28 
İyl
2020
14:05
20
168
3115
Virtual karabakh

SOCAR QHT nümayəndələri ilə onlayn görüşdə insan resurslarının inkişafı proqramını müzakirə etdi - FOTO

28 İyl, 2020
14:05
3115

SOCAR QHT nümayəndələri ilə onlayn görüşdə insan resurslarının inkişafı proqramını müzakirə etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 28-də SOCAR-da qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə insan resurslarının idarə edilməsinə dair onlayn görüş keçirilib.

Tədbir iştirakçılarını salamlayan SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tədbir iştirakçılarını salamlayıb, pandemiya dövründə dünya neft bazarında stabilliyin bərpa olunması məqsədilə Azərbaycanın “OPEC+” ölkələrinin Əməkdaşlıq Bəyannaməsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərindən bəhs edib, bildirib ki, hasilatın azaldılması üçün bir sıra yataqların fəaliyyəti müvəqqəti dayandırılıb.

Yataqların fəaliyyətinin dayandırılması nəticəsində boşdayanmaya yol verilən müəssisələrdə işçilərin müvafiq təlimlərə cəlb edilməsi və həmçinin kompleks qiymətləndirmə vasitəsilə yüksək potensiallı işçilərin müəyyən edilməsinin vacibliyini qeyd edib. X.Məmmədov boşdayanma zamanı işçilərin müraciətləri nəzərə alınmaqla SOCAR-ın daxili tələbatına uyğun vakansiyalar üzrə yerləşdirilməli olduğunu vurğulayıb.

Birbaşa iş yerlərinin dəyişməsi mümkün olmayan işçilər üçün ixtisasartırma və bəzi hallarda ikinci ixtisasa yiyələnmə məqsədilə silsilə təlimlərin keçirilməsi planlaşdırılıb. İşçilərin ixtisasartırma və ixtisasdəyişmə proqramlarına cəlb olunmasının yalnız COVID-19 pandemiyasının təsiri, yaxud dünyada neftə tələbatın azalması ilə deyil, həm də dördüncü sənaye inqilabının yaratdığı çağırışlarla əlaqədar labüdləşdiyi vurğulanıb, onların fərdi inkişaf potensialının ən optimal şəkildə reallaşdırılması üçün bu proqramın tam ədalətli şəkildə həyata keçirilməsi, prosesin şəffaflığının təmin olunmasının əhəmiyyəti xüsusi qeyd edilib.

SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli geniş təqdimatla çıxış edib, 2019-cu ildə SOCAR-ın insan resursları sahəsində əsas fəaliyyət göstəricilərindən, insan resurslarının transformasiya proqramından bəhs edib.

Qeyd olunub ki, daha səriştəli personalın müvafiq struktur bölmələrində saxlanılması və inkişaf etdirilməsi, boşdayanma olduğu halda işçilərin səriştəsinə uyğun digər vakansiyalar üzrə yerləşdirilməsi, bu proseslərdə obyektivliyin təmin edilməsi şirkətin əsas hədəflərindəndir.

İşçilərin kompleks qiymətləndirilməsinin, əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, ixtisas (təhsil və staj) və peşəkarlıq (səriştənin qiymətləndirilməsi və test nəticələri) meyarları əsasında aparılacağı, işə qəbulun yekun seçim mərhələsinin təşkili və keçirilməsi prosesinin isə mərhələli şəkildə müəssisələrə ötürüləcəyi bildirilib.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, karantin dövründə SOCAR işçilərinin 29%-i vəzifə fəaliyyətlərini “evdən iş” üsulu ilə yerinə yetirib, bu dövrdə dörd müəssisə üzrə səriştələrin idarə edilməsi prosesinə start verilib, rəhbər işçilərə maarifləndirmə təlimləri keçirilib.

Məsafədən işləmə ilə bağlı təlimat hazırlanıb, əməkdaşlar karantin şərtləri və daxili qaydalar barədə məlumatlandırılıb. Bu dövrdə 80 təlim mövzusu üzrə 125 onlayn vebinar sessiyası keçirilib, vebinarlarda 6500-dən çox əməkdaş iştirak edib. Görüşün sonunda QHT nümayəndələri onları maraqlandıran suallarla şirkət rəsmilərinə müraciətlər edib, fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, 2019-cu il ərzində SOCAR-ın təlim mərkəzlərində keçirilmiş ixtisasartırma, yenidənhazırlanma, maarifləndirmə təlimlərində minlərlə dinləyici iştirak edib, elan olunmuş vakansiyalar üzrə müsabiqə yolu ilə 1500-ə yaxın yeni işçi qəbul edilib.

Pandemiya dövründə onlayn vebinar formatına üstünlük verilib, bunun nəticəsində bu ilin ilk yarısında ötən ilin analoji dövrü ilə müqayisədə təlim iştirakçılarının sayı 60%-dən çox artıb.

Xatırladaq ki, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib. Nəticədə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti tarixdə qeyd olunmuş ən aşağı səviyyədən (15,81 ABŞ dolları) yüksələrək, artıq 45 ABŞ dolları səviyyəsinə qalxıb.

Bununla belə, dünya bazarlarında pandemiya ilə əlaqədar qeyri-müəyyən şəraitin hələ bir müddət davam etməsi proqnozlaşdırılır. Bu da neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq üçün OPEC+ formatı çərçivəsində hasilatın məhdudlaşdırılması tədbirlərinin hələ bir müddət davam etdirilməsini labüdləşdirir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri