10 
Mar
2023
15:32
19
130
2398
Virtual karabakh

Teatr aktyorları aldıqları maaşla dolana bilirlərmi? - SORĞU + FOTO

10 Mar, 2023
15:32
2398

Teatr aktyorları aldıqları maaşla dolana bilirlərmi? - SORĞU + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün milli teatrımızın 150 illik yubileyidir. 

Oxu. Az bu münasibətlə teatrımızın aktyorlarını təbrik edib və onların güzəranı ilə maraqlanıb. “Bu gün teatr aktyoru aldığı maaşla dolana bilirmi?”, - sualına sənətkarlarımız bu cavabları veriblər.

Xalq artisti Əli Nur:

“Aktyor maaşı üç-beş gün dolanmağa bəs edir. Biz fanatik olduğumuz üçün bu işlə məşğul oluruq. Necə ki, vaxtilə Ərəblinski bu fədakarlığı edirdi. Sovet dövründə elə olurdu ki, aktyor üç-dörd ay maaş almırdı. Əlbəttə, müstəqillik dövründə bir sıra problemlər də öz həllini tapıb. Baxın, aktyorlar da digər peşə nümayəndələri kimi hər səhər işə gedir, ancaq onlar digərləri evə qayıdanda da yenidən işə başlamalı olurlar. Bir sözlə, bu peşənin nümayəndələri fədakardırlar”. 

Əməkdar artist Azad Şükürov:

“Desəm ki, yağ içində böyrək kimi yaşayırıq, yalan demiş olaram. Heç kimə sirr deyil ki, ən aşağı maaş mədəni-maarif müəssisələrindədir. Düzdür, indi müəyyən qisim aktyorlar Prezident təqaüdü ilə təmin olunub. Allah ölkəmizin başçısını qorusun.  Biz dövlətin diqqətini hiss edirik. Ona görə də istəmirəm ki, siz mənim dediklərimi dövlətdən narazılıq kimi qəbul edəsiniz. Sadəcə həqiqət budur ki, bəzi aktyorlar çox çətinlik çəkir. Xüsusilə də gənclər. Çünki onlar teatrın maaşı ilə dolana bilmirlər. Bəzilərinin də dublyaja getməyə, başqa işlərlə məşğul olmağa vaxtı qalmır. Təəssüf ki, teatrda məvacib ürəkaçan deyil”. 

Aktrisa Zülfiyyə Qurbanova:

“Açığı, hazırda teatrlarda aktyorların maaşında artım var deyə, əvvəlkinə nisbətdə vəziyyət yaxşıdır. İnşallah ki, yenə artım olar.

Təəssüf ki, aktyorlar eyni zamanda bir neçə iş görməyə məcbur olurlar. Dolanışıq normal olsun deyə, gah çəkilişə, gah da dublyaja qaçırlar. Amma yenə də deyim ki, əvvəlkinə nisbətdə maaşlar normallaşıb”.

Kukla Teatrının baş rejissoru Qurban Məsimov:

“Teatr aktyorları fədaidirlər. Əlbəttə, istərdik ki, diqqət daha çox olsun. Aktyor öz maaşı ilə özünü təmin edə bilsin. Xüsusilə də evsizlik... Gənc aktyorlar evsizlik ucbatından ailə qura bilmirlər. Bilirsiniz, insan belə problemlərə görə narahat olanda sevdiyi işlə də məşğul olmaq çətin olur.  Bunu onlarla adi tamaşa quranda da hiss edə bilirsən”.

Əməkdar artist Hicran Nəsirova:

“Şükürlər olsun ki, son dövrlərdə maaşlarda artım olub. Dövlət tərəfindən diqqət var. Ancaq bilirsiniz ki, bütün dünyada bahalaşma gedir. 

Daha çox diqqət olsun teatra. Yaradıcı adama rahatlıq dinclik lazımdır. O gün gənc aktyorlar yol pullarını hesablayıb deyirdilər ki, qazandıqlarının nə qədəri elə yol puluna gedir. Mən şükürlü insanam. Ancaq biri var ki, rahatlıqla yaşayırsan, biri də var, çırpına-çırpına”.

Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri