14 
İyn
2023
15:56
140
17
1142
Virtual karabakh

Sumqayıt-Yalama dəmiryolu yenidən qurulur - FOTO

14 İyn, 2023
15:56
1142

Sumqayıt-Yalama dəmiryolu yenidən qurulur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sumqayıt-Yalama dəmiryolu Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində yenidən qurulur”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsinin müdiri Sənubər Nəzərova deyib.

O bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli tərkib hissəsi olan Sumqayıt-Yalama dəmiryol xəttində yenidənqurma işlərinin 53%-i uğurla tamamlanıb:

“Abşeron yarımadasını respublikanın şimal sərhədi ilə birləşdirən yolun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km təşkil edir.

İkixətli Sumqayıt-Yalama dəmiryolunda yenidənqurma işləri daşımalarla bərabər aparılır. Yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir.

Ümumilikdə yenidənqurma işlərinin 53 faizi artıq tamamlanıb. Bu günədək yolun 200 km-lik hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb, 174 km dəmiryolu ilkin hərəkətə açılıb, 95 körpü, 225 dairəvi suötürücü boru, 13 ədəd heyvan keçidi və yeddi ədəd yerüstü piyada keçidi inşa edilib”.

S.Nəzərova onu da əlavə edib ki, hazırda texnoloji ardıcıllığa uyğun olaraq tikinti-quraşdırma işləri davam etdirilir:

“Yolboyu 13 ədəd yerüstü piyada keçidinin və 32 ədəd eyni səviyyəli dəmiryol keçidinin tikintisi planlaşdırılır. Əsas yaşayış mərkəzlərində yerləşən stansiyalarda inşa ediləcək yerüstü piyada keçidləri fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan liftlərlə təchiz olunur.

Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin və infrastrukturun istismarı xərclərinin azalmasına, təhlükəsizliyin artırılması kimi faydalar gətirəcək. Belə ki, dəmiryol xəttinin bərpası zamanı uzunölçülü relslərdən istifadə edilməsi keyfiyyətli və sürətli yükdaşımaların həyata keçirilməsi, bu əməliyyatların etibarlı və təhlükəsiz şəkildə icra edilməsi Azərbaycanın nəqliyyat-tranzit potensialından daha geniş və səmərəli istifadə edilməsi üçün şərait yaradacaq. Yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb”.

Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi, əsasən, Hindistandan və Fars körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Şimal-Cənub dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma Fars körfəzi və Hind okeanı, Süveyş kanalı, Aralıq dənizi, Baltik dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub dəhlizi ilə bu müddət 20-25 gün çəkir.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri