24 
May
2023
16:04
46
15
695
Virtual karabakh

IFC: “Azərbaycanı qısa və ortamüddətli prioritetlərdə dəstəkləməyə hazırıq” - MÜSAHİBƏ

24 May, 2023
16:04
695

IFC: “Azərbaycanı qısa və ortamüddətli prioritetlərdə dəstəkləməyə hazırıq” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son bir neçə ildə Azərbaycanda iqtisadi göstəricilərdə ciddi şəkildə artım müşahidə olunur ki, bu da ölkəni xarici və beynəlxalq şirkətlər, eləcə də maliyyə institutları üçün daha cəlbedici edir. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) buna misaldır.

IFC-nin Avropa üzrə regional direktoru Rana Karadşeh “Report”a müsahibəsində korporasiyanın Azərbaycandakı əsas prioritetləri barədə danışıb:

- IFC-nin Azərbaycanda əsas qısa və ortamüddətli prioritetləri hansılardır?

- Son 30 ildə dayanıqlı iqtisadi inkişafla yanaşı, Azərbaycanın prioritetləri də dəyişib və gəlir səviyyəsi ortadan yuxarı olan dövlətlər qrupuna daxil olub. Ölkənin iqtisadi yüksəlişini və rifahını ixrac gəlirlərinin təxminən 90%-ni təşkil edən neft və qaz hasilatının əhəmiyyətli dərəcədə artması ilə əlaqələndirmək olar.

Bütün dünyada neft və qaz ehtiyatları tükənmək üzrədir və bu, yanacağın qiymətlərində dəyişkənliyə səbəb olur. Buna cavab olaraq, Azərbaycanın 2030-cu ilə qədər olan dövr üçün milli inkişaf konsepsiyasında “yaşıl” inkişaf, enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması və qeyri-neft sferasında özəl sektorun imkanlarından istifadə prioritet kimi müəyyən edilib. Qeyri-neft iqtisadiyyatının optimallaşdırılması Azərbaycana istixana qazları emissiyalarını və ölkənin qiymət dəyişkənliyinə həssaslığını azaltmaqla öz fəaliyyətini şaxələndirməyə kömək edəcək.

IFC həm qısa, həm də ortamüddətli prioritetlərdə Azərbaycanı dəstəkləməyə hazırdır. Biz bir neçə sektorda, xüsusən də infrastruktur layihələrində özəl sektorun iştirakının artırılmasında potensial görürük. Maliyyə Korporasiyası, həmçinin, Azərbaycanda “yaşıl” inkişafa, nəqliyyat dəhlizinin inkişafına, eləcə də maliyyə xidmətlərinə çıxışın genişləndirilməsinə və kənd təsərrüfatının inkişaf etdirilməsinə yardım göstərilməsi üzrə yaxşı imkanlara malikdir.

Özəl sektorun iştirakını artırmaq məqsədilə IFC İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə əməkdaşlıq etməklə Azərbaycan hökuməti ilə şirkətlərə qeyri-neft iqtisadiyyatına sərmayə yatırmağa kömək etmək üzərində çalışıb.

Qısamüddətli perspektivdə IFC və Azərbaycan hökuməti kiçik fermerləri qlobal istehsal və satış zəncirlərinə qoşmaqla Azərbaycanda kənd təsərrüfatını maliyyələşdirmək və stimullaşdırmaq məqsədilə fermerlər üçün innovativ maliyyələşdirmə alətlərinin (“crop receipts and warehouse receipts” - yəni məhsul qəbzləri və anbar qəbzləri – red.) tətbiqi üzərində işləyir.

- IFC ilə Azərbaycanın Ələt Azad İqtisadi Zonası (AFEZ) arasındakı yeni əməkdaşlıq haqqında ətraflı məlumat verə bilərsinizmi?

- Azərbaycan özünün qeyri-neft iqtisadiyyatının inkişafına diqqət yetirdiyi üçün AFEZ ilə əməkdaşlığımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəlib. AFEZ-in Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və qlobal nəqliyyat dəhlizlərinin yanındakı strateji coğrafi mövqeyi nəzərə alınmaqla, Ələt regional mərkəz olmaq potensialı ilə ixracyönümlü sənaye zonasına çevriləcək.

AFEZ əlavə dəyər və istehsal fəaliyyətini cəlb etmək və artırmaq üçün nəzərdə tutulub. Müvafiq olaraq, tərəfdaşlıq ölkənin sıfır emissiyaya keçidinə və iqlim dəyişikliyinə davamlılığına töhfə verən layihələrin inkişafında potensial investorları dəstəkləmək imkanlarını araşdırmaq məqsədi daşıyır.

Azərbaycanın qeyri-neft sektorunda imkanlardan istifadə etmək səylərini dəstəkləyən Maliyyə Korporasiyası AFEZ ilə işləməkdə maraqlı olan şirkətlərlə ilkin mərhələdə layihələrin işlənib-hazırlanmasına zəmin yaratmaq üçün AFEZ-in səlahiyyətli qurumu ilə Anlaşma Memorandumu imzalayıb. IFC Avstriya Federal Maliyyə Nazirliyi ilə tərəfdaşlıq və AFEZ-in səlahiyyətli qurumu ilə əməkdaşlıq çərçivəsində, həmçinin, AFEZ icarəçilərinə məsləhət və dəstək verəcək.

- IFC-nin Azərbaycanda bərpa olunan enerjinin inkişafı ilə bağlı mövqeyi necədir? Maliyyə Korporasiyası bu sektorun inkişafına necə dəstək verir?

- Azərbaycanda böyük həcmdə bərpa olunan enerji resurslarının olduğunu nəzərə alsaq, ölkənin dəniz külək enerjisini inkişaf etdirmək imkanları var. Bu, elektrik enerjisi istehsalı üçün qalıq yanacaqlardan asılılığı azaltmağa və dekarbonizasiyanı sürətləndirməyə kömək edəcək, eyni zamanda özəl sektorun bu prosesdə iştirakını asanlaşdıracaq.

Dünya Bankının Enerji Sektorunun İdarə Edilməsinə Yardım Proqramının təhlilinə əsasən, Azərbaycanın dənizdə külək enerjisi üzrə texniki potensialı 157 GVt səviyyəsində qiymətləndirilir. Bu, təxminən 8 GVt olan hazırkı istifadə gücü ilə müqayisədə çox yüksəkdir. Azərbaycan dənizdə külək enerjisini inkişaf etdirmək üçün mövcud infrastruktur, avadanlıq, bilik və işçi qüvvəsindən istifadə edə bilər.

2022-ci ilin iyununda Azərbaycanın Energetika Nazirliyi, Dünya Bankı və IFC dəniz külək enerjisinin inkişafı üzrə yol xəritəsini dərc edib. Buna əsasən, 2040-cı ilə qədər dənizdə 7 GVt gücündə külək enerjisi yaratmaq potensialı var ki, bu da illik 69 min nəfər üçün iş yeri və yeddi milyard ABŞ dollarına qədər ümumi əlavə dəyər yarana biləcəyi deməkdir.

Dənizdə külək enerjisinin optimallaşdırılması Azərbaycana özünü regionda bərpa olunan enerji qovşağı kimi göstərməyə, həmçinin bərpa olunan enerjini qonşularına və daha uzağa - Avropaya ixrac etməyə imkan verəcək. Bu, eyni zamanda, Avropa qitəsinin karbonsuzlaşmasına töhfə verməklə enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına kömək etmək deməkdir.

IFC və Dünya Bankı hazırda dənizdə külək enerjisinin inkişafının təşəbbüskarı olmaq və şirkətləri və özəl investorları ölkəyə cəlb etmək məqsədilə yol xəritəsini həyata keçirmək üçün hökumətlə işləyir.

Hesab edirik ki, IFC səmərəli inkişaf və potensialından istifadə etmək üçün Azərbaycana bu sahədə qlobal təcrübə və ekspert bilikləri təqdim edə bilər.

- IFC Azərbaycanın kiçik və orta biznesinə (KOB) dəstəyini necə artırmağı planlaşdırır?

- Bu il ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi olan, məşğulluğun 45%-ni və əlavə dəyərin 15%-ni təşkil edən Azərbaycanın kiçik və orta biznesinə dəstək məqsədilə “Bank Respublika” ilə 40 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzaladıq. Maliyyələşdirmə paketinin bankın mikro, kiçik və orta sahibkarlığa (MKOS) kredit verməsini artırmağa kömək edəcəyinə ümid edirik.

Bu məbləğin 20 milyon ABŞ dollarını IFC özü təmin edib, qalanı isə Maliyyə Korporasiyası tərəfindən səfərbər olunacaq. Vəsaitlərin təxminən 50%-i qadınlara məxsus MKOS-un kreditləşdirilməsinə yönəldiləcək. Bu layihə IFC Qadın Sahibkarları Maliyyələşdirmə Təşəbbüsü və Qadın Sahibkarlar üçün İmkanlar Fondu tərəfindən dəstəklənir.

Maliyyəyə çıxış haqqında danışarkən qeyd etmək lazımdır ki, inkişaf edən sahələrdən biri də “Fintex”dir. Maliyyə xidmətlərinə çıxışın genişləndirilməsini dəstəkləmək üçün IFC maliyyə xidmətlərinin təqdim edilməsini və istifadəsini təkmilləşdirmək və avtomatlaşdırmaq üçün yeni texnologiyalardan istifadə edir. Ən son birgə layihələrimizdən birində IFC şirkətlərə sürətli, sərfəli və səmərəli xidmətlər göstərməyə kömək etmək üçün Azərbaycan Fintex Assosiasiyası ilə əməkdaşlıq edib.

Kiçik biznesin dəstəklənməsi məsələsinə qayıdaraq qeyd etmək istərdim ki, IFC uzun illər ərzində SECO ilə əməkdaşlıq şəraitində Azərbaycan hökuməti ilə KOB-lar üçün yeni qanunvericilik, eləcə də maliyyə infrastrukturunu gücləndirmək və KOB-ların kreditə çıxış imkanlarını yaxşılaşdırmaq üçün tənzimləyici islahatlar hazırlanması üzərində çalışıb.

IFC, həmçinin, Azərbaycana ilk özəl kredit bürosunun və daşınan girov reyestrinin yaradılması ilə bağlı tövsiyələr verib ki, bu da kiçik biznesə əmtəə-material ehtiyatlarını, avadanlıqlarını və digər aktivlərini girov kimi istifadə etməyə imkan verir. Bu, əlavə borcalanların cəlb edilməsinə kömək edib.

IFC bu yaxınlarda aktivlərə əsaslanan maliyyələşdirmə (ABF) layihəsinə start verib. Məqsəd ABF məhsullarının prudensial tənzimlənməsi üzrə etibarlı hüquqi bazanın dəstəklənməsi, həmçinin milli ABF platformasının yaradılması və maliyyə və bank olmayan maliyyə institutları üçün məhsullar proqramının hazırlanmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri