21 
Yan
2021
13:18
234
19
954
Virtual karabakh

Rusiyalı iqtisadçı: “Yüklərin tranzitindən həm Gürcüstan, həm də Azərbaycan qazanacaq”

Rusiya və Azərbaycan prezidentləri, həmçinin Ermənistan Baş naziri tərəfindən imzalanmış üçtərəfi saziş Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının genişləndirilməsini nəzərdə tutur. Bu, region ölkələrinin iqtisadi inkişafına müsbət təsir göstərəcək və təhlükəsizliyə öz töhfəsini verəcək.

Lakin görünən odur ki, nəzərdə tutulan işləri həyata keçirmək elə də asan olmayacaq. Belə ki, Ermənistanın nəqliyyat şəbəkəsi yeni reallıqlara tam hazır deyil və onun yenidən qurulması üçün ciddi investisiyalara ehtiyac var. Məsələn, Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Suren Papikyanın sözlərinə görə, təkcə Dilican-İcevan arası dəmiryolu xəttinin bərpası üçün 496 milyon dollar, Cənub istiqamətindəki dəmir yolu xəttinin yenilənməsi üçün isə 211 milyon dollar vəsait lazımdır.

Media.Az bölgədə yeni nəqliyyat dəhlizlərinin yaradılması barədə tanınmış iqtisadçı, Rusiya Prezidenti yanında Kənd Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Maliyyə və Bank İşi fakültəsinin dosenti Sergey Xestanovla söhbət edib.

İqtisadçı bildirib ki, məsələ ilə bağlı ən vacib məqamlardan biri bugünədək Azərbaycandan gələn bütün beynəlxalq və regional nəqliyyat dəhlizlərinin yalnız Gürcüstandan keçməsidir. İndi isə alternativ variantlar üzərində işlərə başlanılıb.

“Nəqliyyat dəhlizləri arasında rəqabət hələ heç kimə mane olmayıb. Hətta deyərdim ki, faydalıdır. Çünki alternativ variantların olduğu bir yerdə rəqabət də olur və tranzitin qiyməti dəyişir. Əlbəttə ki, tranzit tərəflərindən hansınınsa gəlirləri azalacaq. Lakin bu hal gələcəkdə onun xidmətlərinə olan tələbatın artması ilə kompensasiya edilə bilər. Bu isə o deməkdir ki, yüklərin yeni yollarla daşınmasından həm Gürcüstan, həm də Azərbaycan qazanacaq”, - deyə S.Xestanov bildirib.

Ekspert qeyd edib ki, yeni dəhliz Azərbaycan istehsalçıları üçün Türkiyə və Avropa bazarlarına yeni çıxış imkanları yaradacaq. Lakin bunun üçün tam olaraq elektron gömrük qeydiyyatı sisteminə keçilməsi vacibdir. Bu və digər tələblərin yerinə yetirilməsi şərtilə, inteqrasiya bütün tərəflərin, o cümlədən də Ermənistanın maraqlarına uyğundur. 

“Kiçik erməni iqtisadiyyatının daha böyük bazarlarla inteqrasiyası bu ölkəyə yalnız fayda gətirəcək. Ən az ona görə ki, bir qayda olaraq ticarət tərəfdaşı ilə savaşmırlar, müharibə etmirlər. Nəzərdə tutulan layihələrin reallaşdırılması bölgədə sabitliyin möhkəmlənməsinə xidmət edəcək”, - deyə iqtisadçı əlavə edib.

S.Xestanov onu da bildirib ki, hazırda Ermənistanda dəmiryolu vasitəsilə ticarət dövriyyəsi, demək olar ki, sıfır səviyyəsindədir. Vəziyyəti dəyişmək üçünsə ciddi sərmayə lazımdır. Ekspert Azərbaycan tərəfinə bu layihədə investor kimi çıxış etməyi təklif etdi.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri