Fev
2021
12:12
19
75
1984
Virtual karabakh

SOCAR inkişaf strategiyasının olmamasına dair iddialara cavab verdi

4 Fev, 2021
12:12
1984

SOCAR inkişaf strategiyasının olmamasına dair iddialara cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR hazırda 2011-ci ildə hazırlanmış “SOCAR-ın 2025-ci ilə kimi strateji inkişafına dair Kompleks Planı” əsasında fəaliyyət göstərir”.

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi İbrahim Əhmədov SOCAR-ın hazırda heç bir strategiya qüvvədə olmadan fəaliyyət göstərdiyi ilə bağlı iddialara cavab verərkən deyib.

O bildirib ki, bu strategiyanın icrası ilə bağlı hər il SOCAR-ın Davamlı İnkişaf Hesabatı SOCAR-ın internet səhifəsində açıqlanır:

“Ümumiyyətlə, 2005-ci ildən etibarən şirkət müvafiq strateji inkişaf planları əsasında fəaliyyət göstərir. İlk strategiya 2005-2010-cu illəri əhatə edib. Daha sonra 2011-ci ildə 2025-ci ilə qədər görüləcək əsas işləri özündə ehtiva edən strategiya dünyanın bu sahədə aparıcı şirkətlərindən biri olan “PwC” şirkətinin iştirakı ilə hazırlanıb.

Hər il ictimaiyyətə açıqlanan Davamlı İnkişaf Hesabatları da, SOCAR-ın digər hesabatları kimi “Ernst&Young” tərəfindən audit olunur. SOCAR-ın 2025-ci ilədək strategiyasının hələ qüvvədə olduğuna baxmayaraq, Dördüncü Sənaye İnqilabının təsirini, dünya iqtisadiyyatının sürətlə dəyişdiyini və qlobal rəqabətlə ayaqlaşmaq zərurətini nəzərə alaraq, SOCAR artıq yeni strategiyasını da hazırlayıb. Daha əvvəl bu haqda məlumat da vermişdik. Bu işə dünyanın digər aparıcı məsləhətçi şirkəti “McKinsey” cəlb olunub”.

İbrahim Əhmədov əlavə edib ki, 2025-ci ilə qədər strategiyanın mövcudluğunu və onun əsasında 2035-ci ilədək yeni strategiya üzərində işlərin aparılmasının əhəmiyyətini SOCAR-ın prezidenti də ötən il dərc olunmuş Davamlı İnkişaf Hesabatının ön sözündə vurğulayıb:

“Ümumiyyətlə, şirkətin inkişaf strategiyası ilə bağlı müxtəlif qeydlər SOCAR-ın açıqlamalarında dəfələrlə yer alıb. Odur ki, bu cür iddiaları irəli sürməkdən əvvəl SOCAR-ın ictimaiyyətə açıq olan hesabatları və digər açıqlamaları ilə tanış olmaq məqsədəuyğun olardı”.

O qeyd edib ki, 2035-ci ilə qədər dövrü əhatə edən SOCAR-ın yeni davamlı inkişaf strategiyasının layihəsi artıq ötən il hazırlanıb və hökumətə təqdim edilib. Hazırda layihəyə baxılır:

“Yeni strategiya təsdiqləndikdən sonra onun əsas məzmunları haqqında ictimaiyyətə də məlumat veriləcək. Ona qədər isə şirkət daha əvvəl qəbul edilmiş və 2025-ci ilə qədər dövrü əhatə edən strateji inkişaf planı çərçivəsində fəaliyyət göstərir”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri