May
2019
10:56
138
79
2000
Virtual karabakh

Nazir Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizədən danışdı

Həyata keçirilən vergi islahatlarının əsas məqsədi kölgə iqtisadiyyatının azaldılması, kölgədə fəaliyyət göstərənlərin kölgədən çıxmasından ibarət idi, desəm, yəqin ki, yanılmaram. 

Bu barədə Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarov İTV-də “Diqqət mərkəzi” verilişində bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda kölgə iqtisadiyyatı məsələsinin köklü həlli haqqında danışmaq tezdir.

“Səbəbi, qeyd etdiyim kimi, ondan ibarətdir ki, biz işimizi vergi ödəyicisi ilə münasibətin təbiətinin dəyişdirilməsində görürük. Çünki istənilən dəyişiklik yalnız qol gücü hesabına, inzibati resurs hesabına deyil, münasibətin təbiətinin dəyişdirilməsi, şüurlu, təfəkkürlü, qarşılıqlı münasibətin qurulması hesabına olarsa, dönməz olar. Bu da, təbii olaraq, həm uzun, həm də çətin yoldur”.

M.Cabbarovun sözlərinə görə, rəhbərlik etdiyi qurum birinci rübdə - ilin ilk dörd ayında biznesin leqallaşması, kölgədən çıxması üçün bunu vergi ödəyicisi, biznesin özünün etməsinə imkan veriləcəyini nümayiş etdirməyə çalışıb.

“Xüsusi məqama diqqətinizi cəlb etmək istəyirəm ki, cənab Prezidentin təşəbbüsü ilə, biz Vergi Məcəlləsinə olan dəyişikliklər paketinə yenilik əlavə etmişik, əksər bizneslərdə baş verən kölgədən çıxmaqla bağlı pozuntuları ilk dəfə aşkar edəndə, maliyyə sanksiyası deyil, xəbərdarlıq edirik.

Bu, fikrimcə, dövlətin siyasətini ən açıq və aydın şəkildə əks etdirir. Burada cərimə və sanksiya tətbiq olunmur, ilk növbədə, şüurlu şəkildə vergi ödəyicisinə qayda pozuntusu göstərilir, daha bir şans verilir ki, onu aradan qaldırsın. Və təbii olaraq dövlətin qanunlarına riayət olunmalıdır.

Dövlət orqanlarının və konkret olaraq Vergilər Nazirliyinin işi məhz ondan ibarətdir. Bunun üçün səlahiyyətimiz və peşəkar bacarıqlarımız mövcuddur. Bütün məsələlər, təbii olaraq, hüquqi çərçivədə həll olunmalıdır. Lakin leqallaşma könüllü şəkildə baş vermədiyi halda, biz öz səlahiyyətlərimizdən istifadə edirik”.

M.Cabbarov bəzi sahələrdə kölgə iqtisadiyyatının azalmasının daha sürətlə getdiyini də vurğulayıb:

“Rəqəmlərə nəzər salsaq, qeyd edə bilərəm ki, məsələn, pərakəndə ticarət, topdan satış ticarət, ictimai iaşə, qida məhsullarının satışı kimi sahələrdə vergi dövriyyələrinin artım templəri yüksək olub. Bəzi hallarda 30, bəzən 50, bəzən 55 faiz - bu, inanılmaz artım tempidir. Əslində, bu, bazardakı kölgə səviyyəsinin, klasterlərdə fəaliyyət göstərən vergi ödəyicilərinin kölgədə olmasının göstəricisidir. Lakin qeyd etdiyim kimi, bu proseslər davam edəcək”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri