Avq
2023
13:41
247
237
5079
Virtual karabakh

İmişlidə təməli qoyulan pivəlik arpa emalı zavodu Cənubi Qafqazda ilk müəssisə olacaq-YENİLƏNİB+FOTO/VİDEO

8 Avq, 2023
13:41
5079

İmişlidə təməli qoyulan pivəlik arpa emalı zavodu Cənubi Qafqazda ilk müəssisə olacaq-YENİLƏNİB+FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə pivə istehsalında dəyər zəncirinin yaradılması üçün yeni müəssisə yaradılır.

Qeyri-neft iqtisadiyyatının inkişafı və sənayeləşmə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. 

İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycanda pivə istehsalında dəyər zəncirinin yaradılması üçün avqustun 8-də İmişlidə yeni müəssisənin - pivəlik arpa emalı zavodunun təməli qoyulub.

“Azərsun Holdinq”ə məxsus İmişli Şəkər Zavodunun ərazisində inşa olunacaq müəssisə “Azərşəkər” MMC, “Azərsun Kənd Təsərrüfatı Malları” MMC və Azərbaycan İnvestisiya Şirkətinin birgə investisiyası ilə reallaşdırılacaq. İldə ilkin olaraq 11 min ton, sonrakı mərhələdə 17 min ton pivəlik arpa (malt) emal edəcək zavod Azərbaycanda ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” pivəbişirmə zavodunun, həmçinin ölkəmizdə fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək. İnvestisiya dəyəri 25 milyon manat olacaq müəssisədə 50 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlaması ilə bu məhsul üzrə idxalın qarşısı alınacaq və 10 milyon dollardan çox vəsait ölkəmizdə qalacaq. Zavodda 510 tondan artıq yem əlavəsi əldə olunacaq. Layihə çərçivəsində zavodun xammalının saxlanılması üçün 12 min ton tutumu olan silo kompleksi inşa ediləcək, həmçinin “Azərşəkər” MMC tərəfindən Ağcabədi, İmişli və Füzuli rayonlarının ərazisində səkkiz min hektar ərazidə arpa, şəkər çuğunduru və ərzaqlıq buğda üzrə əkin işləri həyata keçiriləcək. 

Təməlqoyma ilə əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması tədbirlərindən danışıb.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov  kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasının fermerlərimizin fəaliyyətini dəstəkləyən bir addım kimi qiymətləndirib.

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev ölkədə sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitindən danışıb, İsveçrə texnologiyası ilə inşa olunacaq zavodun Cənubi Qafqaz regionunda ilk belə müəssissə olduğunu vurğulayıb. 

“Azərsun Holdinq”in Kənd Təsərrüfatı və emal müəssisələri üzrə baş direktoru Məhəmməd Gözəl qeyd edib ki, yerli emal sənayesinin son məhsullarının xammal bazasının Azərbaycanda yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan “Azərsun Holding” şəkər, yem məhsulları, süd emalı sənayesinin məhsullarını və ən əsası konservləşdirilmiş meyvə tərəvəz məhsullarını istehsal edərkən məhz bu ideyanı əsas tutur. Sadalanan bu məhsulların istehsalı yerli xammala əsaslanan emal sənayesi hesabına ərsəyə gəlir. 

“Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Alius Antulis vurğulayıb ki, arpa emalı zavodunun inşası pivə istehsalında istifadə olunan xammalın lokallaşdırılmasında əhəmiyyətli addımdır. Şirkətin uzunmüddətli strategiyası pivə istehsalında tamamilə yerli xammaldan istifadə etməkdir. 

Qeyd edək ki, 2019-cu ildən “Azərşəkər” MMC “Carlsberg Azərbaycan” şirkəti ilə birgə pivəlik arpanın yerli şəraitdə becərilməsini icra etməkdədir. Bunun üçün “Azərşəkər” və Avropanın pivəlik arpa toxumunun istehsalı üzrə ən qabaqcıl şirkətlərindən olan “SECOBRA Recherches” şirkəti ilə əməkdaşlıq edir. Şirkətin nəzdində olan “AgroLab” kənd təsərrüfatı laboratoriyasının köməyi ilə pivəlik arpa toxumunun istehsalı təşkil edilib. Hazırda pivəlik arpa “Azərşəkər”in Şəmkir, Yevlax və Ağcabədi rayonlarında yerləşən təsərrüfatlarında yetişdirilir. Bütün bu tədbirlərin nəticəsi olaraq artıq üç ildir ki, ölkəmizə pivə istehsalı üçün xam arpa idxal edilmir. Pivəlik xam arpanın yerli istehsalı ixrac imkanları da yaradıb. Belə ki, bu məhsulun “Carlsberg” şirkətinin Qazaxıstan və Rusiyada yerləşən zavodlarının ehtiyacı üçün ixracı planlaşdırılır.

12:31

Bu gün İmişli rayonunda təməli qoyulmuş pivəlik arpa emalı zavodunda İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC 24%, “Azərşəkər” MMC və “Azərsun Holding” MMC isə hər biri 38% paya malik olacaq.

“Report” xəbər verir ki, bunu “Azərşəkər”in İdarə Heyətinin sədri Anar Mehdiyev bildirib.

Onun sözlərinə görə, İsveçrə texnologiyası ilə inşa olunacaq zavod Cənubi Qafqazda ilk belə müəssissə olacaq və dünya standartlarına uyğun məhsul istehsal edəcək.

A.Mehdiyev ixracla bağlı məsələyə də toxunub: “Regionda ən böyük istehlakçı Gürcüstandır. Bu ölkənin pivəyə olan illik tələbatı 25 milyon tondur. Biz Gürcüstan bazarını hədəfləmişik. Bununla yanaşı, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrində də böyük bazar var. Zavod fəaliyyətə başlamamış bizə İraq və Əfqanıstan kimi ölkələrdən də müraciətlər var. Zavod fəaliyyətə başlayandan sonra bütün ixrac imkanlarını nəzərdən keçirəcəyik. Amma yerli bazarın tələbatının ödənilməsi əsas prioritetdir. Zavodun fəaliyyətə başlaması ilə yerli pivənin maya dəyərində bəzi optimallaşdırmalar ola bilər”.

11:32

Bu gün İmişli rayonunda yeni müəssisənin - pivəlik arpa emalı zavodunun təməli qoyulub.

“Report” xəbər verir ki, layihənin məqsədi Azərbaycanda pivə istehsalında dəyər zəncirinin yaradılmasıdır.

Yeni müəssisə İmişli Şəkər Zavodunun ərazisində, İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin iştirakı ilə inşa olunacaq. Burada ilkin mərhələdə illik 11 min ton, sonrakı mərhələdə isə 17 min ton pivəlik arpa (malt) emal ediləcək. Zavod Azərbaycanın pivə istehsalçılarının xammala olan tələbatını tam ödəyəcək.

İnvestisiya dəyəri 25 milyon manat olacaq müəssisədə 50 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlaması ilə pivəlik arpa üzrə idxalın qarşısı alınacaq və 10 milyon dollardan çox vəsait ölkəmizdə qalacaq.

Zavodda, həmçinin, 510 tondan artıq yem əlavəsi əldə olunacaq. Layihə çərçivəsində zavodun xammalının saxlanılması üçün 20 min tondan çox tutumu olan silo kompleksi inşa ediləcək, həmçinin Ağcabədi, İmişli və Füzuli rayonlarının 8 000 hektar ərazisində arpa, şəkər çuğunduru və ərzaqlıq buğda üzrə əkin işləri həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri