25 
İyn
2022
18:16
52
86
1671
Virtual karabakh

“Fermadan süfrəyədək”: Ölkədə identikləşdirilən heyvanların sayı AÇIQLANDI

25 İyn, 2022
18:16
1671

“Fermadan süfrəyədək”: Ölkədə identikləşdirilən heyvanların sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günə qədər 42 360 sayda iribuynuzlu heyvan identikləşdirilərək, təsərrüfatlar və heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. İdentikləşdirilən heyvanlardan 18972-si Bakı şəhəri, 3210-u Sumqayıt şəhəri, 20178-i isə Abşeron rayonunun payına düşür.

Bu barədə Baş nazir Əli Əsədovun “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər barədə imzaladığı qərar əsasında Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-nın mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, 2021-ci il 15 dekabr tarixindən etibarən ölkəmizdə heyvanların identifikasiyası və qeydiyyatı prosesinə start verilib. Pilot olaraq həyata keçirilən layihə çərçivəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ailə-kəndli və fermer təsərrüfatlarında heyvanlar identikləşdirilir. Həm təsərrüfatlar, həm də heyvanlar haqqında məlumatlar sistemə daxil edilir.

Əvvəlki qaydalara əsasən, hər heyvanın identikləşdirilməsi nəticəsində heyvan sahibinə “baytarlıq pasportu” və “identikləşdirilmə haqqında şəhadətnamə” verilməli idi. Baytarlıq pasportunun alınmasına görə isə “Dövlət rüsumu haqqında” Qanunda 20 manat dövlət rüsumu nəzərdə tutulub. Dəyişiklik nəticəsində hər bir heyvana görə baytarlıq pasportunun alınması zərurəti aradan qalxacaq və nəticə olaraq bununla bağlı “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq. Bu isə identifikasiya sisteminin ölkə ərazisində tətbiqini asanlaşdıracaq. Həmçinin ölkədə heyvanların qeydiyyata alınması, izlənməsi üçün elektron sistem üzərində şəhadatnamə tərtib olunacaq. 

Bu sistem vasitəsilə “fermadan süfrəyədək” prinsipi ilə izlənmənin həyata keçirilməsi mümkün olacaq. Digər tərəfdən isə son məhsul üzərindəki QR-kod vasitəsilə məhsulun (ətin və ya südün) hansı heyvana məxsus olduğu, bu heyvan üzərində hansı vaksinlərdən və ya baytarlıq preparatlarından istifadə edildiyi barədə müfəssəl məlumatlar əldə olunacaq. Bundan əlavə, sistem vasitəsilə heyvanın peyvəndlənmədən sonra gözləmə dövrünü, eləcə də müalicə üçün istifadə edilən dərman preparatlarının aktiv maddələrinin heyvanın orqanizmindən xaric olma müddətini izləmək mümkün olacaq. 

HİQS fərdi heyvandan başlayaraq, heyvandarlıq təsərrüfatı, heyvanların satış bazarı, heyvan kəsimi məntəqələri, emal müəssisələri, daşınma şirkətləri, topdan və pərakəndə satış müəssisələrini əlaqələndirməklə fəaliyyət göstərəcək. Respublikada heyvanların identikləşdirilməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulub.

Bütün bunlar isə ölkəmizdə bioloji təhlükəsizliyin təmin olunmasına, insan sağlamlığının qorunmasına və heyvan mənşəli məhsulların ixracının asanlaşdırılmasına böyük töhfə verəcək.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri