Avq
2021
12:05
81
98
9952
Virtual karabakh

Yarım əsr fəaliyyət göstərən, 7 kilometr davam edən, SSRİ-nin ən uzun asma kanatı - REPORTAJ + FOTO

Dünyanın bir çox ölkələrində ya müharibə, ya radikal iqtisadi proseslər, ya mərkəzi planlaşdırma sənaye müəssisələrinin fəaliyyətini dayandırması ilə nəticələnib. Eynilə Daşkəsəndə gördüyümüz asma kanatların fəaliyyəti kimi.

Bu kanatlar SSRİ dövründə Daşkəsəndə fəaliyyət göstərən iki böyük mədən sahəsindən çıxarılan filizlərin daşınmasında iştirak edib. İndi texnikalar o qədər qarışıq və çoxxassəlidir ki, bu bəsit infrastruktur və onun yaratdığı ab-hava sanki əsrlər öncəsinə aiddir. Amma bu struktur təbiətin ruhuna zərrə xələl yetirməyib.

İllər öncə fəaliyyətini dayandıran iki asma kanatdan biri ilə Daşkəsən Filizsaflaşdırma Kombinatının, digəri ilə isə Zəylik-Alunit mədən sahəsinin filizləri daşınıb. Kanatlar Quşçu körpüsü qəsəbəsindən keçir.

Quşçu körpüsü Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazisində yerləşir. Qəsəbə Böyük Vətən müharibəsindən sonra salınıb və 1966-cı ildən indiki adı ilə adlandırılıb. Qəsəbə Qoşqarçayın sahilində, dağətəyi ərazidə yerləşir.

Bu qəsəbə xarakteristik hesab oluna biləcək tikililərin olduğu Bayan kəndinə də yaxındır.   

Ümumiyyətlə Daşkəsən rayonunda SSRİ dövründən Azərbaycanın filizsaflaşdırma kombinatı, alunit mədəni, mərmər zavodu olub. Alunit istehsalat sahəsi 1995-ci ildən fəaliyyətini dayandırıb.

Alunit Dəmir Aşındırma fabriki Quşçu körpüsü, Qaflanqala silsiləsinin aşağı ətəyində yerləşib. Həmin dövrdə qəsəbənin əksər əhalisi müəssisənin işçisi olub (532 nəfər - 1976). Zəylik-Alunit mədən sahəsindən filizlərin daşınmasına xidmət edən asma kanatın uzunluğu 7,2 kilometrdir və bu SSRİ-nin ən uzun asma kanatı hesab edilirdi. Asma kanat 90-cı illərdən etibarən fəaliyyətini dayandırıb. 

O dövrdə Zəylik-Alunit sahəsi hesabına SSRİ-də alunitdən alüminium oksid istehsal edən ilk zavod (Kirovabad Alüminium Zavodu - Gəncə) tikilib. 1600-1800 metr yüksəklikdə yerləşən Daşkəsən Dəmir Filizi və Kobalt sahəsindən çıxarılan filizlər isə uzunluğu 4,1 kilometr olan kanatlar vasitəsilə daşınıb. Sahə 1867-ci ildən məlumdur və yatağın ehtiyatı ilk dəfə 1933-cü ildə hesablanıb.

Onun istismarına 1954-cü ildən başlanılıb. Həmin illərdə Daşkəsən Dəmir Filizi əsasında Rustavidə (Gürcüstan SSR) metallurgiya zavodu tikilib.

Daşkəsən Dəmir Filizi və Kobalt sahəsindən 1954-70-ci illərdə elektromaqnit üsulla quru halda 53,5 faizli dəmir konsentratı, 1970-72-ci illərdən həm quru, həm də yaş üsulla konsentrat istehsal edilib.

Həmin məhsul asma yolla Quşçu körpüsü qəsəbəsinə (4 km aralıda), oradan Rustavi Metalurgiya Zavoduna, Qaradağ ağırlaşdırıcı məhlul zavoduna və Bolqarıstana daşınıb.

Kombinatda ildə 2,15 milyon ton dəmir konsentratı hasil edilib. 2016-cı ildən Daşkəsən Filizsaflaşdırma Kombinatı ləğv edilib. Hazırda “Azergold”un balansındadır və Daşkəsən Dəmir Filizi mədəni adlanır.

Yaxın illər ərzində mədən sahəsinin fəaliyyətə başlaması əhəmiyyətli hadisə hesab oluna bilər. Çünki, hazırda dünyada irimiqyaslı tikinti prosesləri, nəhəng konstruksiyalar və müasir mexanizmlərin inşası müxtəlif növ yüngül və ağır metallara tələbatı artırır.

Bu meyar məhsulun dəyərinə də təsir edir. Bu cür sahələrin aktivləşdirilməsi ölkənin iqtisadiyyatının böyüməsinə, həm də regionlarda yeni iş yerlərinin yaradılmasına imkan verir.

Nigar Məmmədova

FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri