21 
Sen
2022
18:42
132
30
1079
Virtual karabakh

Vasif Eyvazzadə: “Azərbaycanda yaradıcı sənayeni iqtisadiyyatda pay sahibi edən mexanizmlər yoxdur” - MÜSAHİBƏ

21 Sen, 2022
18:42
1079

Vasif Eyvazzadə: “Azərbaycanda yaradıcı sənayeni iqtisadiyyatda pay sahibi edən mexanizmlər yoxdur” - MÜSAHİBƏ

“Sadəcə bu sənayenin inkişafını təşviq edən, onun iqtisadiyyatda pay sahibi edən mexanizmlər yoxdur. Yəni, burada bütün tərəflər öz ev tapşırıqlarını vaxtında yerinə yetirdikdən sonra bu kimi fikir yürütmələrinə ehtiyac olub-olmadığını müəyyən etməlidirlər. Sözün açığı biz bəzəkli və cəlbedici söz ifadələrindən çox sözün əməli fəaliyyətə, əməli fəaliyyətin isə dəyərə çevrilməsinə daha çox diqqət ayırırıq”.

Bu sözləri Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadənin “Report”a müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- Bu gün Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaranmasının bir ili tamam olur. Belə bir təşkilatın yaranmasına niyə ehtiyac yaranıb?

- Əvvəlcə onu deyim ki, sentyabrın 21-i Federasiyanın təsis yığıncağı günüdür, oktyabr 15-i isə rəsmi qeydiyyata alınmaqla yarandığı gündür. Müasir texnoloji və innovativ proseslər hər bir sahənin öz klassik çərçivəsindən və məzmunundan kənara çıxmasına gətirib çıxarıb. Belə desək, iqtisadiyyatın məzmunu, keyfiyyəti və çərçivəsində çox ciddi dəyişikliklərin baş verdiyi üçün bu sahədə təşkilatlanmada da birmənalı olaraq bu yeniliklərin baş verməsi qaçılmazdır.

Əgər biz kreativ iqtisadiyyatı iqtisadiyyat, yaradıcılıq, mədəniyyət, innovasiya və texnoloji sahələrin uzlaşmış bir sahəsi kimi qəbul etsək bu mənada bu sahələrin ortaq platformasını qura biləcək bir institusional mexanizmə ehtiyac var idi. Bu baxımdan, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ölkəmiz üçün yeni anlayış olsa da onun təməlində duran sahəvi iştirakçılar həm ənənəvi yaradıcılıq, həm də müasir iqtisadi sahələri təmsil edir. Bir sözlə, yaradıcı sənayelərin inkişafı sahəsində koordinasiyanın həyata keçirilməsi, bu sahədə beynəlxalq və yerli layihələrin idarə olunması, yaradıcılıq sahəsində fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatlarla bu sahəni tənzimləyən dövlət qurumlarını və biznes tərəfdaşlarını əlaqələndirmək Federasiyanın əsas fəaliyyət istiqamətidir.

Federasiyanın yaradılması eyni zamanda Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial inkişafa dair milli prioritetlər”in dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət və rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı kimi ilk üç prioritetinin həyata keçməsi üçün mühüm əhəmiyyət kəsb edir. Biz bu prosesdə iqtisadiyyat, mədəniyyət, təhsil, şəhərsalma, əqli mülkiyyət, gənclər və idman, rəqəmsal inkişaf, məşğulluq sahələrinə cavabdeh olan dövlət qurumları, bu sahələrdə formalaşan və formalaşması zəruri olan qeyri-hökumət təşkilatları, eləcə də özəl yaradıcı biznes strukturları arasında ortaq platforma və tərəfdaşlıq rolunu oynamağı da qarşımıza hədəf qoymuşuq.

Bilirsiniz ki, bu gün hər kəs 4-cü Sənaye İnqilabı, “ağıllı” iqtisadiyyat, innovativ və ya texnoloji iqtisadiyyat, kreativ iqtisadiyyat, zəka iqtisadiyyatı, süni intellekt iqtisadiyyatı və s. məsələlərdən danışır və etiraf etməliyik ki, bunların hər biri birbaşa insan zəkası ilə bağlı olan iqtisadi fenomenlərdir və hazırda dünya iqtisadiyyatında bu sahələrdə təmsil olunan şirkət və oyunçular əsas pay sahibləridir. Bu mənada, biz də istərdik ki, ölkəmiz bu iqtisadi transformasiyalar dövründə ən yaxşı təcrübələrin tətbiq olunmasına nail ola bilsin.

- Hazırda Azərbaycanın ÜDM-də yaradıcı sənayenin payı nə qədərdir? İqtisadiyyatda yaradıcı sənayenin payının artrılması üçün hansı işləri görmək lazımdır?

- Etiraf etməliyik ki, hazırda milli səviyyədə yaradıcı sənayelərə dair əhatəli statistikanın mütəmadi dərc edilməməsi bu sektor üzrə inkişaf proseslərinin ölçülməsinə, monitorinqinə və qiymətləndirilməsinə tam şəkildə imkan vermir. Ölkəmizdə yaradıcı sənayelər sahəsində peşəkar sahəvi təşkilatlar və birliklərin, ticarət assosiasiyalarının olmaması və ya zəif olması da sahələr üzrə müfəssəl statistik göstəriciləri və inkişaf məlumatlarını əldə etməyə imkan vermir.

Sektor üzrə əhatəli statistikaya nail olmaq üçün sistemli fəaliyyətlərin görülməsinə ehtiyac vardır. Xüsusilə, peşəkar təşkilatlar bu məsələlərdə dövlətə, dövlət isə öz növbəsində peşəkar təşkilatların fəaliyyətinə dəstəyi artırmalıdır.

-Yaradıcı sənayenin inkişafı insanların məşğulluğunun təmin edilməsi mənzərəsinin hansı formada dəyişməsinə səbəb olur?

- Ümumiyyətlə, biz müasir əmək bazarında ciddi keyfiyyət və məzmun dəyişikliyinin şahidi oluruq. Artıq bir sıra peşələr bazardan çıxaraq yeni peşələrlə əvəzlənir və bu proses birbaşa təhsil proseslərinə də təsir edir. Bu baxımdan beynəlxalq əmək bazarında prosesləri diqqətlə izləmək lazımdır və gələcək planlaşmanı ona uyğun qurmaq tələb olunur.

Avropa statistikasına baxsaq 2011-2017-ci illər arasında yaradıcı məşğulluq ümumilikdə 800 000-dən çox artaraq 7,852 milyondan 8,658 milyon nəfərə çatıb. Son beş ildəki dəyişiklikləri və rəqəmsal transfomasiyanı nəzərə alsaq bu daha da artıb.

Milli səviyyəyə baxsaq Dövlət Statistika Komitəsindən əvvəlcədən müəyyən edilmiş iqtisadi fəaliyyət növlərinin təsnifatı sənədindən seçilmiş yaradıcı fəaliyyət sahələri üzrə gəlir və istehsal, eləcə də məşğulluq üzrə son 2020-ci il göstəricilərinə əsasən ölkəmizdə yaradıcı sənaye sahələrində 88 000 muzdlu insan və fərdi sahibkar çalışır. 2021-ci ildə isə onların sayı 98 806 nəfərə çatıb. Bu rəqəm yaradıcı fəaliyyətlər və onunla əlaqədar olan iqtisadi fəaliyyət sahələrinə dair əldə edilmiş göstəricidir. Burada qeyri-yaradıcı sektorlar üzrə də yaradıcı peşələr üzrə çalışan şəxsləri əlavə etsək məşğulluq göstəriciləri ilə yanaşı eləcə də ÜDM-də pay və gəlirlilik göstəricilərində də artımı görə bilərik. Bunun mümkün olması üçün sözsüz ki, yuxarıda haqqında bəhs etdiyim beynəlxalq təcrübəyə əsaslanan statistika toplanılması təcrübəsinin tətbiqini reallaşdırmaq lazımdır. Bu işdə aidiyyəti qurumların iştirakı ilə beynəlxalq təcrübədən istifadə edərək milli qaydaların işlənilməsi zəruridir. Burada digər ən vacib məsələ müasir gənclərin yanaşmasındakı transformasiyadır. Yəni, gənclər bütün dünya üzrə artıq frilans (freelance) işlərə üstünlük verməyə başlayıblar. Yəni, artıq öz beyin və xidmətlərini aylıq məvacib üçün deyil xidmət üçün tələb olunan müddətə görə təqdim edirlər. Bunun da əsas səbəbi yaradıcılıq, zəka və bacarıqların müasir texnoloji vasitələrlə dəstəklənməklə gənclər əmək bazarında yeni özünü məşğulluq sistemi qururlar. Bu faktorun iqtisadi siyasət və fəaliyyət sahələrində nəzərə alınması qaçılmazdır.

- Azərbaycanda yaradıcı sənayenin inkişaf etdirilməsinin ölkə iqtisadiyyatı üçün ümumi üstünlükləri nələr ola bilər?

- Birinci, iqtisadiyyatın insanların fərdi zəka, yaradıcılıq və bacarıqları hesabına diversifikasiyasına kömək edəcək. İkinci, iqtisadiyyatın məzmununun və keyfiyyətinin zənginləşməsinə töhfə verəcək. Üçüncü, müasir innovativ və kreativ cəmiyyət quruculuğuna təkan verəcək. Dördüncü, əmək bazarında insanların daha çox dövlətin təqdim etdiyi məşğulluq təkliflərindən asılılığını azaltmaqla qlobal əmək bazarına yolunu açaraq dövlət üçün səmərəsiz əmək yükünün aradan qaldırılmasına, insanların yaradıcı və texnoloji peşə sahələrinə meyllərinin artmasına səbəb olacaq. Beşinci, təhsil, elm və yaradıcılığın iqtisadiyyat və sənaye ilə sinerjisinin, bununla da qarşılıqlı faydalanmasının təmininə gətirib çıxaracaq. Altıncı, yaradıcı iqtisadiyyat iştirakçılarının dəstəyi və iştirakı ilə həm sözügedən sahənin, həm də iqtisadiyyatın digər sahələrinin beynəlxalq bazara sürətli inteqrasiyasına, təbliğinə və tərəfdaşlığın inkişafını təşviq edəcək. Yeddinci və ən əsası, insanların rifahının yüksəlməsi üçün tələb olunan gəlir diversifikasiyasına səbəb olacaq.

-Dünən “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransında Azərbaycanda yaradıcıların olduğu, lakin sənayenin olmadığı kimi fikirlər səslənib. Sizin bu məsləyə münasibətiniz necədir?

- Konfransda səsləndirilən “Bizdə yaradıcılar var, sənaye yoxdur” fikri ilə qətiyyən razı deyilik. Çünki, ölkəmizdə yüzlərlə vergi ödəyicisi olan dizayn və çap-nəşriyyat şirkətləri, reklam və marketinqlə məşğul olan şirkətlər, özəl kino istehsalı və yayımı şirkətləri, özəl kinoteatrlar, suvenir, dəb məhsulları, rəsm əsərlərinin satışı ilə məşğul olan şirkətlər və fərdi sahibkarlar, musiqi istehsalı və yayımı şirkətləri, televeziyalar, foto-studiyalar, kitab mağazaları və digərləri olduğu halda demək ki, bizdə yaradıcı sənayelər var.

Sadəcə bu sənayenin inkişafını təşviq edən, onun iqtisadiyyatda pay sahibi edən mexanizmlər yoxdur. Yəni, burada bütün tərəflər öz ev tapşırıqlarını vaxtında yerinə yetirdikdən sonra bu kimi fikir yürütmələrinə ehtiyac olub-olmadığını müəyyən etməlidirlər. Sözün açığı biz bəzəkli və cəlbedici söz ifadələrindən çox sözün əməli fəaliyyətə, əməli fəaliyyətin isə dəyərə çevrilməsinə daha çox diqqət ayırırıq.

Geniş perspektivdə baxsaq dövlətimizin müvafiq qurumlarının sahə üzrə mətbuatda yayılan fikirləri bizi həm sevindirir, həm də ümidləndirir ki, nəhayət ki, komandamızın da son 3-4 ildə töhfə verdiyi yaradıcı sənayelər sahəsi artıq ölkəmizin iqtisadi prioritetləri sırasında yer alır.

- Son olaraq Federasiyanın bu müddət ərzində gördüyü işlər və gələcək planları barədə nə deyə bilərsiniz?

- Onu deyim ki, biz rəsmi işə bu ilin fevral ayından başlamışıq və bu müddət ərzində dövlət tərəfdaşlarımız – KOBİA, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi ilə birlikdə 23 fevral 2022-ci ildə yaradıcı sənaye təmsilçiləri ilə ictimai müzakirə tədbirini, 26 apreldə Əqli Mülkiyyət Agentliyi ilə “Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar” mövzusunda tədbirini təşkil etmiş, Mədəniyyət, Rəqəmsal İnkişaf və Nəqliyyat, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Əqli Mülkiyyət Agentliyi, KOBİA və Dövlət Turizm Agentliyi, Peşə Agentliyi, ABAD və digər dövlət qurumlarının rəhbər şəxsləri, eləcə də peşəkar təşkilat və şirkətlərin rəhbərləri, habelə British Council və Londonda bir sıra məşhur ekspertlərin iştirakı ilə 30-dan çox görüş keçirmiş və bu müddət ərzində 10-dan çox vacib layihə və proqram hazırlanıb.

Bu layihələr ölkəmizin milli istedad bankının yaradılması, milli yaradıcı-sənət potensialının bütün ölkə üzrə datasının yaradılması, yaradıcı biznes sahəsində fəaliyyət göstərən şirkətlərin reyestr datasının və elektron biznes platformasının formalaşdırılması, yaradıcı sahələrdə yeni sənaye yönümlü müasir tələblərə cavab verən qeyri-hökumət təşkilatlarının yaranmasının dəstəklənməsi, iqtisadiyyat, mədəniyyət, yaradıcılıq, innovasiya, texnologiya, əqli mülkiyyət sahələrini təmsil edən dövlət qurumları və şirkətlərin tərəfdaşlıq platformasının gücləndirilməsi və asanlaşdırılması, regionlarda zəkaya və ənənəvi bacarıqlara söykənən klasterləşmənin təmin edilməsi və yaradıcı mərkəzlərin formalaşdırılması, milli ənənəvi sənətkarlığın dəstəklənməsi, milli yaradıcı potensialın və irsimizin beynəlxalq platformalara çıxışının asanlaşdırılması, yaradıcı sahələrdə müasir dəyişikliklərə uyğun təhsil və təlim proqramlarının formalaşdırılması və s. kimi sahələri əhatə edir. Qeyd edilən istiqamətlərdə “Talents Azerbaijan” (İstedad Azərbaycan), “Heritage Azerbaijan” (İrs Azərbaycan), “Masters of Azerbaijan” (Azərbaycan Sənətkarları), “Kreativ Şuşa”, “ArtSale Azərbaycan”, “CreaTalk” və bir sıra digər layihələr hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri