Avq
2022
15:44
34
84
1921
Virtual karabakh

O “Parazit”dən bizdə niyə yoxdur? - Ssenaristlər yaxşı kino çəkməyin sirrindən DANIŞDILAR

2 Avq, 2022
15:44
1921

O “Parazit”dən bizdə niyə yoxdur? - Ssenaristlər yaxşı kino çəkməyin sirrindən DANIŞDILAR

“Bir kino adamı kimi mövcud vəziyyət məni qane etmir. Kino sahəsindəki potensialın ortaya çıxması üçün dövlət tərəfindən idmana göstərilən qayğının kinoya da göstərilməsi kifayətdir”.

Bu sözləri Milli Kino Günü münasibətilə Oxu.Az-a açıqlama verən aktyor və ssenarist Azər Aydəmir deyib. O, kinonun hazırda Azərbaycanda prioritet sahə olmadığını qeyd edib:

“Bu sahə dövlət üçün ilk sırada dayanmır və anlaşılandır. Çünki təzə müharibədən çıxmışıq, görüləsi başqa vacib işlər var. Məlumdur ki, Mədəniyyət Nazirliyi nazirdən tutmuş bütün vəzifəli şəxslərə kimi komanda olaraq dəyişib. Biz isə iki ildir, bu dəyişikliyin nəticəsini gözləyirik, amma hələ heç nə görməmişik.

Gələn il kinomuzun 125 illiyi, yəni yubileyi olacaq. Yeni komandanın da işə başlamasının üç ili tamamlanacaq. Bu üç ilin nəticəsi olaraq isə həm dövlətin, həm özəl sektorun ciddi dəyişikliklər etməsini gözləyirəm. Sovet vaxtı olan filmlər geri dönməyəcək, onlar o dövrdə qaldı, indi yeni filmlər çəkilə bilər və çəkilir də. Onların bir hədəfi var: Sovet kinosundan daha yaxşı olmaq. Bunu kim bacaracaqsa, həmin insan udacaq. Bizdə bunu bacaracaq potensial var. Sadəcə onu ortaya qoymaq, inkişaf etdirmək üçün heç maliyyə də yox, bir az stimul lazımdır”.

Aktyor və rejissor Taleh Yüzbəyov isə kinomuzun bugünkü vəziyyətini qeyri-stabil olaraq qiymətləndirib:

“Nə yaxşı, nə pis deyərdim. Çünki gah yaxşı, gah da pis olur. O isə ayrı-ayrı filmlərin çıxması, müəyyən hadisələrin baş verməyindən asılıdır. Ən böyük problemimiz odur ki, bizim mütəxəssis yetişdirən universitetimiz, kurslarımız yoxdur. Bu sahədə olan adamın çoxu peşəsini özü öyrənib. Aktyorundan tutmuş montajçısına kimi hamıda vəziyyət belədir.

Sovet vaxtında kino institutu vardı, ona görə də kino mütəxəssisləri çox idi, oturuşmuş bir sistem olduğuna görə sahəyə milyonlarla pul xərclənirdi. Deyirlər, uğur qazanan kinolarımız sovet vaxtı çox olub, amma bizim müstəqillik dövründəki kinolarımız daha çox festival uğurları qazanıb. Tam müstəqil film olan Hilal Baydarovun filmi bir neçə film festivalının əsas müsabiqəsinə düşüb. Bu, Azərbaycan kino tarixində bir ilkdir”.

Həmsöhbətimiz yaxşı kino çəkmək üçün görülməli olan tədbirlərdən də söz açıb:

“Biz yaxşı kino çəkə bilərik. Sadəcə müstəqil kinoya ayrılacaq vəsait lazımdır. Azərbaycan Dövlət Film Fondu azad sənətkarlara diqqət ayırmalı, xırda büdcəli art filmlərinə məbləğ ayırmaqda maraqlı olmalıdır. “Oskar” sadəcə bir mükafatdır, bizim kinomuz da ona layiq görülə bilər.

“Parazit” (2019-cu ildə Cənubi Koreya istehsalı olan qara komediya “Oskar” mükafatı alan ilk ingiliscə olmayan filmdir - red.) filminin qalib gəlməsi göstərdi ki, kinonun dili əsas deyil, sən yaxşı film çəksən, “Oskar” qazana bilərsən. Ümumilikdə isə əsas məqsəd bu olmamalıdır. Sadəcə, öz dəst-xəttimizlə filmlər çəkərək maraqlı işlər ortaya qoya bilərik. Bunun üçün isə kino sahəsində müəyyən vergi güzəştləri olmalıdır, bunu dəfələrlə demişəm. Kino çəkilməsi üçün əlverişli şərait yaradılmalıdır ki, şirkətlər kino çəkilişinə pul ayırmağa maraqlı olsunlar. Əgər kino çəkən adamlar gəlir vergisindən azad edilsələr, dövlət inkişafa daha çox təkan vermiş olar. Türkiyə və bir çox başqa ölkələrdə bunun sayəsində kino sahəsində inkişaf var”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri