişanı ləğv edin. Yenə sözümə baxmadılar. Beləcə oldum Qartal. Amma xalq da məni Qartal kimi qəbul etdi. İndi uşaqlar mənə Qartal baba deyir.

- Qartal babanın bu gün imkanı olsa, hansı rolu ilə süzər teatr səmasında?

- Ən sevdiyim obraz Məşədi Qəzənfərdir. O obrazımı çox sevirəm. Bilirsiniz, mənə həmişə nə rol verilibsə, onun öhdəsindən gəlmişəm. Ən balaca obrazlarımla belə alqış qazanmışam. Bilmirəm, bundan sonra yenə çıxış edə, o alqışları eşidə biləcəyəmmi?

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri