26 
Fev
2021
19:06
222
25
1679
Virtual karabakh

SOCAR-la Qazaxıstan neft şirkəti arasında texniki saziş imzalanıb

Xəzərin Azərbaycan sektorundakı quyularında Qazaxıstanın “Sətti” qurğusu vasitəsilə aparılacaq qazma işlərinə dair texniki saziş imzalanıb.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun Oxu.Az-a verdiyi məlumata əsasən, bu sazişdə qurğunun istismar qaydaları və prosedurları öz əksini tapıb.

Belə ki, ümumilikdə bu qurğunun istismarı ilə bağlı qərar və saziş hələ qurğu Bakıya gətirilən zaman imzalanıb. Qurğunun modernləşdirilməsi işləri başa çatdığından onun istismarına hazırlıq görülür. Yeni sazişdə onun istifadəsi ilə bağlı texniki məsələlər əksini tapıb.

Əlavə edək ki, Qazaxıstanın dövlət fondu “Samruk-Kazyna” mətbuat xidmətinin məlumatına əsasən, qurğunun istismarına dair texniki saziş Qazaxıstanın “KMG Drilling & Services” və Azərbaycanın “Caspian Drilling Company” arasında imzalanıb.

Xatırladaq ki, “KazMunayGaz”ın “Sətti” qazma qurğusu 2019-cu ildə Bakıya gətirilib. Qurğunun modernləşdirildikdən sonra SOCAR-ın Caspian Drilling Company (CDC) şirkəti tərəfindən Xəzər dənizi akvatoriyasında qazma əməliyyatlarına cəlb olunması nəzərdə tutulurdu. 

Modernləşmədən sonra qurğu ilə 6 min metrdən çox dərinliyə malik kəşfiyyat quyularının təhlükəsiz qazılması mümkün olacaq, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabilliyyəti artacaq.

Qurğunun ilk növbədə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində, “Ümid”-“Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilməsi nəzərdə tutulurdu. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri