Yan
2022
16:48
35
136
2170
Virtual karabakh

İnvestisiya dəyəri 4,1 milyon manat olan layihə ilə yeni iş yerləri yaradılacaq - FOTO

6 Yan, 2022
16:48
2170

İnvestisiya dəyəri 4,1 milyon manat olan layihə ilə yeni iş yerləri yaradılacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2021-ci ili uğurla yekunlaşdırdı.

İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, il ərzində şirkət tərəfindən əsaslı institusional yeniliklər həyata keçirilib.

Buraya biznes proseslərinin təkmilləşdirilməsi vasitəsilə əməliyyat effektivliyinin artırılması, şirkətdə risklərin idarə olunması və komplayns nəzarətinin əsaslı təşkili, layihələrin qiymətləndirilməsi üzrə ikili nəzarətin tətbiqi, maliyyə və vergi uçotu hesabatlığının təkmilləşdirilməsi daxildir. Həmçinin, cari ildə şirkətin yeni investisiya strategiyası və risklərin idarə olunması siyasəti hazırlanıb, təşkilati struktur yenilənib.

2021-ci ildə AİŞ-in sahibkarlarla əməkdaşlığı daha da intensivləşib. Eyni zamanda, sahibkarların birgə investisiya təkliflərinin daha effektiv monitorinqi və dəyərləndirilməsi üçün AİŞ tərəfindən yeni rəqəmsal layihə müraciəti keçidi istifadəyə verilib. Sahibkarlar AİŞ-in internet saytının yeni bölməsinə daxil olaraq layihələrini təqdim edə bilərlər.

AİŞ tərəfindən cari il ərzində 62 yeni investisiya layihəsinə baxılıb və müvafiq təhlillər aparılıb. Daxil olan müraciətlərin 23 faizi kənd təsərrüfatı, 23 faizi qida və içki sənayesi, 13 faizi səhiyyə, 10 faizi yüngül sənaye, 8 faizi ağır sənaye, 8 faizi tikinti və mədən sənayesi, 5 faizi alternativ və bərpa olunan enerji, 5 faizi ənənəvi energetika, 5 faizi isə digər sahələrin payına düşür.

Layihələrdən 5-i AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilib. Layihələrdən 1-i üzrə artıq birgə investisiya müqaviləsi bağlanıb. Bu layihə, Balakən rayonunda yerləşən, meyvə şirəsi məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Balacans Agro Food” MMC şirkətinin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır. Bu məqsədlə AİŞ tərəfindən 4,1 milyon manat investisiya ayrılıb. Layihə çərçivəsində yeni istehsal sahələrinin yaradılması və 100 nəfərin daimi işlə təmin olunması planlaşdırılır. 

Hazırda AİŞ daha bir neçə yeni investisiya layihəsinin təhlili və qiymətləndirilməsini yekunlaşdırmaq üzrədir. 

2021-ci ildə AİŞ-in tərəfdaş təşkilatları ilə əməkdaşlığı da genişlənib. Belə ki, AİŞ yerli və xarici sahibkar və şirkətlərlə birbaşa əlaqələr qurub, yerli investisiya fondları, maliyyə təşkilatları, o cümlədən beynəlxalq maliyyə institutları və banklarla daha sıx əməkdaşlıq edib. Bundan əlavə, AİŞ və Türkiyənin ATİB, TÜİB, MÜSİAD, Qətərin “JTA International”, İtaliyanın “Casillo Group”, Çexiyanın “CzechTrade” və s. şirkətləri arasında anlaşma memorandumları imzalanıb. Bununla yanaşı, AİŞ tərəfindən xarici ölkələrin ticarət nümayəndəlikləri, eləcə də şirkətləri ilə görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

2021-ci il ərzində AİŞ-in payçı olduğu layihələr üzrə də əhəmiyyətli işlər görülüb. Belə ki, portfel şirkətlər üzrə 3 illik strateji inkişaf planı hazırlanıb, onların fəaliyyətinə yeni nəzarət mexanizmləri tətbiq edilib, habelə daha səmərəli əməliyyat modelinin qurulması və korporativ idarəetmə standartlarının tətbiq edilməsində sahibkarlara dəstək göstərilib.

AİŞ-in uğurlu fəaliyyəti nəticəsində şirkətin xərcləri optimallaşdırılıb, əsas investisiya alt-portfeli və likvidlik alt-portfeli üzrə gəlirlik göstəriciləri artıb.

Qeyd edək ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” 2006-cı il 30 mart tarixli sərəncamı ilə yaradılıb. AİŞ-in əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək və qeyri-neft sektorunun inkişafına töhfə verməkdir.

AİŞ-in Müşahidə Şurasının sədri iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri