28 
Dek
2021
11:36
12
189
1399
Virtual karabakh

Qlobal qiymət artımı taxılın, xüsusilə də buğdanın bahalaşması hesabına yaranıb - TƏHLİL

28 Dek, 2021
11:36
1399

Qlobal qiymət artımı taxılın, xüsusilə də buğdanın bahalaşması hesabına yaranıb - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada ərzaq qiymətləri son 10 ildə ən yüksək həddədir. 2022-ci ildə də qiymətlərdəki artımın səngiməyəcəyi proqnozlaşdırılır. Son illər ərzində anomal hava şəraiti, artan istehlak inflyasiyası, enerji və əmək böhranı ilə qidalanan qlobal ərzaq dəyərləri üzərində təzyiqin yüksəlməsi qiymətlərə də təsir edib. Bunda COVID-19 və yeni ştammların da rolu az deyil. Pandemiya ilə bağlı proseslər enerji bazarında, neft və qazın qiymətində də özünü göstərir. Ən qorxulu məqam isə qlobal miqyasda kənd təsərrüfatı mallarının qiymətlərində artımdır. 

BMT-nin ixtisaslaşmış Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO qlobal ərzaq qiymətlərinin 2011-ci ilin oktyabr ayından bəri ən yüksək həddə olduğunu təsdiqləyir. Bu qiymət artımı taxılın, xüsusilə də buğdanın bahalaşmasının hesabına yaranıb. İlin əvvəlindən bu yana buğdanın qiyməti təxminən 26 faiz artıb.

Dekabr ayının əvvəllərində Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 200 dollardan çox olub. Artan enerji qiymətləri gübrə qiymətlərinə də təsir edib. Gübrə və digər xərclərin artması fermerlərin büdcəsində kəsirlə nəticələnib. Gübrə istehsalında əsas tərkiblərin hasilatı azaldılıb və bu da ümumi məhsul həcminin azalmasına gətirib çıxarıb. İstehsalçılar ərzaq böhranı yaşana biləcəyini istisna etmirlər.

Qlobal ərzaq qiymətləri üzərində təzyiq və risklərə təsir edən əsas əmtəə buğda olub. Beynəlxalq bazarda buğda qiymətləri son doqquz ilin ən yüksək həddindədir. Eyni zamanda məhsul üzrə 2012-13-cü ildən bəri dünya bazarlarında ən böyük kəsir yaranıb. Məhsulun çatışmazlığına səbəb olan hava şəraiti, quraqlıq və yüksək temperatur ABŞ, Kanada və Rusiya da daxil olmaqla əsas buğda istehsalçılarını “vurub”. Buğda əsas ərzaq təhlükəsizliyini təmin edən fundamental məhsul olduğundan inflyasiya risklərini də artırır. Əsas buğda istehsalçısı olan Rusiya məhsulun ölkə daxilində saxlanılması üçün buğdaya olan ixrac vergisini artırıb.

Böhranın Azərbaycana təsiri

Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkədir. Qlobal iqtisadiyyatda gedən proseslər təbii olaraq ölkəmizə də öz təsirini göstərir. Elə məhsullar var ki, Azərbaycanda istehsal olunmadığından idxaldan asılıdır.

2021-ci ilin yanvar-noyabr aylarında ölkəmizdə 80 milyard 688,2 milyon manatlıq ümumi daxili məhsul istehsal (ÜDM) edilib. Bu, təxminən 47 milyard 463,6 milyon dollar edir və müvafiq dövr ərzində 10 milyard 409,9 dollarlıq məhsul idxal etdiyimizi nəzərə alsaq, ümumi idxal ÜDM-in 22 faizini təşkil edir.

Dünya bazarında xammalın və hazır məhsulun çatdırılma xərclərinin artması, eləcə də Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi idxal qiymətlərinə təsir edir. 

Son iki ildə taxılın qiymətinin 50 faizə qədər artması Azərbaycanın cari məhsul üzrə idxal həcminə təsir edib. Bu il 1 017 503 ton həcmində (17 faiz az) buğda idxal edilib. 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Azərbaycanın idxal etdiyi buğdanın 1 tonu üçün sərf edilən vəsait kəskin artıb.

Fermerlər üçün əhəmiyyətli məhsul hesab edilən gübrənin də gömrük dəyəri artıb. Bu il gübrə idxalı 123 722,03 ton təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 2,65 dəfə azalıb. Bu il 1 ton üçün 343,43 dollar, ötən il isə bir ton üçün 293,03 dollar vəsait sərf edilib. 

İstəsək də, istəməsək də həyat bahalaşır. Bunu hər sahədə hiss etmək mümkündür. Bütün sahələrdə biri-birindən asılılığı nəzərə alsaq, inflyasiyanın fərqli sektorlarda özünü büruzə verdiyini müşahidə edə bilərik. Digər sektorlarda olduğu kimi kənd təsərrüfatı da mövcud inflyasiyanın təsirlərindən əziyyət çəkir. İstehsal prosesində istifadə edilən texniki vasitələr, məhsulun başa gəlməsində istifadə edilən xammalın dəyərində artım, həmçinin məhsulun istehlakına hazırlıq prosesində yaranan xərclər də istehsalçının fəaliyyətinə təsir edir. Həmçinin sektor üzrə işçilərin də əməkhaqqı ümumi proseslərə paralel olaraq tənzimlənməlidir. Üstəlik, istehsalçının daha çox səy göstərməli olduğu mövcud torpaq ehtiyatlarında məhsuldarlığın azalmasına təsir göstərən iqlimlə bağlı dəyişikliklər də var.

Bütün bunlara baxmayaraq, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım var. Qlobal miqyasda kənd təsərrüfatı məhsullarındakı kəskin artımla müqayisədə Azərbaycanda ötən ilin eyni dövrü ilə analiz aparsaq kənd təsərrüfatı məhsulları 4,2 faizə qədər bahalaşıb. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri