17 
Apr
2021
16:10
17
124
3092
Virtual karabakh

Dövlət büdcəsinin xərcləri artıb: Hansı sahələrə daha çox vəsait ayrılıb? - FOTO

17 Apr, 2021
16:10
3092

Dövlət büdcəsinin xərcləri artıb: Hansı sahələrə daha çox vəsait ayrılıb? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 4 milyard 29,9 milyon manat, xərcləri isə 3 milyard 469,8 milyon manat təşkil edib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirlərinin həcmi 10,9 faiz, xərclərin həcmi isə 4,2 faiz artıb.

Dövr ərzində büdcəyə hüquqi şəxslərin gəlir vergisi üzrə 534,8 milyon manat, əlavə dəyər vergisi üzrə 860,7 milyon manat, fiziki şəxslərin gəlir vergisi üzrə 176,1 milyon manat, aksizlər üzrə 141,4 milyon manat, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər üzrə 191,3 milyon manat vəsait daxil olub.

Həmçinin, büdcə gəlirlərinin 54,7 milyon manatı sadələşdirilmiş vergilər hesabına, təxminən 2 milyard 70,9 milyon manatı isə digər daxilolmalar hesabına formalaşıb.

Büdcə vəsaitlərinin əhəmiyyətli hissəsi - 919,4 milyon manatı müdafiə və milli təhlükəsizlik tədbirlərinə, 777,4 milyon manatı sosial müdafiə və sosial təminata, 388 milyon manatı ümumi dövlət xidmətlərinə xərclənib.

Eləcə də, təxminən 340,6 milyon manat təhsilə, 339,3 milyon manat səhiyyəyə, 237,3 milyon manat məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq, 211,3 milyon manat kənd təsərrüfatına və ümumilikdə təqribən 149,4 milyon manatı digər sahələrə sərf olunub.

Qeyd edək ki, Maliyyə Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən 2021-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 5 milyard 736,4 milyon manat, xərcləri 5 milyard 523,7 milyon manat təşkil edib. Büdcənin icrasında 212,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,1 faizi qədər profisit yaranıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri