26 
Noy
2020
16:32
674
12
2414
Virtual karabakh

Fransa qərəzli qətnaməyə görə Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşını itirə bilər

Erməni lobbisinin təsiri altında Fransa Senatının qəbul etdiyi qətnamə regionda yeni reallıqların həzm edilə bilməməsini göstərir.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Mərkəzin rəhbəri məsələyə münasibət bildirərkən deyib ki, əslində Azərbaycan Fransanın Cənubi Qafqazda ən iri ticarət partnyorudur və Fransanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 2/3-si məhz Azərbaycanın payına düşür: “Yəni, Ermənistan və Gürcüstanın Fransa ilə cəmi ticarət həcmi Azərbaycanın Fransa ilə ticarət dövriyyəsindən iki dəfə azdır. 2019-cu ilin məlumatına əsasən Azərbaycanın Fransaya ixracı 537 milyon ABŞ dolları, Fransadan idxal olunan malların dəyəri isə 251 milyon ABŞ dolları olub. Ermənistanın 2019-cu ildə Fransaya ixracı cəmi 8,72 milyon ABŞ dolları, Fransadan aldığı malların dəyəri isə 82,95 milyon ABŞ dolları olub. Azərbaycan Fransaya ixracın həcminə görə Ermənistanı 62 dəfə, Fransadan idxalın həcminə görə isə 3 dəfə önləyir. Ticarət dövriyyəsində belə disproporsiya onu göstərir ki, Fransa Senatı praqmatizm və ədaləti deyil, respublikanın təməl prinsiplərinə zidd olaraq erməni havadarlığını üstün tutur”.

İcraçı direktor vurğulayıb ki, Azərbaycan-Fransa ticarət dövriyyəsi müsbət dinamikaya malik olub və 2019-cu ildə Azərbaycandan Fransaya ixrac ötən ilə nisbətən 21,5 faiz, idxal isə 37 faiz artıb: “Fransa Azərbaycanın ixrac etdiyi ölkələr sırasında 4 faiz payla 11-ci yer, idxalında isə 1,83 faiz payla 12-ci yerdədir. Fransa Senatı oturduğu budağı baltalamaqla məşğuldur. 

Azərbaycan həm də Cənubi Qafqazda fransız sərmayələrini ən çox cəlb edən ölkədir. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində iştirak edib. Fransız şirkətləri 1995-2019-cu illər arasında Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə qoyub. Azərbaycanın Fransaya investisiyalarının həcmi 224,7 milyon ABŞ dolları təşkil edib. 2004-2018-ci illərdə Fransanın şirkətləri ölkəmizə aid 2,3 milyard ABŞ dolları həcmində sifarişləri yerinə yetirib. Fransız şirkətləri bundan sonra da Azərbaycanla iqtisadi əlaqələrdə maraqlıdırlar. Xüsusilə də Azərbaycanda post-konflikt quruculuğunda Fransa şirkətləri böyük potensiala malik olduğu halda, Senatın qətnaməsi onları çətin vəziyyətə salır. Gərək bu şirkətlər də Fransa ictimaiyyətinə, parlamentinə və hökumətə izah etsinlər ki, aşırı erməni havadarlığı Fransanın Cənubi Qafqazda maraqlarına sarsıdıcı zərbələr endirir”.

Vüsal Qasımlı qeyd edib ki, Fransanın “Total” şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində 5 faiz və Abşeron offshore ərazisində 50 faiz paya sahibdir: “Fransanın “Total” şirkəti Azərbaycanda neft-qaz layihələrində iştirak edir, Ermənistan isə bu layihələri hədəfə alır və raket hücumları təşkil edir. Fransa Senatının qərarı hüquqi gücə və real təsir imkanına malik olmamaqla, Fransanın milli maraqlarının əleyhinədir, əgər Fransa regionda öz nüfuzunu tamamilə itirmək istəmirsə, Cənubi Qafqazın geostrateji oyunçusu olan Azərbaycanla münasibətləri düzgün tənzimləməlidir”. 

Qeyd edək ki, noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirə edilərək qəbul olunub. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri