Avq
2022
16:26
218
44
2282
Virtual karabakh

Rusiya qazından imtina və Qərbin Bakıya üz tutması: Azərbaycan nə qazanacaq? - MÜSAHİBƏ + FOTO

8 Avq, 2022
16:26
2282

Rusiya qazından imtina və Qərbin Bakıya üz tutması: Azərbaycan nə qazanacaq? - MÜSAHİBƏ + FOTO

Qərb ölkələri Rusiya qazından asılılığı azaltmaq üçün Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) qaz kəmərlərinin ötürücülük qabiliyyətini artırmağı planlaşdırırlar. Bu kontekstdə TAP-ın ötürücülüyünü 10 milyarddan 20 milyard kubmetrə, TANAP-ın isə 16 milyard kubmetrdən 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırmağın texniki baxımdan mümkün görüldüyü bildirilir.

Oxu.Az mövzu ətrafında neft məsələləri üzrə ekspert Dalğa Xatınoğlu ilə həmsöhbət olub.

- TAP və TANAP-ın ötürücülüyünün artırılması hansı yolla həyata keçirilə bilər? Həmçinin nəql olunan enerjidaşıyıcısı sırf Azərbaycanındır, yoxsa proses başqa ölkələrdən də həyata keçiriləcək?

- Azərbaycanın Avropaya qaz ixracatının iki dəfə artırılacağı və 20 milyard kubmetrə çatdırılacağı bundan əvvəl də proqnozlaşdırılmışdı. Lakin söhbət tam Azərbaycan qazından getmir. Yəni ola bilsin ki, Türkmənistan, İran, İraq qazı da TAP-a vurulsun. Amma İranın qaz defisiti olduğuna görə bu onun üçün böyük bir rəqəmdir.

Türkmənistandan isə Azərbaycan yoluyla qaz nəqli mümkündür. Ötən il Azərbaycan və Türkmənistan razılaşdılar ki, “Dostluq” yatağını birlikdə işə salsınlar. Bu yataq iki ölkə arasında uzun müddət gərginliyə səbəb oldu, sonda ortaq məxrəcə gəldilər. Əgər həmin yataq inkişaf etdirilsə, Azərbaycana təxminən iki milyard kubmetr qaz nəql edilə bilər ki, bu da Azərbaycandan Avropaya ötürülər.

Amma Azərbaycanın təklikdə Avropaya 10 milyard kubmetr əlavə qaz ötürmə ehtimalı da var. Bizim “Şahdəniz” yatağımız üç laydır və üçüncü lay hələ inkişaf etdirilməyib, halbuki ən böyük laydır. Onu inkişaf etdirsələr, Azərbaycanın başqa ölkələrə ixrac etmək üçün qazı daha çox olacaq. Bundan əlavə,  “Total” şirkətinin inkişaf elətdirdiyi “Abşeron yatağı” var. Həmçinin başqa layihələr də mövcuddur.

Bütün bunlardan yola çıxaraq 2026-cı ilə qədər Azərbaycanın Avropaya təkbaşına 10 milyard kubmetr əlavə qaz verə biləcəyini düşünürəm. Artıq boru kəmərləri çəkilib. Yalnız bir neçə kompressor əlavə olunmalıdır ki, qazın təzyiqini artırsın və Avropaya qədər gedib çatsın.

- Tranzit haqqı və digər məsələlər büdcəyə əlavə nə qədər gəlir gətirə bilər?

- Azərbaycanın birinci yarımildəki qaz ixracatına baxsaq, görərik ki, bizim qaz ixracatımız həcm baxımından 26 faiz artıb, 11 milyard kubmetrdən yüksəkdir. Amma qazdan əldə edilən gəlirlər keçən il 1,5 milyard dollar təşkil edirdisə, bu il təxminən beş dəfə ondan artıqdır. Çünki əsas bazarımız Avropadır, orada isə qazın qiyməti çox yüksəkdir, o cümlədən Türkiyə, Gürcüstanda da qiymət yüksəkdir.

Azərbaycanın bu işdən böyük məbləğdə gəliri olacaq. Amma əgər başqa bir ölkənin qazını tranzit eləsə, qazın həcminin beş faizi dəyərində tranzit haqqı alacaq. Bu göstərici 10 faiz də ola bilər. Çünki infrastruktur özümüzündür.

Məsələn, Gürcüstan Azərbaycandan beş faiz tranzit haqqı alır, çünki oradakı infrastruktur da bizimdir. Amma biz məbləği 10 faizdən hesablaya bilərik. Azərbaycan boru kəmərlərini başqa partnyorları ilə birlikdə tikib, mülkiyyət Azərbaycandadır.

- Bu hadisə bizə Avropada hansı siyasi dividend qazandıra bilər? Azərbaycan etibarlı tərəfdaş kimi qeyri-neft sektoruna əlavə investisiyaların cəlb olunmasını tətikləyə bilərmi?

- Dünyada iqtisadiyyatla siyasət bir-birilə çox sıx bağlıdır. Azərbaycan Avropanın enerji sektorunda, enerji təhlükəsizliyində payını nə qədər artırsa, bizim siyasi əməkdaşlığımız o qədər inkişaf edəcək, strateji əməkdaş kimi dəyərimiz artacaq. Gəlirin beş dəfə artması onu göstərir ki, indi investisiya yatırmaq çox əlverişlidir. Avropa Birliyi çalışır ki, 2027-ci ilə qədər Rusiya qazından asılılığını sıfıra endirsin. Ən gec 2030-cu ildə bu, baş tutacaq. Buna nail olmaq üçün mənbələr axtardıqlarına görə Azərbaycanın neft-qaz sektoruna sərmayə yatırmağa maraqlı olacaqlar.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri