20 
Noy
2017
12:03
23
42
1055
Virtual karabakh

Bakı Limanı "Yaşıl Liman" təşəbbüsü üzrə Avropa İttifaqı ilə əlaqələri genişləndirir

20 Noy, 2017
12:03
1055

Bakı Limanı "Yaşıl Liman" təşəbbüsü üzrə Avropa İttifaqı ilə əlaqələri genişləndirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin təşəbbüsü ilə 20-21 noyabr tarixlərində Avropa İttifaqının (Aİ) TAIEX aləti çərçivəsində “Yaşıl Limanların İnkişafı” mövzusunda seminar keçirilib.

Bir sıra dövlət qurumlarının və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin mütəxəssislərinin iştirak etdiyi seminarın əsas məqsədi yaşıl və ağıllı limanların inkişafında yeni təşəbbüsləri iştirakçıların diqqətinə çatdırmaq, yaşıl mədəniyyəti təşviq etməkdir.

Qeyd edək ki, 2013-cü ildə Avropa İttifaqının ekoloji, iqtisadi və sosial təminatlarının təmin edilməsi üçün yaşıl infrastrukturdan istifadə strategiyası qəbul edilib. Yeni strategiyanın əsas məqsədi dəniz nəqliyyatı və limanlarda yaşıl infrastrukturun inkişafına yönəlib. Hazırda Bakı Limanı "Yaşıl Liman" statusu almaq üçün bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq etməkdədir.

Bakı Limanının baş direktoru Taleh Ziyadov qonaqları salamlayaraq Bakı Limanının dünya səviyyəli "Yaşıl Liman" və logistika mərkəzi kimi inkişaf etdirilməsi üçün ən son texnologiya və ekoloji standartlara üstünlük verildiyini bildirib. “Ələt qəsəbəsində inşa olunan yeni Bakı Limanı MDB ölkələri arasında "Yaşıl Liman" statusuna malik ilk liman olacaq. Bu məqsədlə limanda Xəzər hövzəsində ilk dəfə olaraq neftlə çirklənmiş və məişət suları təmizləyən qurğular istismar olunmaqdadır”.

Baş direktor, eyni zamanda, liman əməliyyatlarında alternativ enerji mənbələrinə üstünlük veriləcəyini qeyd edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas öz növbəsində, “Yaşıl Limanların İnkişafı” mövzusunda keçirilən TAIEX seminarının əhəmiyyətli olduğunu qeyd edərək daha təmiz enerjiyə keçid dövründə limanların mühüm rol oynadığını bildirib. “Yaşıl limanlara investisiya qoymaq və onları enerji baxımdan daha da səmərəli etmək gələcəyin iqtisadiyyatına qoyulan sərmayədir. Bu baxımdan, Aİ Bakı Limanını dəstəkləməyə və öz bilik və təcrübəsini bölüşməyə hazırdır”.

Seminarda “Bakı Limanında əməliyyat problemlərinə ağıllı həllər”, “Bakı Limanının yaşıl liman konsepsiyası”, “Gələcəyin limanları: ağıllı limana çevrilməsi üçün lazımi həll yolları”, “Davamlılıq, rəqabətin mühüm cəhəti kimi: davamlı və yaşıl təchizat zəncirləri”, o cümlədən “Ətraf mühitin idarə olunması üzrə Aİ qaydaları - qaydaların Bakı Limanında və digər regional limanlara tətbiq etmək imkanları” kimi mövzularda Aİ-nin ekspertləri öz təcrübələrini bölüşərək müzakirələr aparıblar.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri