Okt
2022
17:11
123
26
729
Virtual karabakh

Ekspert: “IGB Balkan və Cənub-Şərqi Avropada qaz qiymətlərinin sabit olması üçün münbit şərait yaradacaq”

1 Okt, 2022
17:11
729

Ekspert: “IGB Balkan və Cənub-Şərqi Avropada qaz qiymətlərinin sabit olması üçün münbit şərait yaradacaq”

Azərbaycan təbii qazını Yunanıstandan Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi əsasən Balkan ölkələrində və eyni zamanda Cənub-Şərqi Avropa ölkələrində təbii qaz qiymətlərinin sabit olması üçün münbit şərait yaradacaq.

Bunu “Report”a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib.

“2020-ci ilin sonundan başlayaraq Cənub Qaz Dəhlizinin Avropa ayağı hesab edilən Trans-Adriatik Boru Kəmərinin (TAP) kommersiya istismarına verilməsindən sonra müşahidələr onu göstərir ki, əsasən Yunanıstan və İtaliyada təbii qaz qiymətlərində elə böyük dalğalanmalar müşahidə edilməyəcək. Azərbaycan dövlətinin də eyni zamanda “Şahdəniz” yatağında bizim xarici tərəfdaşlarımızla, eyni zamanda Avropanın enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq etdiyimiz tranzit ölkələrlə məqsədimiz birdir. Azərbaycan və tərəfdaş şirkətlər Cənub Qaz Dəhlizi vasitəsilə qlobal qaz təchizatı matrisinin iki komponentindən birində daha çox elementə nail olmağı hədəfləyib. Yunanıstanla Bolqarıstan arasında birləşdirici qaz kəmərinin fəaliyyətə başlamasının onu deməyə əsas verir ki, artıq yaxın perspektivdə Azərbaycan təbii qazı Balkan ölkələrinə çıxış əldə edəcək”, - deyə ekspert bildirib.

O qeyd edib ki, təbii qaza olan tələbat birbaşa Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədardır.

“Hazırda qlobal təbii qaz bazarlarında ağırlıq mərkəzinin düşməsi Ukrayna ətrafında baş verən hadisələrə görədir. Bir neçə gün əvvəl həm “Şimal Axını-1”, həm də “Şimal Axını-2” qaz kəmərlərində partlayışın baş verməsi bu kəmərlərin yaxın aylarda fəaliyyət göstərməsinin mümkünsüzlüyünə dəlalət edir.Orta enerji dəhlizinin perspektivi durmadan artır. Orta enerji dəhlizi Cənub Qaz Dəhlizidir və onun imkanlarından da çox geniş istifadə olunacaq”, - deyə ekspert bildirib.

“Azərbaycan və Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanıb. Bu müqavilənin şərtlərinə görə, Aİ Cənub Qaz Dəhlizinin Avropa ayağının genişləndirilməsi və bu sahəyə investisiyaların cəlb edilməsi ilə bağlı öhdəlik götürür. Yaxın gələcəkdə Cənub Qaz Dəhlizinin imkanları daha geniş olacaq", Z.Vəliyev qeyd edib.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Ötən il Azərbaycan, təqribən, 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40% çoxdur. Bu il qaz ixracı 22 milyard kubmetrdən çox olacağı gözlənilir və bunun 11,5 milyard kubmetri Avropa istehlakçılarının payına düşəcək.

Qeyd edək ki, bu gün Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri