27 
Mar
2020
11:12
15
177
1862
Virtual karabakh

İqtisadiyyatı koronavirusdan necə mühafizə etməli?

27 Mar, 2020
11:12
1862

İqtisadiyyatı koronavirusdan necə mühafizə etməli?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pərviz Heydərov yazır...

Ölkə iqtisadiyyatına koronavirusun vurduğu zərərləri, o cümlədən neftin dünya bazarlarında aşağı qiymət səviyyəsinin yaratdığı təsirləri aradan qaldırmaq, daha dəqiq desəm, bütün bunlardan sığortalanmaq məqsədilə mövcud valyuta və maliyyə ehtiyatlarından istifadə getdikcə zərurətə çevrilir.

Bu, onsuz da qaçılmaz xarakter daşıyırdı. Çünki hazırkı böhran nəinki Azərbaycan, bütövlükdə dünya iqtisadiyyatı üçün nə 2008-2009-cu, nə də 2014-2016-cı illərdəki böhranlarla müqayisə oluna bilməz.

Bir sıra beynəlxalq maliyyə, ticarət və iqtisadi qurumların rəhbərləri, həmçinin ekspertlər bunu bəyan edirlər. Ümumdünya Ticarət Təşkilatının başçısı bildirib ki, budəfəki iqtisadi tənəzzül və iş yerlərinin itirilməsi 2008-ci ildəki resessiyadan daha pis olacaq.

Xatırladım ki, 2014-2016-cı illərdə təkcə neftin dünya bazar qiymətlərinin düşməsi nəticəsində ölkəmizin Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarından 11 milyard ABŞ dolları həcmində vəsait itirdi. Hansı ki, bu vəsait ancaq valyuta bazarında müvafiq tənzimləməyə sərf olunmuşdu. Başqa sözlə, iqtisadiyyatda hər hansı bir sahənin inkişafına dəstək üçün xərclənmədi.

İndi vəziyyət tam başqadır. Belə ki, koronavirusun ölkə iqtisadiyyatına vurduğu zərərlərin nəticələrindən sığortalanmaq üçün özəl sektor, xüsusən də turizm, mehmanxana, ictimai iaşə obyektləri, kafe və restoranlar, ticarət mərkəzləri, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar hökumətdən dəstək almalıdırlar.

Ona görə ki, bu sferada çalışanlar üzərlərinə düşən öhdəlikləri yerinə yetirmək üçün heç olmasa, gəlirlərindən məhrum olmalı deyillər. Adları çəkilən sektorlarda muzdla çalışanlar işləmədikləri müddətdə işəgötürənlər tərəfindən əməkhaqlarını almalıdırlar.

Bunlar çox mühüm və vacib məsələlərdir.

Dövlət büdcəsindən maaş alanlar onsuz da sığortalıdırlar. Ümumiyyətlə, istənilən böhran ilk olaraq özəl sektoru vurur. Koronavirusun da iqtisadi qurbanları ilk növbədə özəl sektorda çalışanlardır. Odur ki, dövlət məhz onların arxasında durmalıdır!

Amma necə və hansı mexanizm əsasında?!

Hazırda dünyanın istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələri tərəfindən COVID-19 fonunda iqtisadiyyatların stimullaşdırılması tədbirləri həyata keçirilməkdədir. Müvafiq dəstək üçün milyardlarla vəsait ayrılır: məsələn, Hindistanda bu məbləğ 22,6 milyard ABŞ dolları, Birləşmiş Ştatlarda 2 trilyon dollar təşkil edir. 

Bütün bunlar ondan irəli gəlir ki, ölkələrin mərkəzi banklarının ucuz pul-kredit siyasəti yürütmək imkanı və bu tədbirin effektivliyi tükənib. ABŞ-da FES təkcə mart ayında biri növbədənkənar olmaqla, iki dəfə endirim edib və uçot dərəcəsi 0 dərəcəyə kimi aşağı salınıb. Adıçəkilən qurum sonuncu dəfə bu səviyyədə uçot dərəcəsini 2008-ci ildə təyin edib.

Eynilə ölkəmizdə Azərbaycan Mərkəzi Bankının (AMB) ardıcıl olaraq mərkəzi kreditlər üzrə faiz dərəcəsini aşağı salmasına rəğmən, bu imkan tükənməkdədir. Sonuncu dəfə uçot dərəcəsi 7,25 faiz səviyyəsində saxlanıldı ki, başqa əlac yox idi. Ona görə ki, neftin dəyərdən düşməsinə görə 2014-2016-cı illərdə böhranla əlaqədar olaraq, pik nöqtəyə qədər bahalaşdırılan pul-kredit siyasətini ucuzlaşdırma limiti valyuta bazarına təzyiqlərin yenidən bərpa olunacağı qorxusu fonunda bitib. 

İndi tədricən dövriyyədə olan izafi nağd pul kütləsinin sterilizasiyası tədbirlərinə zərurət yaranır ki, tədiyyə balansında vəziyyət hələlik müsbət xarakter daşısa da, neftin qiyməti aşağı qalmaqda davam edərsə, uçot dərəcəsi, əksinə, yüksəldilməli olacaq.

Odur ki, bizdə də iqtisadiyyata ayrıca olaraq maliyyə dəstəyi göstərmək tələb olunur. Dövlət başçımızın bu mənada koronavirus pandemiyasının, bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaqla bağlı bir sıra tədbirlər haqqında imzaladığı sərəncam çox əhəmiyyətlidir.

Məlumdur ki, sərəncamla cari ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Ölkəmizin böyük maliyyə ehtiyatları var və bundan da çox vəsait ayırmaq mümkündür. Lakin əsas bu deyil. Azərbaycanın mövcud valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çoxdur. Bundan əlavə, vergi və gömrük xətti ilə keçən il dövlət büdcəsinə 1 milyard manatdan çox, bu ilin ilk iki ayı ərzində isə əlavə 250 milyon manat vəsait daxil olub.

Dövlət başçısı İlham Əliyev son müsahibələrindən birində qeyd edib: “Biz bu ili çox yaxşı nəticələrlə, göstəricilərlə başlamışıq. İnflyasiya cəmi 2,8 faizdir, əhalinin gəlirləri isə 9 faiz artıb. İqtisadiyyat 2,8 faiz yüksəlib, qeyri-neft sektorunda bu göstərici 6,7 faizdir. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Yəni, ilə çox yaxşı göstəricilərlə başlamışıq. Vergi və gömrük orqanları proqnozdan əlavə 250 milyon manat vəsait toplayıblar. Ancaq biz yaxşı başa düşürük ki, həmin tendensiyaya sanki məhdudiyyət qoyulur. Çünki hazırkı şərtlərdə bu templərlə arta bilmərik. Ona görə makroiqtisadi vəziyyətin sabit saxlanılması üçün sözügedən vəsaitdən istifadə olunacaq”.

Sözün qısası, valyuta ehtiyatlarından əlavə maliyyə vəsaitləri də mövcuddur. Əsas odur ki, bundan iqtisadiyyata dəstək üçün hansı mexanizm əsasında istifadə olunacaq. Stimullaşdırıcı tədbirlər məqsədilə iqtisadiyyatın məhz hansı sektorlarında işgüzar fəallığa dəstək üçün qərar veriləcək - bax, bu məsələlər həllini tapmalıdır.

Girişdə qeyd etdim ki, mövcud valyuta və maliyyə ehtiyatlarından istifadə getdikcə zərurətə çevrilir. Daha sonra xatırlatdım ki, 2014-2016-cı illərdə təkcə neftin dünya bazar qiymətlərinin düşməsi nəticəsində AMB rəsmi valyuta ehtiyatlarından 11 milyard ABŞ dolları həcmində vəsait itirib. Belə ki, bu vəsait ancaq valyuta bazarında müvafiq tənzimləməyə sərf olundu. 

Ölkə iqtisadiyyatına koronavirusun vurduğu və vurmaqda davam etdiyi zərərləri, bir tərəfdən də neftin dünya bazarlarında aşağı qiymət səviyyəsinin yaratdığı təsirləri aradan qaldırmaq, bütün bunlardan sığortalanmaq üçün düzgün istiqamətləndirildiyi təqdirdə heç 1 milyard ABŞ dollarına da ehtiyac yoxdur. 

Vacib olan odur ki, vəsait düzgün istiqamət üzrə xərclənsin.

Zərər dəyən sahələr bəllidir. Hesab edirəm ki, məlum böhranın zərbə vurduğu sahələr üzrə, birincisi, işçilərin aylıq əməkhaqlarının ödənilməsinin qayğısına qalınmalıdır. İkincisi, sahibkarların aylıq kredit və ipoteka ödənişləri üzrə üç aylıq moratorium elan olunmalı və başqa növ güzəştlər edilməlidir. Üçüncüsü, turizm, mehmanxana, ictimai iaşə obyektləri, kafe və restoranlar, ticarət mərkəzləri, nəqliyyat və sair sahələrdə fəaliyyət göstərən iş adamlarına II rüb ərzində müvafiq vergi tətili verilməlidir. Dördüncüsü, idxal və ixrac əməliyyatları ilə məşğul olan işgüzar fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə gömrük rüsumları sahəsində ciddi güzəştlər edilməlidir. Beşincisi, kiçik və orta kənd təsərrüfatı məhsulları istehsalçılarına qarşıdakı üç ay ərzində hər ay müvafiq subsidiya təqdim olunmalıdır.

Əks təqdirdə, ikinci rübdən sonra bəzi makroiqtisadi göstəricilər üzrə ən azı sabitliyi olduğu kimi saxlamaq mümkün olmayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri