27 
İyn
2018
13:50
256
49
3511
Virtual karabakh

Neftin qiyməti 150 dollara yüksələcəkmi? - RƏY

27 İyn, 2018
13:50
3511

Neftin qiyməti 150 dollara yüksələcəkmi? - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ müttəfiqlərindən İrandan neft idxalını noyabr ayına qədər dayandırmalarını istəyib. 

ABŞ-ın Xəzinə Nazirliyinin açıqlamasına görə, noyabrın 4-nə qədər müttəfiq ölkələr, eləcə də, şirkətlər İrandan neft idxalını dayandırmalıdırlar.

Bildirilib ki, şirkətlər göstərilən müddətdə İranla neft ticarəti edərlərsə, ABŞ-ın sanksiyaları ilə üzləşəcəklər.

Qeyd edək ki, ABŞ-ın xəbərdarlığının bazarlara təsiri özünü gecikdirmədi. Belə ki, açıqlamadan dərhal sonra neftin qiyməti bahalaşmağa başladı. Sual doğuran İrana qarşı sanksiyaların neftin qiymətinə hansı həddə qədər təsir göstərəcəyidir.

Belə ki, 2006-cı ildən başlayaraq Qərb İrana qarşı müxtəlif sanksiyalar tətbiq etməsi nəticə etibarilə neftin dünya bazar qiymətinin 150 dollara qədər yüksəlməsinə gətirib-çıxardı. Məhz sanksiyaların aradan qaldırılmasından sonra neft 30 dollara qədər ucuzlaşdı.

Nəzərə alsaq, ABŞ bu dəfə daha sərt və qərarlıdır, neftin barelinin yenidən 150 dollara yüksəlməsi ehtimalı yaranır.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Oxu.Az-a açıqlamasında bildirdi ki, neft London birjasında 77 dollara qədər yüksəlib:

“Bu da Dövlət Departamentində bir mənbənin şirkətlərə İranla neft ticarətini dayandırmaları ilə bağlı xəbərdarlıq etməsinin ictimaiyyətə sızdırılmasından qaynaqlanır. May ayının 12-də ABŞ prezidentinin İrana qarşı sanksiyaların bərpa edilməsi ilə bağlı qərarından sonra əlaqələrə yenidən baxılması uçün altı ay vaxt verilmişdi.

Doğrusu, İranla neft ticarətinin dayandırılması ilin sonuna gözlənilirdi. Ancaq artıq konkret vaxt açıqlandı”.

İ.Şaban deyir ki, şirkətlərə və dövlətlərə xəbərdarlıq bazarda təlatümlə qarşılanıb: 

“ABŞ-ın İrana qarşı atacağı addımlar, bir çoxlarının gözlədiyi kimi, ötəri olmayacaq. Belə ki, sanksiyalar əvvəlkindən daha ciddi və sərt şəkildə həyata keçiriləcək. Ona görə də bazar Dövlət Departamentindəki mənbənin sözlərinə belə reaksiya verir.

İkinci tərəfdən, dünən Vaşinqtonda keçirilən “World Gas Conference”də  ABŞ energetika naziri bildirdi ki, ilin sonuna qədər bazarda qıtlıq yaşana bilər. Bu açıqlama da birjaya təsir edib”.

İ.Şaban deyir ki, hazırda dünyada neftə olan tələbat kifayət qədərdir:

“Makroiqtisadi göstəricilərə əsasən, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin enerjiyə olan tələbatı ilin ikinci yarısında da davam edəcək. Bu da neftin qiymətində, eləcə də, həcmində özünü göstərəcək”.

İ.Şabah hesab edir ki, qeyd edilən proseslər neftin orta illik qiymətinin 70 dollardan aşağı düşməsinə imkan verməyəcək. 

İran neftinin bazar payına toxunan ekspert deyir ki, bu ölkə 3,8 milyon barel gündəlik neft hasil edir: 

“Bunun 2,8 milyon barelini ixrac edir. OPEC-in may ayı üzrə hesabatına əsasən, İranın neft ixracı 2,5 milyon barelə qədər azalıb. Yəni Donald Trampın sanksiyaları imzalamasından sonra İranın neft ixracı 300 min barel düşüb. Belə çıxır ki, xarici neft şirkətləri İran nefti almaqdan imtina etməyə başlayıblar”.

O ki qaldı neftin qiymətinin 150 dollara qədər bahalaşmasına, ekspert bunu real hesab etmir: 

“İran o zaman deyirdi ki, əgər sanksiyalar tətbiq edilərsə, neftin qiyməti 200 dolları keçəcək. Reallıq isə göstərdi ki, bunlar tamamilə cəfəng bəyanatlardır. Bazarın öz qanunauyğunluqları var idi və 2013-cü ilin ortasından neftin qiymətləri enməyə doğru meyillənmişdi.

Bu dəfə də neftin 100 dollar olması real deyil, çünki bazarda nəinki kifayət qədər neft həcmləri var, həmçinin dünyanın enerjiyə olan tələbatını ödəyəcək qədər təbii və sıxılmış qaz həcmləri, eyni zamanda, alternativ enerji kimi mənbələr var.

Düzdür, bunlar əvvəllər də var idi, ancaq xüsusi çəkiləri indiki zamanla müqayisədə xeyli aşağı idi”.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri