29 
Dek
2017
17:15
26
109
10592
Virtual karabakh

Azərbaycanda yeni sahibkarlıq növü: Əksəriyyəti qadınlardır

29 Dek, 2017
17:15
10592

Azərbaycanda yeni sahibkarlıq növü: Əksəriyyəti qadınlardır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda sahibkarlıq subyektlərinin meyarlara görə yeni bölgüsü aparıldı. “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna yeni 4-1 (Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü) maddəsi əlavə edilərək sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölündü. 

Oxu.Az xəbər verir ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu maddədə nəzərdə tutulmuş meyarlar əsasında aparılacaq.

Azərbaycan iqtisadiyyatı üçün yeni olan mikro sahibkarlıq nədir? 

Ölkədə sahibkarlıq subyektlərinin bölgüsü 

Bu günə qədər sahibkarlıq subyektləri “işçilərin orta siyahı sayı” və “illik gəlir” göstəricilərinə görə müəyyənləşdirilib. İşçilərin orta siyahı sayı 25 nəfərədək, illik gəliri 200 min manatadək olan sahibkarlar kiçik, işçilərin orta siyahı sayı 25 nəfərdən 125 nəfərədək, illik gəliri 200 min manatdan 1.250 min manatadək olan sahibkarlar orta və işçilərin orta siyahı sayı 125 nəfər və ondan yuxarı, illik gəliri 1.250 min manatdan və ondan yuxarı olan sahibkarlar iri sahibkar olaraq müəyyən olunub. 

Qeyd edək ki, Azərbaycanda iri və orta sahibkarlığa dair statistika ilə bağlı məlumatlar yoxdur. Sadəcə, o bəllidir ki, 2015-ci il üzrə qeydiyyatdan keçmiş hüquqi və fiziki sahibkarlıq subyektlərinin 1 faizi iri, 2 faizi orta, 97 faizi isə kiçik sahibkarlardır. Deməli, Azərbaycanda kiçik sahibkarlıqla məşğul olanların sayı daha çoxdur. Bəs mikro sahibkarlıq bu sırada hansı yeri tutacaq? 

Mikro sahibkarlıq 

Mikro sahibkarlıq subyektləri o şəxslərdir ki, özünün maliyyə vəziyyətinə əsaslanaraq ümumi maliyyə xidmətlərindən istifadə edə bilmirlər. Sahibkarlığın bu növü inkişaf etməkdə olan ölkələrdə ümumi məşğulluq forması hesab edilir. Ümumiyyətlə, mikro sahibkarlığın yayılması birbaşa regionların iqtisadi vəziyyətindən asılıdır. Qərbi Avropa və Şimali Amerikada mikro sahibkarlıq fəaliyyəti, demək olar ki, yoxdur. Dünyanın digər regionlarında isə - Anqolada, Banqladeşdə, Braziliyada, Venesuelada, Vyetnamda, Dominikan Respublikasında, Misirdə, Haitidə, Hindistanda, İndoneziyada, İordaniyada, Keniyada, Çində, Kolumbiyada, Konqoda, Livanda, Madaqaskarda, eləcə də, Meksika və Monqolustan, Mərakeş, Nigeriya, Pakistan, Peru, Seneqal, Tacikistan, Filippin, Cənubi Afrika kimi ölkələrdə mikro sahibkarlıq statusu mövcuddur. Mikro sahibkarların 99 faizi qadınlardır.  

Mikro sahibkar nə ilə məşğul olur?

Mikro sahibkarlıq fəaliyyəti geniş olmur. Məsələn, kənd təsərrüfatında mikro sahibkarlıq fəaliyyətinə qida məhsullarının becərilməsi, emalı və satışı daxidir. Şəhər şəraitində mikro sahibkarlar, adətən, küçələrdə, metroların qarşısında ticarətlə, kiçik yüklərin çatdırılması, şəbəkə marketinqi  ilə məşğul olurlar. 

Mikro sahibkarlığın iqtisadiyyata  töhfəsi çox böyük olmasa da (onlar vergidən yayına bilir), sosial əhəmiyyətləri böyükdür. Mikro sahibkarlıq onların kasıba öz biznesinə başlamaq imkanı yaradır. Eləcə də, inkişaf etməkdə olan ölkələrdə ailə təsərrüfatlarını böhrandan sığortalayır. 

L.Ə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri