27 
Mar
2019
14:26
99
69
8887
Virtual karabakh

“Diqlas”da yanan malın pulunu kim ödəməlidir, günahkar kimdir?

27 Mar, 2019
14:26
8887

“Diqlas”da yanan malın pulunu kim ödəməlidir, günahkar kimdir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Diqlas” son mərtəbəsinədək yanıb kül oldu və bu hadisə özü ilə qanunsuzluqların, problemlərin, “kölgə biznesi”nin sadə vətəndaşlara vurduğu ziyanın daha bir nümunəsinə çevrildi. 

Hadisə zamanı ilk yada düşən isə sığorta oldu. Düzdür, fiziki şəxslər əmlaklarını icbari qaydada sığortalamaqdan yayınsalar da, “Diqlas” kimi ticarət obyektləri mütləq sığortalanırlar, çünki bunu Fövqəladə Hallar Nazirliyi tələb edir.

Nazirlik sahibkarlıq subyektlərində yanğın balonlarının olması, yanğın təhlükəsizliyi, təxliyyə planı, icbari sığorta ilə bağlı şəhadətnaməni istəyir, hətta olmayanda cərimə edir. Buna görə də sahibkarlıq subyektləri əksər hallarda ölkədə “əmlak sığortaçısı” kimi tanınan “Azsığorta” şirkətində öz əmlaklarını sığortalayırlar ki, yoxlama gələndə göstərməyə sənədləri olsun.

Bəli, məhz göstərmək üçün, ona görə ki, etdirdikləri sığorta da elə bu xarakterdə olur.

Sığorta eksperti Xəyal Məmmədxanlı deyir ki, bu obyektlərin heç biri və ya əksəriyyəti real dəyəri həcmində sığortalanmayıb: 

“Sadəcə Fövqəladə Hallar Nazirliyinə kağız göstərmək üçün 5-10 milyon manat dəyərində obyekti ən yaxşı halda 50 min manata, bəzən 50-60 manata belə sığortalayırlar. Bu da olur natamam sığorta”.

Və bu qeyri-real sığortanı qəbul edən sığorta şirkətləri də var, bu da bir ayrı qanunsuzluqdur. Nəticə isə odur ki, ödəniləcək sığorta onlara dəyən ziyanın yanında heç nədir.

Amma “Diqlas” kimi obyektlərin ən böyük probemlərindən biri də odur ki, onlar yararsız yanğın təhlükəsizliyi sisteminə malikdirlər. Bəs buna nəzarət edən qurum hara baxırdı? 

“Bu gün Azərbaycanda fəaliyyət göstərən ticarət mərkəzlərini və bazarlarını sığortalamaq da mümkün deyil. Heç bir sığorta şirkəti o riskin altına girib məsuliyyəti öz üzərinə götürməz”, - deyən X.Məmmədxanlının fikrincə, satılan malların sığorta olunması da mümkün deyildi.

Ona görə də sadə ticarətçiyə “Niyə mallarınızı sığorta etmirdiniz?” iradı belə çox yersizdir.

Səbəbini peşəkar sığortaçı belə izah edir ki, malların sığortalanması mövcud vəziyyətdə real deyildi, çünki həmin malların rəsmi uçotu yoxdur, rəsmi maya dəyəri müəyyən edilməyib.

“İnanın ki, əksər sahibkarlarda malların rəsmi məlumatları yoxdur, nə gömrükdən rəsmi keçid deklarasiyası, nə maya dəyəri. Sahibkar deyəcək bu qədər malım vardı, sığorta şirkəti deyəcək, yox, bu qədər. Ona görə də malların 99 faizi sığortasızdır. Vətəndaşlarımız primitiv yanğın təhlükəsizliyi qaydasını belə bilmirlər”, - deyə ekspert vurğulayır.

Milyonlar dəyərində yanan malın pulunu kim ödəməlidir, günahkar kimdir?

Mal sahibləri hər ay “Diqlas”a icarə haqqı ödəyiblər. Onlardan bir neçəsi ilə söhbətimizi olduğu kimi təqdim edirik.

Südabə Rəhimova: “22 kvadrat metrlik yerə hər ay 300 manat ödəyirdim. Deyirdilər ki, icarə haqqı, vergi, sığorta, təhlükəsizlik - hamısı bunun içindədir. Altı ildir hər ay icarəyə baxan Dilqəm adlı adama 300 manat pul ödəmişəm. İndi 50 min manatlıq malım yanıb, heç birini tapa bilmirik. Biz pulumuzu kimdən alaq?”   

5-ci mərtəbədəki gəlinlik mağazasının sahibi: “200 kvadrat metrə hər ay 1500 manat ödəmişik. Deyirdilər ki, hamısı bu pulun içindədir, indi qaçıb gizləniblər”.

“Bəs bu pulu verəndə əvəzinə hansı sənədi alırdınız? İcarə müqaviləniz varmı?” sualımıza cavab olaraq “Diqlas”dan yer icarəyə götürən hər iki şəxs belə cavab verdi:

“Deyirdilər ki, özümüz hamısını həll edirik, heç bir sənəd belə verməyiblər”.

Bu isə “kölgə biznesi”nin səviyyəsini göstərən adi bir nümunədir.  

Bütün xidmətlərin pulunu alan obyekt sahibi məsuliyyət daşıyırmı? Bəli, bu, birmənalıdır, çünki icarə haqqı ödənilirsə, obyektin sahibi mala görə məsuliyyət daşımalıdır.

Əgər istintaq zamanı müəyyən olunsa ki, yanğına ticarət mərkəzindəki obyektlərdən biri səbəb olub, bu halda belə obyekt sahibi cavabdehlik daşıyır, çünki yanğın təhlükəsizliyinə əməl olunmayıb, eləcə də, digər fövqəladə halların baş verməməsi üçün obyekt zəruri təhlükəsizlik tədbirləri görməyib.

X.Məmmədxanlı miqyasına görə, Binə və Sədərək ticarət mərkəzlərindəki vəziyyəti də nümunə çəkib:

“Hər gün ora 200-300 min insan gedir, orada hansı təhlükəsizlik tədbirindən danışmaq olar? Hər şey taleyin ümidinə qalıb. Fövqəladə hal baş versə, minlərlə insan tələf ola bilər”.

Ekspert təkliflərlə çıxış edib:

1. İnsanların kütləvi olduğu yerlərdə ciddi təhlükəsizlik tədbirləri olmalıdır. Bütün standartlara ciddi əməl olunmalıdır.

2. Vətəndaşlara yanğın təhlükəsizliyi təlimləri keçirilməlidir. İnsanlar təxliyyə, fövqəladə vəziyyətlərdə davranış qaydalarını bilməlidirlər.

3. Bütün fəaliyyətlər rəsmi və şəffaf olmalıdır ki, sığorta şirkətləri riskləri sığortalasınlar.

“Diqlas” yanğını birinci hadisədirmi? Xeyr. Artıq “8-ci km bazarı”nda, Binə və Sədərəkdə bir neçə dəfə analoji yanğınlar olub. Hansı nəticələri çıxarmışıq? Heç birini, əgər belə olsaydı, yaşayış massivində, prospektlərdən birinin düz kənarında yerləşən “Diqlas” son mərtəbəsinədək külə dönməzdi!

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri