16 
Apr
2021
15:00
30
267
16047
Virtual karabakh

Azərbaycanda işçiyə 8000 manat maaş təklif edilir: “Məbləğ heç də yüksək deyil” - MÜSAHİBƏ

İşləmədən həyatımızı təsəvvür etmək qeyri-mümkündür. Gün ərzində hansısa fəaliyyətlə məşğul olmayan insan yoxdur. Təbii ki, bəzi işlərin dəyəri çox yüksək, bəzilərinin isə dəyəri ölçülməzdir.

Azərbaycanda həm yerli, həm də xarici şirkətlərlə əmək bazarı sahəsində əməkdaşlıq edən şirkətin meneceri Afa Həsənova Oxu.Az-ın həmsöhbəti olub.

Hər gün yüzlərlə iş elanını gözdən keçirən xanım deyir ki, əslində ölkədə təklif edilmiş ən yüksək maaş haqqında danışmaq bir qədər çətindir, hər peşə üzrə yüksək maaş da təklif edənlər var, aşağı maaş da... Bu şirkətin özünün də dəyərindən asılıdır. 

- Ölkədə ən çox əməkhaqqı təklif edilən sahələr və ən yüksək maaş həddi nə qədər olur?

- Ən yüksək maaş təklif edilən sahələr maliyyə (əməkhaqqı 6000 manat və daha çox), hüquq (əməkhaqqı 1500-4000 manat və daha çox) və ən yüksək gəlirli peşələr “IT Security Director” (informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə əməkhaqqı 4000-6000 manat, hətta 8000 manat və daha çox), “IT Developer” (informasiya texnologiyaları üzrə tərtibatçı - əməkhaqqı 2000-4000 manat və daha çox), proqramist (əməkhaqqı 4000-5000 manat), HR (insan resursları üzrə əməkhaqqı 1500-5000 manat), arxitektordur (3000 manat və daha çox).

- Gəlin 2020-ci il dəyərləndirək... Pandemiya dövrü başlayandan hansı sahədə vakansiyalar çoxluğu ilə seçilirdi? 

- Konkret dövr üçün analiz apardıqda ən çox axtarılan peşələr kimi qarşımıza daha çox həkim (600-1500 manat), istehsalatçı (daha çox qida sektoru üzrə əməkhaqqı 800-2000 manat), Çağrı Mərkəzi operatorları (600-800 manat), Biznes Prosesi Menecerləri (2000-4000 manat və daha çox), təhsil üzrə mütəxəssislər (1500 manat və daha çox) çıxır. Daha çox kadra ehtiyac duyulan sahələr isə satış (600-2500 manat), kənd təsərrüfatı (əməkhaqqı müxtəlifdir), IT (informasiya texnologiyaları üzrə əməkhaqqı 1000 manatdan başlayaraq), maliyyə (1500-7000 manat) idi.

- Yüksək əməkhaqqı təklif edən şirkətlərin tələbləri və ya əksinə yüksək maaş tələb edən işçilərin meyarları barədə danışa bilərik?

- Belə deyək... Məsələn xaricdə təhsil alıb qayıdan şəxs düşünür ki, adi işdə çalışmamalıdır. Çünki təhsilinə sərmayə qoyub. Lakin açığı sizin yüksək təhsiliniz ola bilər, bu isə təcrübənizin kifayət etdiyini göstərmir. İşə götürən şirkətin tələbləri isə onun standartlarından asılı olur. Bəzən işçi praktiki cəhətdən hərtərəfli olaraq şirkətə uyğun ola bilər. Lakin müsahibədə görünür ki, onun insani tərəfləri şirkətin işçi heyətinə uyğun deyil.

- Sizə hansı vakansiyalarla işləmək maraqlıdır?

- Neft-qaz sektoru ilə bağlı sahələr çox maraqlıdır. Həmin sahədə çalışan insanların iş strukturu fərqlidir. Gəlin etiraf edək ki, Azərbaycanda yüksək əməkhaqqı təklif edən sahələrdən biri də neft-qaz sahəsidir. Ümumilikdə isə çətinliklə kadr tapılan vakansiyalarla işləməyi xoşlayırıq. Məsələn, Azərbaycanda BEGOC layihəsi üzrə işçilər axtarılırdı. Sırf idman sahəsində peşəkar, təcrübəsi olan şəxslər. Layihə çərçivəsində elə vakansiyalar verilirdi ki, biz özümüz də anlamırdıq: Axı bu şəxs hansı işlə məşğul olacaq? Təbii ki, işlədikcə biz bu şəxsləri tapmaq maraqlı idi. 

- Hansı sahə üzrə kadr tapmaqda çətinlik çəkirsiniz?

- Hazırda kənd təsərrüfatı sahəsi üzrə peşəkar, əkinçiliyin hər hansı bir növündə elmi biliyə malik və torpaqla işləməyi bacaracaq şəxslər tapmaq çox çətindi. Eləcə də “Project Management” indi çox inkişaf etmiş sahədir. Bu gün hökumət tərəfindən də “Project Management” axtarılır. Məsələn, PMP (Project Management Professional) sertifikatı alan şəxslər istənilən layihəni başdan sona apara bilərlər. Bu sahədə kadr qıtlığı mövcuddur.

- Daha çox yerli şirkətlər yüksək gəlir vəd edir ya xarici?

- Əvvəl daha çox xarici şirkətlər yüksək maaş təklif edirdisə, indi daha çox yerli holdinqlər yüksək maaşlı işlər təklif edir. İndi bir çox yerli holdinqlər yaxşı işçini saxlamaq üçün ona şərait yaratmalı olduğunu anlayır. Bu isə onu göstərir ki, yerli holdinqlərdə inkişaf var. Bu indi də olmasa bir müddətdən sonra hiss olunacaq.

- Yerli kadrlara ya xarici kadrlara üstünlük verilir?

- İndi yerli kadrlara üstünlük verilir. Hətta xarici şirkətlər də yerli kadrlar axtarır. Hazırda “nationalization” (milliləşdirmə) prosesi gedir. İndi bütün xarici kadrlar öz vətəndaşlarımızla əvəz edilir. Demək olar ki, xarici kadrların sayı tamam azalıb.

- Nəyə görə sizcə bəzi şirkətlər eyni işə görə digərlərindən daha yüksək əməkhaqqı təklif edir?

- Hər şeyin öz dəyəri var. Əgər hansısa kadra yüksək əməkhaqqı təklif edilirsə, deməli hərtərəfli dəyərləndirmə aparılıb və şirkətin gözləntisi digərlərindən qat-qat çox olacaq. Uzaqdan baxdıqda bəzi işlər üçün əməkhaqqı yüksək görünür. Lakin işin yükünə nəzər salsaq anlamaq olar ki, bu iş üçün maaş heç də yüksək deyil. Çünki şirkət həmin insan kapitalından qat-qat çox gəlir əldə edir. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri