15 
İyl
2022
18:24
34
58
3004
Virtual karabakh

İqtisadiyyat Nazirliyinin sektor müdiri IT Akademiyasının yaradılmasından danışdı - MÜSAHİBƏ

15 İyl, 2022
18:24
3004

İqtisadiyyat Nazirliyinin sektor müdiri IT Akademiyasının yaradılmasından danışdı - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün “IT Akademiya” təhsil layihəsinə start verilib.

İqtisadiyyat Nazirliyinin sektor müdiri Dürdanə Əhədova “IT Akademiya” (“IT Academy”) ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

- IT Akademiyasının yaradılmasının məqsədi nədir?

- Məlumdur ki, müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların inkişaf etdirilməsi, rəqabətli insan kapitalının formalaşması, cəmiyyətin yüksək rəqəmsal mədəniyyətə və bacarıqlara sahib olması və innovativ texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması yolu ilə sosial rifahı yüksəltmək, 2030-cu ilədək Azərbaycanın müasir innovasiyalar məkanına çevrilməsi dövlətimizin əsas hədəfləri sırasındadır. 

Bu baxımdan, Azərbaycanın İKT sahəsinə töhfə verən qabaqcıl ölkələr arasında layiqli yerini tutması üçün tədbirlər görülür. “IT Akademiya”nın açılması da belə tədbirlərdəndir. Azərbaycanda rəqəmsal iqtisadiyyatın və texnologiyaların inkişafı məqsədilə əlverişli infrastrukturun və bacarıqlı kadrların formalaşdırılması üçün açılan “IT Akademiya” Təhsil və İqtisadiyyat nazirliklərinin birgə layihəsidir və rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün xüsusi önəm kəsb edir.

2022-ci ilin sentyabr ayında başlayacaq layihə “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin iştirakı, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və “Baku Steel Company”nin dəstəyi ilə həyata keçirilir. 

- Sizcə, Akademiyanın açılması Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafına necə təsir edəcək?

- İqtisadiyyatın innovativ sferasının mühüm komponentlərindən olan informasiya texnologiyaları sahəsinin inkişafı bir sıra tədbirlərin həyata keçirilməsini zəruri edir. Bu baxımdan, ixtisaslı kadrlara ehtiyac da artır.

Akademiyanın yaradılması ilə informasiya texnologiyaları bazarının inkişafına dəstək göstəriləcək və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsi sürətlənəcəkdir. Azərbaycanda innovativ düşüncəyə malik kadrların yetişməsi istiqamətində görülən işlər rəqəmsallaşma, rəqəmsal iqtisadiyyatın formalaşması kimi qarşıya qoyulan mühüm hədəfə çatmağa əlavə imkanlar yaradacaqdır.   

Bu layihə həmçinin gənclər arasında innovativ fəaliyyəti təşviq edəcək, informasiya texnologiyaları mütəxəssislərinin, gənc alimlərin, mühəndislərin və ixtiraçıların yetişməsinə töhfə verəcək.

- “IT Akademiya”ya necə daxil olmaq olar? 

- Layihədə 25 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Namizədlər alqoritmik təfəkkür üzrə test verməlidirlər. Birinci mərhələdən uğurla keçənlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar. Bu mərhələnin nəticələrinə əsasən, 300 namizəd Akademiyanın tələbəsi olacaq. “IT Akademiya”da təhsil almaq istəyənlər http://it-academy.az/?utm_source=press&utm_medium=interview_minek  keçidindən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.

Ərizə formasının doldurulmasından sonra namizədlər alqoritmik düşüncə testindən keçməlidirlər. Bunun üçün namizədə “Alqoritmika” platforması üzrə şəxsi hesabına daxil olmaq üçün məlumat göndərilir və müəyyən edilmiş vaxt ərzində testdən keçir. Bu mərhələdən yalnız kompüter vasitəsilə keçilə bilər. Test 14 məntiqi sualdan ibarətdir və proqramlaşdırma biliyi tələb olunmur.

Test üçün iki saat vaxt verilir. Testdən keçmək üçün yalnız bir cəhdə icazə verilir. Namizəd hər hansı səbəbdən müəyyən edilmiş vaxtda test imtahanında iştirak edə bilməyəcəksə, bu barədə əvvəlcədən poçt və ya “IT Akademiya”nın sosial şəbəkəsi vasitəsilə  məlumat verməlidir. 

Birinci mərhələdən uğurla keçən şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır. 

Tədris onlayn və əyani rejimdə olmaqla beş ay davam edəcək. Kursları müvəffəqiyyətlə bitirənlərə sertifikat veriləcək. Tədris prosesində tələbələr peşəkar təcrübə və real məsələlərin həllində praktiki bacarıqlar əldə edəcəklər. Hesab edirik ki, əmək bazarında bu sahəyə artan tələbat fonunda Akademiyanın məzunları asanlıqla iş tapa biləcəklər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri