19 
Yan
2022
17:32
22
133
1034
Virtual karabakh

Polietilen paketlərə qoyulan qadağalar istehsalda hansı çətinliklər yaradır? - ARAŞDIRMA

19 Yan, 2022
17:32
1034

Polietilen paketlərə qoyulan qadağalar istehsalda hansı çətinliklər yaradır? - ARAŞDIRMA

Azərbaycanda fəaliyyət göstərən biznes sahələrindən biri də polietilen paketlərin istehsalıdır. Bu fəaliyyətlə böyük zavodlar deyil, ayrı-ayrı iş adamlarının yaratdığı kiçik müəssisələr məşğul olur.

“Report” biznesin özəlliklərini, ölkəmizdəki potensialını, mənfi və müsbət tərəfini iş adamları ilə araşdırıb.

Məlum olduğu kimi, 2021-ci ilin yanvar ayının 1-dən ölkəmizdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.

Bəs bu, ölkədə polietilen istehsalına necə təsir göstərdi?

Həmsöhbətimiz olan iş adamı İlqar Hacıbalayev bildirdi ki, sözügedən qanuna dəyişiklik onların fəaliyyətinə mənfi deyil, əksinə müsbət təsir etdi. Belə ki, bu gün də ticarət müəssisələrində, marketlərdə başqa materialdan olan torbalardan deyil, elə polietilen paketlərdən istifadə edirlər. Amma təbii ki, qanuna uyğun şəkildə, yəni qalınlığı 15 mikrondan artıq olan paketlər. Bu da xammalın daha çox istifadəsi deməkdir. Xammalı isə “SOCAR Polimer”dən aldıqlarını bildirdi.

İ.Hacıbalayev istehsal üçün lazım olan avadanlıqlar məsələsinə də toxundu. O, yeni avadanlıqların olduqca baha olduğunu, ona görə də ikinci əl makinalardan istifadə etdiklərini bildirdi. İş adamı deyir ki, istehsal gücündən asılı olaraq makinaların qiyməti 600 min ABŞ dollardan 1,5 milyon ABŞ dollara qədər dəyişir. Bir sexdə istehsalı başa vurmaq üçün 8 müxtəlif cihaza ehtiyac olduğunu da qeyd etdi.

İ.Hacıbalayev işin ən çətin tərəfi kimi, bu sahədə texnoloji biliklərin vacibliyini qeyd etdi. Çünki polietilen paketlər bir-birindən fərqləndiyi kimi, onların tərkibi də seçilir: “Paketlərin vakuumlusu, havakeçirəni, rəngi getməyəni və gedəni, çürüyəni və çürüməyəni var. Hər birinin ayrı kimyəvi tərkibi, istehsal qaydası var. Bunun üçün yaxşı texnoloqa ehtiyac var”.

Bir zamanlar Türkiyədə çalışmış iş adamı Elçin Əliyev qardaş ölkənin təcrübəsini gətirib. O, həmçinin, bu sahədə iş qurmaq istəyənlərə müxtəlif avadanlıqların alınmasında kömək də edir. Elçin Əliyev deyir ki, bu bazara daxil olmaq istəyən ən əsası son texnologiyalara uyğun, keyfiyyətli avadanlıq əldə etməlidir. Bunlara çap makinası da əlavə olunarsa, alınacaq sifarişlərə böyük təsir göstərəcək. Təkcə çap avadanlığın qiyməti isə təxminən 160 min ABŞ dollarından başlayır.

Azərbaycana istehsal üçün lazım olan avadanlıqların satışını həyata keçirən türkiyəli iş adamı Atilla Yetik bildirdi ki, ikinci əl cihazlar ucuz olsa da, onlardan istifadəni məsləhət görmür. Çünki bu avadanlıqlarda hər hansı problem ortaya çıxdıqda aradan qaldırılması çətin olur, mütəxəssis tapmaq müşkülə çevrilir. Yeni avadanlıqların isə zəmanəti olduğu üçün belə problemlə qarşılaşmırlar. Konkret qiymətlərə gəlincə, 6 rəngli çap həyata keçirən çap makinasının qiymətinin 198 min ABŞ dolları civarında olduğunu bildirdi.

Türkiyəli iş adamı onu da əlavə etdi ki, Türkiyədən Azərbaycana avadanlıqların TIR-lar vasitəsilə gətirilməsi 2 min ABŞ dollarına başa gəlir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri